Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Naxçıvandan Bakıya gələnlər niyə karantinə salınır?

Naxçıvandan Bakıya gələnlər niyə karantinə salınır?

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva virtualaz.org-a açıqlamasında Naxçıvandan Bakıya gələnlər üçün azı 14 günlük xüsusi karantin müddətinin təyin olunduğunu təsdiqləyib. “Bildiyiniz kimi hazırda ölkədə qüvvədə olan xüsusi karantin rejiminin tələblərinə əsasən rayonlardan Bakıya gediş-gəliş ancaq xüsusi icazə ilə mümkündür. Naxçıvandan gələnlər üçün isə, bəli, karantin müddəti nəzərdə tutulub”,-o bildirib.

Bəs eyni məntiqlə hərəkət etsək Gəncədən Bakıya (lap xüsusi icazə ilə də olsa) gələnlər üçün niyə belə karantin müddəti yoxdur? TƏBİB rəsmisi bu suala “Gəncədən Bakıya gələn yoxdur, ona görə” deyə cavab verib.

***

Azərbaycanda xüsusi karantin rejimi xeyli yumşalma ilə mayın 31-nədək uzadılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkənin sərhədləri həmin müddətə qədər bağlı olacaq. Xarici ölkələrdən gətirilən vətəndaşlar isə əvvəlki kimi 14-21 günlük karantində saxlanıldıqdan sonra evlərinə buraxılırlar.

Lakin virtualaz.org-a daxil olan məlumata görə nəinki xarici ölkələrdən gətirilən vətəndaşlar, eləcə də Naxçıvan muxtar respublikasından Bakıya gələn ölkə vətəndaşları karantində saxlanılır. Bu haqda saytımıza Naxçıvan sakinləri deyiblər. Onların bildirdiyinə görə, Bakıdan Naxçıvana gedənlər üçün karantin tələbi qoyulmayıb, amma nədənsə Naxçıvandan Bakıya gələnlər üçün 14 günlük karantin müddətini keçmək tələbi var. Nəticədə son bir ayda Naxçıvandan gələnlər iki həftə karantində saxlanılırlar. Bu isə insanların əlavə çətinliklər və sıxıntılarla qarşılaşmasına gətirib çıxarır.

Sakinlər bu qərarın məntiqini anlamaqda çətinlik çəkdiklərini deyirlər, çünki Naxçıvan da Azərbaycanın koronavirusun yayıldığı bölgələrindən biridir və məntiqlə digər bölgələrdən, məsələn, Lənkəran və Gəncədən Bakıya gələnlər üçün də 14 günlük karantin müddəti qoyulmalı idi. Hansı ki, heç bir ölkə koronavirusa görə bir bölgədən digər bölgəyə gedənlər üçün karantin müddəti tətbiq etməyib.

Qeyd edək ki, Bakıda əslində xüsusi karantin rejimi son günlər xeyli liberallaşıb və ara-sıra polis postları istisna olmaqla insanların sərbəst hərəkəti üçün demək olar maneə yoxdur.

Məsələ ilə bağlı yaxın saatlarda Operativ Qərargahın mövqeyini öyrənməyə çalışacağıq.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …