Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Xırdalanda darmadağın edilən kafedən reportaj: “Qəsəbəyə ad salıb, avtoritet olmaq istəyirlər” – FOTOLAR

Xırdalanda darmadağın edilən kafedən reportaj: “Qəsəbəyə ad salıb, avtoritet olmaq istəyirlər” – FOTOLAR

Xəbər verildiyi kimi, mayın 27-də Xırdalan şəhərində cinayət hadisəsi baş verib. Abşeron rayonunun inzibati mərkəzi  Xırdalanda 15-20 nəfər şəxs “Kafe park” adlı kafeyə hücum edərək obyekt rəhbərini və ofisiantları döyüb, kafeni darmadağın edərək, hadisə yerindən uzaqlaşıblar. 
Musavat.com-un müxbiri adıçəkilən kafedə olub və hadisənin təfərrüatı ilə maraqlanıb.
Hadisədən sonra kafe 3 gün bağlı qalıb. İyun ayının 1-də fəaliyyətini bərpa edib. Kafedə təmizlik və təmir işləri aparılır. Şüşə qırıntıları və ətrafa səpilmiş əşyalardan yığışdırılır. Müştəri isə, demək olar ki, yoxdur.
Adının çəkilməsini istəməyən kafe sahibi baş verən hadisənin şokunu hələ də adlada bilmədiyini dedi: “Gecə saat 12 tamamda, 3 nəfər şəxs kafeyə daxil oldu və kafenin sahibini soruşdular. Mənə dedilər ki, qızı aparmağa gəlmişik. Bizim kafedə çalışan ofisiant qızı nəzərdə tuturdular. Onlardan qıız niyə və haraya aparmaq istədiklərini soruşdum. Bu zaman məni ağır söyüşlə söydülər. Gələnlərdən biri ofisiant işləyən qızın sevgilisi olduğunu bildirdi və dedi ki, Xırdalanda onu tanımayan adam yoxdur, adını eşidəndə hamı bilir kimdir… Təqribən 25-30 yaşlarında gənclər idi. Həmin an kafedə xeyli müştəri oturmuşdu.  Həmin gənc dedi ki,  bir sözüylə bütün kafeni boşaldar. Özünü sübut etmək üçün kafedəkilərə söyüş söyərək hamısını bayıra çıxardı. Qorxusundan heç kim cavab verə bilmədi. Çünki hamı onu tanıyırdı. Məni aşağıya çağırdılar. Elə bilirdim ki, üç nəfərdirlər. Aşağı düşəndə 15-20 nəfər adam ətrafımı dövrələdilər və məni döyməyə başladılar. Yaxınlıqda mənim tanışım var idi. Gəlib onları sakitləşdirmək istəyəndə onu da kənara çəkib döydülər. Məni isə haradan gəldi, necə gəldi, vururdular. Bir neçəsi bıçaq da çıxarmışdı. Davadan sonra birtəhər kafeyə qalxdıq. Ancaq həm dəstə bizi döyməklə kifayətlənmədi. Aşağıdan bağırırdılar ki, “ düşün aşağı”. Biz qorxduq, qapını açmadıq. Çünki əllərində bıçaq var idi. 5-6 nəfər plastik qapının şüşəsini qırıb, içəri daxil oldular. Bu dəfə kafeni dağıtmağa başladılar. Əllərinə nə gəldi yerə çırpdılar. Sonra “Niva” markalı avtomobilə minib, getdilər…”
Kafe sahibinin sözlərinə görə, yaxınlıqda yaşayan bina sakinləri hadisəni görən kimi polisə zəng edib,  məlumat veriblər: “Hadisə yerinə polis əməkdaşları da gəldi.  Sorğu-sual apardılar. Həmin şəxslərin əlamətlərini soruşdular. İzah edəndən sonra  kim olduqlarını tanıdılar. Məsələnin araşdırılacağını bildirdilər”.
Hadisəni törədən bu qrup haqqında şəhər əhalisindən də məlumatlar aldıq. Xırdalan əhalisi hadisə barədə eşidib. Camaatda qorxu yaranıb. Bir neçə şəxsdən kriminal dəstə haqqında məlumat almağa çalışsaq da, heç kim danışmadı. Nəhayət, qəsəbədə çalışan, adının deməyən taksi sürücüsü cəsarət tapıb, danışdı: “ Həmin gün yadımdadır, hətta kənardan izləyirdim. Yaxınlaşıb, mübahisəni sakitləşdirmək  istədim. Ancaq tanış sifətləri görəndə ayaq saxladım. Bu gənclər Xırdalanda özlərini “avtoritet” kimi tanıtmaq istəyirlər. Bu səbəbdən də, kafelərə girib istənilən kiçik mübahisəni böyüdərək dava salırlar. Kimisə döyüb, ad salmaq istəyirlər. Adlarını da bilirəm. Səhv eləmirəmsə, dəstəyə Kamran və Səftər adlı şəxslər başçılıq edir. Son aylar Xırdalanı kriminal yerə çeviriblər. Əvvəl Xırdalanda yaşayıblar. Bu şəxslərin əvvəllər də məhkumluq həyatı olub. 7 il, 11 il cinayətdən yatıblar. Kamranın qardaşı isə hazırda həbsxanadadır. 2 il cəzası qalıb”.
Digər bir  Xırdalan sakini bu dəstənin başqa cinayət əməlləri də törədiyini dedi: “Şəhərdə yerləşən “WINHOUSE” şərab evində də oxşar  hadisə törədiblər.  Şərab evinə daxil olub, siqaret almaq istəyiblər. Onlara deyiblər ki, “burada siqaret satılmır”. Guya dəstə üzvləri buna əsəbiləşiblər. Şərab evini darmadağın ediblər. Piştaxtaları sındırıblar”.
“WINHOUSE” şərab evinə baş çəkib, hadisənin təfərrüatını soruşduq. Şərab evinin adminstratoru faktı təsdiqləsə də, bunun ciddi bir  hadisə olmadığını dedi: “Həmin şəxslər tanış uşaqlardı. Zarafat edirdik, qəfildən mübahisəyə çevrildi. Sonra öz aramızda həll etdik. Qardaşdırlar…”
Sonuncunun baş verən davanı zarafat kimi təqdim etməsi də artıq, bu dəstənin qəsəbə avtoritetə çevrildiyindən və sakinlərin canına qorxu saldığından xəbər verir.









Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın