Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Araşdırma / “Pulqıran” dəstə “vosmoy” bazarından yoxa çıxdı

“Pulqıran” dəstə “vosmoy” bazarından yoxa çıxdı

Kriminal aləmin də pis baxdığı dələduzlar haqqında bilmədiklərimiz
Əməkdaşlarımızın Nizami rayonundakı “Vosmoy” (8-ci kilometr bazarı) bazarından hazırladığı videoreportaj rezonans doğurub. Həmin reportajda bazarda bir dəstə dələduzun vətəndaşları iri kupyurlarını xırdalamaq adı ilə aldatdıqları, xırdaladıqları pulların bir hissəsini ələ keçirdikləri məlum olub. Dələduz dəstəsinin illərdir ki, bazarda fəaliyyətdə olduqları, cəzasızlıq mühitində fəaliyyət göstərdikləri də aydın olub.

Qeyd etməliyik ki, dələduz dəstəsinin əməlləri lentə alınmazdan aylar əvvəl “Yeni Müsavat”ın əməkdaşları onların fırıldaqları haqda məlumatlı idi. Lakin dəstənin əməllərini lentə almaq olduqca çətin idi. Çünki bazar rəhbərliyi, o cümlədən ərazinin mühafizəsini təmin edən aidiyyəti şəxslər dələduz dəstəsi ilə əlbir kimi görünürdü. Əməkdaşlarımızın işinə mane olur, çox həssaslıqla yanaşırdılar. Əraziyə maşınla yaxınlaşmaq da olmurdu. Lakin nəhayətdə əməkdaşlarımız dələduz dəstəsinin əməlini videoya alıb təsbit edə bildilər. Həmin şəxslər artıq bazarda yoxdur. Bununla bağlı müxtəlif instansiyalardan rəsmi məlumat almağa çalışdıq. Təəssüf ki, hələ də sorğularımız cavabsızdır. Oxucular bizdən soruşur ki, kasıb təbəqənin – təqaüdçünün, müəllimin son manatına göz dikən bu cür şəxslər kriminal aləmin özündə necə qarşılanır?

Ənənəvi olmayan bu mövzu ilə bağlı kriminal kastanın strukturuna, “iş” prinsiplərinə bələd olan bir şəxsə müraciət etdik. O bildirdi ki, belə əməlləri törədənlər kriminal kastada olduqca neqativ qarşılanır: “Onları sıralarından silmirlər. Kasıb ”auditoriyaya” “işləyən” bu zümrə kriminal aləmdə, cəza evlərində ən aşağı statuslu arestantlar kimi qəbul olunurlar. “Moşennik”lər, cibgirlər kriminal kastanın ən aşağı zənciri hesab edilirlər. Kriminal kastanın prinsiplərinə görə, zəngindən oğurlamaq cinayətkara yaraşan sifətdir. Kasıbdan, təqaüdçüdən, əhalinin sosial baxımdan təminatsız zümrəsindən oğurlamaq, onları möhtac qoymaq cinayətkar üçün ən son addımdır. Bu baxımdan bazarda pul fırladanlara cəmiyyətin kriminaldan uzaq kəsimi ilə kriminal kasta üzvlərinin mövqeyi üst-üstə düşür. Onlara cəza evlərində münasibət neqativdir”.

Həmsöhbətimiz deyir ki, bu zümrədən olanlar “içəri” düşəndə də fəaliyyətlərini davam etdirdiklərindən cəza evlərində onlara münasibət pisdir: “Zon”da bütün növ cinayətkarlıq dayandırılır. Yəni “içəri”də “işləmək” qəbul edilməyən əməllər hesab olunur. Amma dələduzlar öz “işlərini” davam etdirirlər. Məsələn, hansısa məhkuma cəzasını azaldacağını vəd edib ondan pul alıb aldadırlar”.

Ekspert “içəri”də ev oğrularına münasibətin “moşennik”lərdən fərqli olduğunu qeyd edib: “Kriminal aləmdə ev oğruları bunlardan daha üstün zümrə hesab edilir. Xüsusilə zənginlərin evlərini ”təmizləyən” oğrulara münasibət fərqlidir. Bu şərtlə ki, ev oğrusu evdə kimsənin olmadığını müəyyən edib ora baş çəkmiş olsun. Oradan daha böyük xəzinə ilə aradan çıxsın. Kasıbın evinə girib son qəpiyini oğurlayanlara isə “moşenniklərə” olan münasibət bəslənir”.
Ümid və arzu edirik ki, hüquq-mühafizə orqanları, xüsusilə 8-ci kilometr bazarının mühafizəsini təşkil edən polis orqanları bu cinayətkar dəstənin ləğv olunması məqsədi ilə addımlar atacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın