Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Xələc türməsinə qara maskalılar yeridildi

Xələc türməsinə qara maskalılar yeridildi

10-dan çox məhkumu “Tubzon”a köçürdülər
Mayın 13-də Salyanın Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib, 10-dan çox məhkumu qara maskalılar döyə-döyə oradan çıxarıblar. Sonradan bəlli olub ki, məhkumları Bakıya, Binə qəsəbəsindəki Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”) aparıblar.

Məlumata görə, cəzaçəkmə müəssisəsində rəhbərlik dəyişdirilib. Yeni rəisin tətbiq etdiyi sərt qaydalar məhkumlar arasında ciddi narazılığa səbəb olub. Nəticədə müəssisə əməkdaşları ilə məhkumlar arasında mübahisə yaranıb, ciddi narazılıq olub. Məhkumlar elementar haqlarının tapdanmasına son qoyulmasını tələb etsələr də, qoşun yeridilməklə onların narazılığı zorakılıqla dəf edilib. Bundan sonra 10-dan çox məhkum “Tubzon”a köçürülüb.

İslamazeri.az saytı yazır ki, müəssisədən qara maskalı şəxslər tərəfindən naməlum istiqamətə aparılanlar sırasında hicab məhbusları Surac Ağayev və Elimxan Hüseynov da var. “Hadisə baş verməmişdən 3 gün öncə ailələri ilə əlaqə saxlayan hicab məhbusları ağır təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Onların həbsxanada mətbəxə girişinə qadağa qoyulub və həmin müddət ərzində onlara yemək verilməyib. Bundan əlavə, onlar müxtəlif vasitələrlə həbsxanada təzyiqlərlə üzləşiblər” deyə, sayt məhkumların yaxınlarına istinadən məlumat yayıb.

Yada salaq ki, ötən ilin dekabrında 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olmuşdu. Bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilmiş, məhkumlar kütləvi şəkildə döyülmüşdülər. Onlardan 11 nəfəri “Tubzon”a köçürülmüşdü. O vaxt “Yeni Müsavat”a açıqlama verən məhkum İsa Yaqubovun anası Aynur Yaqubova “Tubzon”u Gestapoya bənzətmişdi.
Sitat: “Elşad Babayevin öldürülməsindən sonra onları ”Tubzon”a köçürüblər. Ora işgəncə yeridir. Oranın rəisi Nizami Quliyev uşaqlara işgəncə verdirib. Onların əllərinə 4 qandal vurdurmaqla, 10 gün əli bağlı vəziyyətdə karsda saxlayıblar.

10 gün ərzində tualetə getməklərinə belə şərait yaradılmayıb. Deyiblər ki, saxlandığınız yer elə tualetinizdir. Təsəvvür edin ki, o vəziyyətdə 10 gün uşaqlar qalıb. Üzləri havasız şəraitdə saxlandıqlarına görə şişkindir, rəngləri ağarıb. O qədər vurublar ki, İsanın ağzında dişləri qalmayıb. Belə Allahsızlıq olar? Belə müsəlmançılıq olar? Xocalıda, Şuşada azərbaycanlılara qarşı vəhşilik edən erməni ilə bu adamların arasında nə fərq var? Uşaqlarımızı “Tubzon”a döyməyə aparıblar, onları orada möhkəm döyüblər. Ora işgəncə zonudur. Məhkumun əlinə 4 qandal vurub döydürən Nizami Quliyevdir. Ora gestapodur, bu da gestapo şefidir. Allah onu etdiklərinə görə heç bağışlamasın”.

Məlum olmuşdu ki, vərəm olmayan məhkumları “Tubzon”a köçürüb onları əl-qolları bağlı vəziyyətdə döyüb işgəncələrə məruz qoyur, ağır şəraitdə saxlayırlar. Məhkumların yaxınlarının Azərbaycanda fəaliyyətdə olan Qırmızı Xaç Cəmiyyətinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciətləri də cavabsız qalmışdı.

E.MƏMMƏDƏLİYEV
P.S. Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın