Çərşənbə , İyun 19 2019
Ana səhifə / Araşdırma / “Sabiq polis əməkdaşı Təyminə xanımı oğurlamağa cəhd göstəribmiş”- Vəkil belə deyir

“Sabiq polis əməkdaşı Təyminə xanımı oğurlamağa cəhd göstəribmiş”- Vəkil belə deyir

İş adamı Barat Abdullayevin məhkəmə prosesi davam edir.

Azinforum.az xəbər verir ki, Ovqat.com-un məlumatına görə, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Barat Abdullayevin həyat yoldaşı Təyminə Şamil qızı Abdullayevaya qarşı qaldırılmış cinayət işinə baxılıb.

Xatırladaq ki, Təyminə Şamil qızı Abdullayeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2. və 315.2-ci maddələri ilə təqsirləndirilir.

Dünənki məhkəmə iclasını hakim Ramella Allahverdiyeva açaraq, təqsirləndirilən şəxs – T. Abdillayeva barəsində qaldırılan işə yenidən baxılacağına dair məhkəmə iştirakçılarına məlumat verib. Daha sonra sözü T. Abdillayevanın müdafiəçisi Janna Bağırovaya verib.

Janna Bağırova müvəkkilinin əslində zərərçəkmiş olduğunu qeyd edərək, onun haqqında irəli sürülən hər 4 maddənin əsassız olduğunu bildirib. Vəkilin fikrincə, bu iş qarşı tərəfin sifariş əsasında həyata keçirdiyi planı olub və bu işin aydınlığa qovuşmasında əlindən gələni əsirgəməyəcək.

Daha sonra hakim Ramella Allahverdiyeva şikayətçi Orxan Babayevi dinləyib.

Orxan Babayev (Ali təhsillidir, keçmiş kiçik əməliyyat müvəkkili olub və hazırda işləmir. Öz dediyinə görə, anasının xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub) qeyd edib ki, Təyminənin yaşadığı ünvana gedib və onu idarəyə çağırıb. T. Abdullayeva isə zor tətbiq edərək əmrə tabe olmayıb, onların sağlamlığına ziyan yetirməklə bütün vəchlə əllərindən qurtulmağa çalışıb. Hətta bu əlbəyaşa “döyüşündə” sabiq polisin portmanı cibindən düşüb. Portmanda isə 100 $ və 700 AZN pul var imiş.

Babayevin bildirdiyinə görə, pormanı daha sonra ona Təyminənin bacısı Rəna xanım qaytarıb. Qaytarıldıqdan sonra isə portmanda 100 $ və 100 AZN qalıbmış. Yəni 600 AZN-i mənimsənilib.

J. Bağırova Orxan Babayeva suallar verərək, düzgün və dolğun cavab verməsini tələb edib. Maraqlıdır ki, zərərçəkmiş Babayev suallara ya bir-biriylə uyğunlaşmayan müxtəlif cavablar verib, ya ümumiyyətlə cavab verməkdən yayınıb. Məsələn, o, ifadəsində əvvəl qeyd edib ki, rəisin əmri əsasında T. Abdullayevanın evi qarşısına gəlib. Janna Bağırovanın sorğu-sualından sonta məlum olub ki, sabiq polis əməkdaşı mülki formada öz rəsmi vəzifəsini yerinə yetirməyə çalışıb. Hətta öz işi əsansında Təyminə xanımın evinin qarşısında pusquda dayanıb, xanımın evə gəlməsini gözləyib. Təyminə xanım evə gələndə isə digər polis əməkdaşı Oktay Məmmədovla (məcburi gətirilmə qərarı icraatının rəhbəri) T. Abdullayevaya yaxşınlaşaraq, heç bir sənəd göstərmədən onlarla bölməyə getməsini istəyib. T. Abdullayeva hansı əsasla gedəcəyini soruşduqda isə polislər qərarın maşında olduğunu deyiblər. Lakin nə T. Abdullayevaya nə də ki, onun yaxınlarına heç bir qərar göstərilməyib. Əksinə, zor tətbiq edərək T. Abdullayevanı güçlə maşına əyləşməyə məcbur ediblər. Bu zaman T. Abdullayevanın etiraz edən yaxınlarına da əhəmiyyət verməyib, əksinə onlara qarşı da zor tətbiq etmişlər.

Arada Barat Abdullayevin nümayəndəsi Ceyhun Müslümov replikalar ataraq, qarşı tərəfin fikirlərini tez-tez kəsib və etirazını bildirib. Hakim Ramella Allahverdiyeva isə B. Abdullayevin nümayəndəsinin tələbini qəbul etməyib və Janna Bağırovanın sual verməyə davam etməsini istəyib.

Zərərçəkmiş sabiq polis əməkdaşıyla Janna Bağırovanın  mükaliməsindən o da aydın olub ki, zorla maşına mindirilən T. Abdullayeva orda özündən gedib, hətta bu zaman belə, xanıma heç bir tibbi yardım göstərilməyib və təcili tibbi yardım çağırılmayıb.

J. Bağırova isə hakimə bildirib ki, 17-ci polis bölməsinin rəisinə rəsmi surətdə yazılı müraciət edib. Müraciətə cavab verən polis rəisi məcburi gətirilmə qərarının icrası barədə heç bir sənəd imzalamadığını bildirib. Həmin sənədi məhkəməyə təqdim edən vəkilin sözlərinə görə, heç bir sanksiya olmadan istənilən adamı bu şəkildə polis idarəsinə aparmaq qeyri-qanunidir və bu insan oğurluğu mənasına gəlir: “Üstəlik, polis əməkdaşlarının mülki formada Təyminə xanımın qarşısına çıxdıqlarını nəzərə alsaq, müvəkkilinin qeyri-qanuni tələbə müqavimət göstərməsinə təbii baxmaq və bu cür metodlarla işləyənlərin özünü hüquqi məsuliyyətə cəlb etmək lazımdır”.

Vəkil həmçinin sabiq polis əməkdaşının niyə işdən çıxarıldığı barədə ciddi informasiyaya malik olduğunu, növbəti məhkəmə prosesində bu faktı faş edəcəyini bildirib.

Məhkəmədən sonra əməkdaşımızla danışan Təyminə Abdullayeva başına gətirilən oyunlarla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyeva və vitse-prezident Mehriban Əliyavaya müracət etdiyini deyib. O, ümidvardır ki, Azərbaycan qadının, üzləşdiyi bu problem onların diqqətindən kənarda qalmayacaq, vəzifə və maddi  imkanlarından faydalanaraq, köməksiz bir anaya zülm edənlər öz layiqli cəzalarını alacaqlar.

Proses mayın 24-də davam edəcək.

Həmçinin oxuyun

Bakıda potensial təhlükəli daha üç bina tikintisi aşkarlandı

Bakıda mənşəyi məlum olmayan, kustar sexlərdə istehsal edildiyi təxmin edilən armaturlardan istifadə etməklə çoxmərtəbəli yaşayış …

Bir cavab yazın