Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Təkrar bələdiyyə seçkisi: Erdoğan İstanbulu necə qaytarmağa cəhd edir? – ARAŞDIRMA

Təkrar bələdiyyə seçkisi: Erdoğan İstanbulu necə qaytarmağa cəhd edir? – ARAŞDIRMA

Türkiyənin Mərkəzi Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. Həmin seçkidə müxalif CHP namizədi Ekrem İmamoğlu qalib gəlmişdi. Yeni seçki 23 iyuna təyin edilib.

MSK nəticələri seçki komissiyalarının bəzi üzvlərinin dövlət məmuru olmaması və bəzi protokollara imza atılmaması arqumentiylə ləğv edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan MSK-nın bu qərarını demokratiyanın möhkəmlənməsinə töhfə kimi qiymətləndirib, İmamoğlu isə mübarizəni davam etdirəcəyini açıqlayıb.

BBC-nin Türkiyə üzrə müxbiri Çağıl Kasapoğluyla birlikdə nəticələrin ləğv olunmasının ölkə üçün hansı məna daşıdığını və müxalif namizədin qələbədən məhrum edilməsinin Erdoğanın siyasi gələcəyinə necə təsir edəcəyini araşdırdıq.

Nə baş verib?

31 martda Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Əyalətlərin çoxunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi koalisiya qalib gəlib.

Amma ölkənin İstanbul, İzmir və paytaxt Ankara kimi böyük şəhərlərində seçkini aparıcı müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri udublar.

Qanun pozuntularına yol verildiyini iddia edən AKP İstanbul seçkilərinin nəticələrindən MSK-ya şikayət ünvanlayıb. Bir ay sonra MSK Ekrem İmamoğlunun bələdiyyə sədri seçilməsiylə bağlı qərarını ləğv edərək 23 iyuna yeni seçki təyin edib.

Nəticələri niyə ləğv etdilər?

Həm AKP nümayəndələrinin, həm də prezident Erdoğanın əsas arqumenti budur ki, seçki komissiyalarında yalnız dövlət məmurlarının təmsilçiliyinə icazə verən qanunun tələbləri pozulub. Araşdırma zamanı məlum olub ki, məntəqlərdəki bəzi komissiya üzvləri dövlət məmuru deyil.

Bu arqumentə əsasən Türkiyə müxalifəti digər seçkilərin də, o cümlədən, Baş nazir postunun ləğvini və Baş nazir səlahiyyətlərinin prezidentə verilməsini nəzərdə tutan 2017-ci il referendumunun nəticələrinin ləğvini də tələb edir.

“Amma, böyük ehtimal, bu baş verməyəcək” – Çağıl Kasapoğlu belə deyir.

Artıq CHP İstanbul Böyük Şəhər Bələdiyyə seçkisinə yenidən Ekrem İmamoğlunun namizədliyini verəcəyini açqılayıb.Dünyanın türk serialları sevgisi: Türkiyə diziləri minlərlə kilometr aralıda niyə bu qədər sevilir?

Erdoğanın böyük ambisiyaları niyə baş tutmaya bilər?

Bu bir dəfə də olmuşdumu?

Belə hadisə ilk dəfədir baş verir. Amma 2015-ci ilin parlament seçkilərində də buna bənzər bir hal yaşanmışdı.

O zaman AKP parlament çoxluğu qazana bilməmişdi. Hakim partiya koalisiya da qurmamışdı. Ona görə də prezident Erdoğan təkrar seçki qərarı vermiş və bu dəfə onun partiyası lazım olan mandat sayına nail olmuşdu.

“Əlbəttə, indikiylə tam da identik vəziyyət deyildi, amma bu gün tez-tez o seçkini xatırladırlar. Tənqidçilər deyirlər ki, 2015-ci ildə AKP bilərəkdən, gücünü və elektoratını yeni seçkilər üçün səfərbər etmək məqsədilə koalisiya qurmamışdı” – Kasapoğlu belə deyir.

İmamoğlunun tərəfdarları
Image captionEkrem İmamoğlunun tərəfdarları mitinqə toplaşıb

İstanbulu bu qədər vacib edən nədir?

İstanbulun iki faktora görə – iqtisadi və siyasi baxımdan ölkəyə təsir etmək imkanı var. Birinci ondan ibarətdir ki, şəhərin büdcəsi 8,8 milyard dollar həcmindədir. Bu, bəzi nazirliklərə, məsələn, səhiyyə və ədliyyə nazirliyinə ayrılan büdcə vəsaitindən çoxdur.

Coğrafi baxımdan İstanbul şəhərdir, amma maliyyələşmə nöqteyi-nəzərindən xüsusi statusa sahibdir və ayrıca götürülmüş bir dövlət kimi fəaliyyət göstərir. Bundan başqa, İstanbul beynəlxalq investisiyalar və böyük biznesmenlər üçün cəlbedicidir. Onlar bu və ya digər namizədə dəstək verməklə onun elektoratının əsasını təşkil edə bilərlər.

Unutmaq olmaz ki, İstanbuldakı 30 böyük şirkət böyük dövlət layihələrinin icrasında, məsələn, yeni aeroportun və ölkənin ən böyük məscidinin tikintisində hakimiyyətlə iş birliyində olub.

Siyasi baxımdansa İstanbul bələdiyyəsinin sədri postu siyasi karyeranın inkişafı üçün əla start nöqtəsidir. Xatırlamaq kifayətdir ki, Erdoğan özü də 1994-1998-ci illərdə bu vəzifədə çalışıb və tez-tez də belə deyib: “İstanbulda qalib gəlmisənsə, deməli, bütün Türkiyədə qalib gəlmisən”.

Bu şəhərdə ölkə əhalisinin, demək olar ki, bütün nümayəndələri təmsil olunur. Orda varlılar da var, kasıblar da; orta sinif də və immiqrantlar da. İstanbul bir növ bütün Türkiyənin demoqrafik mənzərəsini əks etdirir.

İstanbulun bələdiyyə sədri seçilmiş Ekrem İmamoğlu müxalifət partiyasının namizədiydi.

Nə üçün Erdoğan Ankara uğrunda mübarizə aparmır?

Məsələ burasındadır ki, paytaxt bələdiyyəsi uğrunda hakimiyyət müxalifətlə hələ ötən seçkilərdən – 2014-cü ildən mübarizə aparır.

Şəhər əhalisi CHP-nin namizədi Mansur Yavaşa hələ ötən seçkilərdə ciddi dəstək vermişdi. O, AKP-nin namizədi Melik Kökçeyə kiçik səs fərqiylə məğlub olmuş və bildirmişdi ki, əslində, çoxluq ona səs verib.

“Erdoğan o seçkidə öz namizədi üçün mübarizə aparırdı və MSK Melik Gökçeyi qalib elan etdi”, – Kasapoğlu belə deyir.

Builki seçkiləri Yavaş qazandı, həm də kifayət qədər ciddi səs fərqiylə (50%-47%). Prezidentin tərəfdarları bu nəticələrə qarşı çıxa bilmədilər

Baş verənlər Türkiyədəki siyasi situasiya haqqında nə deyir?

Tənqidçilər bildirirlər ki, Türkiyə artıq çoxdan hər şeyi bir nəfərin idarə etdiyi ölkəyə çevrilib. Hakimiyyətdə 20 ildən çox olması və konstitusiyaya edilmiş dəyişikliklər sayəsində Erdoğan hakimiyyətin bütün qollarına təsir edə bilir.

Böyük şəhərlərdə müxalifət namizədlərinin qalib gəlməsi faktı göstərir ki, artıq insanlar bir nəfərin idarəçiliyindən beziblər. Bu, ilk növbədə əhalinin aztəminatlı hissəsinə – daha yaxşı iqtisadi şərtlərə ümid edən insanlara aiddir.

“Erdoğan öz ətrafında yeni orta sinif yaradıb və kasıb təbəqəylə əlaqəsini itirib. Bu adamlar özlərini atılmış hiss edirlər və ilk növbədə, iqtisadi dəyişikliklər istəyirlər. Türkiyədə seçkilər vəziyyətə təsir etmək imkanı verən yeganə vasitədir, ona görə də səsverməyə qatılanların sayı digər ölkələrlə müqayisədə daha çox olur” – Çağıl Kasapoğlu belə deyir.

Seçki nəticələrinin ləğv olunması qərarı Erdoğanın reputasiyasına təsir edir, çünki bütün əvvəlki seçkilərin dürüstlüyünə və şəffaflığına kölgə salır.

Erdoğana güclü rəqib?

İstanbul seçkilərinin nəticələri ortaya yeni, güclü müxalif namizədin çıxmasından xəbər verir. Artıq cəmiyyətdə Ekrem İmamoğlunun prezident seçkilərinə qatılması ideyası yetişməkdədir.

İyun ayında xalq yenə eyni namizədlərə səs verəcək. Hər iki şəxs yenidən təbliğat kampaniyası apara və müttəfiqlərindən dəstək istəyə bilər.

Çağıl Kasapoğlu deyir ki, “Bu gün müxalifət prezidentin hədsiz səlahiyyətlərə sahib olmasını tənqid edir. Amma bir gün bu səlahiyyətlər onun namizədinin əlinə keçərsə, düzgün idarəçilik mühitində həmin şəxs onlardan ölkənin mənfəəti üçün faydalana bilər”.

Unutmaq lazım deyil ki, bir zamanlar Erdoğan da İstanbul bələdiyyəsinin sədri olub və bu ona Türkiyədə siyasi karyeranın ən yüksək pilləsinə qalxmaq imkanı verib.

Ekrem İmamoğlu
Image captionEkrem İmamoğlu apreldə İstanbulda seçkilərin qalibi elan olunmuşdu

Beynəlxalq rəy və Qərblə münasibətlər

İstanbul seçkilərində məğlubiyyət Erdoğanın beynəlxalq imicinə zərbə vurur.

“O, məğlub olmağı sevmir. Məsələ təkcə şəhərə kimin rəhbərlik etməsində deyil, ümumilikdə prezidentə münasibətdədir – o, həmişə qalib gəlməlidir” – Çağıl belə izah edir.

Erdoğan özünü Yaxın Şərqin lideri hesab edir. İstanbulda 60 min nəfərlik məscidin bu yaxınlarda möhtəşəm açılış mərasimini xatırlamaq kifayətdir – Erdoğan onunla əməkdaşlıq etməyə hazır və bundan məmnun olan müsəlman dünyasına belə mesaj göndərir.

Amma o biri tərəfdə Erdoğanın hərəkətlərini tənqid edən Avropa və ABŞ var. Qərblə münasibətlərin pisləşməsi Türkiyə iqtisadiyyatına mənfi təsir edir.

“Erdoğan həmişə Qərbi “iqtisadi sabotaj”da ittiham edir. Bu seçkilər bir mənada onun bütün demokratik qüvvələrə cavabıdır” – Cağıl belə deyir.

Çox güman, İstanbul seçkiləri konkret nəticələr doğurmayacaq. Türkiyənin Avropaya öz təsir vasitəsi – ölkə ərazisində yerləşdirdiyi 3 milyon qaçqın var.

ABŞ-ınsa Türkiyəylə bağlı daha ciddi narahatlıqları mövcuddur, məsələn, rəsmi Ankaranın Rusiyadan aldığı S-400 kompleksləri kimi.

Bu gün NATO üçün ümumi təhlükəsizlik məsələsi daha vacibdir. Ona görə də, Qərb İstanbul seçkiləriylə bağlı, çox güman, rəsmi tənqidlə kifayətlənəcək. (BBC)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …