Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Vəfat etmiş şəxsin “radar” cərimələrini “silməyə” BAŞ DYPİ-də pul istəyirlər?

Vəfat etmiş şəxsin “radar” cərimələrini “silməyə” BAŞ DYPİ-də pul istəyirlər?

Zamin Məmmədov: “406-cı otaqda oturan Vüqar Kərimov mənə dedi ki, 750 manat “hörmət” elə, “radar” cərimələrini silim”

Kamran Əliyev: “Vətəndaş məktubla müraciət etsin, 15-30 gün ərzində müraciətinə baxılacaq”

Vəkil Vamiq Şükürov: “Bu, açıq-aşkar rüşvət istəməkdir”

Adətən, kiminsə yaxını rəhmətə gedəndə sırf halallıq naminə onun borclarını ödəməyə, borclu olduğu şəxsləri qismən də olsa razı salmağa çalışırıq. Bəzən, heç tanımadığımız adamlar da “qapımızı kəsdirə” və “rəhmətliyin mənə filan qədər borcu vardı” deyə də bilər. Amma bu və ya digər halda sübut tələb edir, məsələni aydınlaşdırırıq.

Bir də cərimə borcları da var ki, bunu kiminsə sözüylə yox, qanunla müəyyən etmək lazımdır. Lakin bəzən vətəndaşların qanunu bilməməsindən istifadə edən məmurlar olur ki, onlar özlərini dövlətin “şərik”i hesab edərək, vətəndaşlardan qanunla tələb olunmayan şeyləri tələb edirlər.

Bu günlərdə “Qafqaz Xəbər” qəzetinə müraciət edən vətəndaş Zamin Zaman oğlu Məmmədov bildirib ki, o, 2018-ci il yanvarın 8-də vəfat edən dayısı, I qrup əlil Sərdar İsgəndər oğlu Mahmudova məxsus “Opel Vectra” (Qeydiyyat nömrəsi: AB № 940067) markalı minik avtomobilini vərəsəlik hüququ əsasında adına keçirməyə çalışıb, lakin “qeyri-müəyyən” səbəblərdən buna müvəffəq ola bilmir.

“Dayım rəhmətə gedəndən sonra, onun ölüm kağızını əldə edərək, Azərbaycan Respublikası BAŞ DYPİ-yə getdim ki, vərəsəlik hüququ əsasında həmin avtomobili öz adıma keçirim. Həmin idarədə 406-cı otaqda oturan Vüqar Kərimov adlı polis əməkdaşı bildirdi ki, həmin avtomobilin üzərində 2300 manatdan çox cərimə borcu var. Mən eşitmişdim ki, kimsə rəhmətə gedəndən sonra, onun vərəsələri cərimə borclarını ödəmək məsuliyyəti daşımır. Lakin Vüqar Kərimov bildirdi ki, qərarlı, yəni protokolla yazılan 1530 manat həcmində olan cərimə borcları avtomatik silinəcək. “Lakin qərarsız – “radar” cərimələrinin həcmi 1712 manatdır ki, onları sildirmək üçün ərizə yaz və mənə 750 manat “hörmət” elə, sildirim”, – deyə Vüqar Kərimov mənə bildirdi. Mən o qədər pulum olmadığını dedikdə, Vüqar Kərimov başqa yolu olmadığını dedi. Xahiş edirəm, aydınlaşdırasınız. Mən həqiqətənmi hansısa cərimə növünə görə kiməsə pul ödəməliyəm? Əgər dövlətə borcumuz varsa, ödəməliyiksə, onu da bilməyimiz lazımdır”, – deyə Zamin Məmmədov qeyd etdi.

Biz məsələni araşdırmaq üçün BAŞ DYPİ-nin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq.

O bildirdi ki, məhz Vüqar Kərimovla bağlı məsələni şərh edə bilməz, çünki bu məsələni araşdırmaq lazımdır.

“Lakin onu deyə bilərəm ki, hər hansı vətəndaş vəfat etdikdə onun cərimə borcları da silinir. Həmin vətəndaş sadəcə olaraq BAŞ DYPİ-nin rəhbərliyinə məktubla müraciət etsə və həmin məktuba ölüm kağızı, habelə, digər sənədləri əlavə etsə, yetərlidir. Heç onun idarəyə gəlməsinə də ehtiyac yoxdur. Həmin məktuba 15-30 iş günü ərzində baxılıb, lazımi tədbir görüləcək. Vərəsəlik hüququna malik vətəndaş isə hər hansı cərimə borcunu ödəmək məcburiyyətində deyil ”, – deyə Kamran Əliyev Qafqaz Xəbər Agentliyinə açıqlamasında vurğuladı.

Vəkil Vamiq Şükürov da “Qafqaz Xəbər” qəzetinə şərhində təsdiqlədi ki, qanunla vəfat edən şəxsin cərimə borclarının vərəsələr tərəfindən ödənilməsi ilə bağlı mexanizm və ya hər hansı müddəa yoxdur. “Əgər kimsə vətəndaşdan pul istəyirsə, o, öz adından istəyir. Yəni, açıq-aşkar rüşvət istəyir. Vərəsəlik hüququ olan vətəndaş avtomobili adına keçirmək üçün nə mərhumun cərimə borclarının yarısını, nə də hər hansı hissəsini ödəməli deyil”, – deyə Vamiq Şükürov qeyd etdi.

Təəssüf ki, sözügedən Baş DYPİ əməkdaşının mövqeyini öyrənə bilmədik. Lakin ümid edirik ki, Zamin Məmmədovun və bu cür hallarla üzləşən digər vətəndaşların problemləri öz həllini tapacaq.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …