Yüksək vəzifədə çalışan şəxslər hər zaman cəmiyyətin diqqət mərkəzində olurlar. Onların fəaliyyətləri, şəxsi həyatları insanları maraqlandırır, daim müzakirə mövzusuna çevrilir. Azvision.az oxucuların bu marağını nəzərə alaraq Azərbaycanda xidmət rəislərinin, komitə və agentlik sədrlərinin hansı ali məktəblərdə təhsil alması barədə araşdırma aparıb.
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildə Bakı
Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1985-ci ildə
namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik
dərəcəsinə layiq görülüb. 2001-ci ilin noyabrında “Azərbaycan Avropa
inteqrasiya sistemində” mövzusunda doktorluq disertasiyası müdafiə
edib. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk
qadındır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft
Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər
institutu, İtaliyanın Genuya Universiteti ilə birgə “Ətraf mühit və neft
sənayesi” ixtisası üzrə birgə magistratura proqramını bitirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri
İnstitutunun aspirantı və elmi işçisi olub. 2010-cu ildə “Neftin ilkin
emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində
radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda
dissertasiya işini müdafiə edib, kimya elmləri üzrə fəlsəfə doktorudur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
1998-ci ildə Türkiyənin EGE Universitetində Beynəlxalq İqtisadi
Əlaqələr fakültəsinin beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə təhsil
alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat
və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə
yiyələnib. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə
bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə
aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev
1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı
ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini
mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov
1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu
fərqlənmə diplomu ilə bitirərək “İqtisadçı” ixtisasına yiyələnib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin Universitetin hüquq fakültəsini bitirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirib. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili alıb. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 2010-cu ildə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin magistr proqramına qəbul olub və 2011-ci ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. 1986-cı ildə SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun
Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə İnstitutu
həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin
Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə
oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə
fəlsəfə doktorudur.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1992-1997-ci illərdə Bakı
Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini
1997-2000-ci illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyası
Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ildə
İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi MehdiyevBakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.