Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / MTN generalının terrorçuya çevirdiyi mütəxəssisin acı hekayəti

MTN generalının terrorçuya çevirdiyi mütəxəssisin acı hekayəti

Vüqar Padarovun dəstəsi ilə ittiham olunan Nəriman Abbasoğlunu necə terrorçu dəstəyə “üzv ediblər”…
Sabah Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılmasının 2 ayı tamamlanır. Bu ərəfədə redaksiyamıza Bakı sakini Nəzakət Əsgərova müraciət edərək bacısı oğlunun qanunsuz həbsinin, sonradan isə məhkum olunmasının təfərrüatlarını danışıb.

Qəfil həbs…

6 aprel 2012-ci il. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 11. Səhər saat 05. Qara maskalılar 11 saylı binadakı 443-cü mənzilə hücum edir. Səs-küyə yuxudan oyanıb bloka çıxan qonşular maskalılarla üzləşir. Onlara “MTN əməliyyat keçirir, evlərinizə qayıdın” əmri verilir. Az sonra qonşular əli qandallanmış ev sahibi Nəriman Abbasoğlunun qara maskalıların əhatəsində binadan çıxarıldığının şahidi olurlar. Sonrakı günlərdə onun yaxınlarından öyrənirlər ki, N.Abbasoğluna terrorçuluğa hazırlıq, qanunsuz silah saxlama və qanunsuz silahlı dəstə üzvü olma ittihamı verilib.

Terrorçu dəstəyə pərçimlənən “Hi-End” kateqoriyalı audiotexnika üzrə yeganə mütəxəssis

Nəzakət Əsgərova deyir: “Nəriman 3 bacının yeganə övladıdır. Texniki Universitetin ”Radiotexnika” fakültəsini bitirib və xüsusi akustik tərzi ilə fərqlənən səsgücləndirici qurğular yığmaqla, paritet qramofonları yeniləməklə məşğul olub. 2007-ci ildə “Üns” Yaradıcılıq Səhnəsində və həmin səhnənin nəzdindəki “Your Style” şirkətinə işləməyə başladı. Nəriman Azərbaycanda “Hi-End” kateqoriyalı audiotexnika üzrə yeganə mütəxəssisdir. O, ölkə rəhbərliyinin iştirak etdiyi tədbirlərin audio-akustika məsələlərini təşkil edirdi. Biz Nərimanın həbsindən sonra bildik ki, 2011-ci ildən MTN-in Antiterror Mərkəzi (ATM) onun və iş yoldaşlarının başına oyunlar açıblar. İş o yerə çatıb ki, şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti oranı tərk etmək məcburiyyətində qalıblar”.

N.Əsgərova deyir ki, bacısı oğlunun inadkarlığı onun şərlənərək həbs edilməsi ilə sonuclanıb: “Nəriman ”Üns”də audio-akustika məsələləri ilə yanaşı həm də proqram təminatçısı idi. Biz Nərimanın həbsindən sonra bildik ki, ATM-dən olanlar ondan teatrın daxili internet şəbəkəsinə girmək üçün şərait yaratmasını tələb ediblər. Lakin Nəriman buna razı olmayıb. Onların daxili şəbəkəyə girmək niyyətlərinin olduğunu biləndən sonra isə şəbəkənin təhlükəsizliyini təmin etmək üçün kodunu tez-tez dəyişib”.

N.Əsgərova deyir ki, bacısı oğlunun həbsi əməliyyatına ATM-in sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib: “Bu adamlar Nərimanı özlərinə tabe etdirmək üçün ona çoxlu problemlər yaradıblar. ”Üns”də əməliyyat keçiririk” adı ilə Nərimandan teatra dəvətnamələr alıblar. Guya teatra hansısa təhdid var və bunlar ora gəlib həmin mümkün təhdidin qarşısını alacaqlar. Əvəzində isə həmin dəvətnamələrlə teatra öz qohum-əqrəbaları, dost-tanışlarını göndəriblər. 1 ilə yaxın Nərimanla teatr rəhbərliyini bu qaydada üz-üzə qoymağa çalışıblar. Onu və digər vicdanlı işçiləri gözdən salmaq üçün addımlar atıblar. 2012-ci il martın 3-də Səbayel rayonunda işıqlar sönüb. Həmin vaxt ATM-dən teatra nümayəndələr gəlib və yenidən dəvətnamə tələb ediblər. Lakin işıqlar söndüyündən, bilet satışı isə elektron qaydada aparıldığından onlara dəvətnamə verilməyib. Həmin gün Nəriman evə gəldi, çox əsəbi idi. Dedi ki, daha dözə bilmədim, onları söymüşəm. Bu söhbətdən təxminən 1 ay sonra – aprelin 6-da Nərimanı qondarma ittihamla həbs etdilər”.

Vüqar Padarovun dəstəsində olanlar Nərimana “kafir” deyirdilər

N.Abbasoğlunun yaxınları sonradan biliblər ki, onu 2012-ci il “Eurovision” mahnı yarışması öncəsi zərərsizləşdirilən Vüqar Padarovun dəstəsinin üzvü kimi həbs ediblər: “Nəriman bütün gününü teatrda, vaxtı olanda isə dost-tanışı ilə məclislərdə, diskotekada keçirir, yay istirahəti zamanı kurortlara gedirdi. Yəni onun dini təmayüllü hər hansı bir dəstəyə üzv olması fantastika idi. Məhkəmə zamanı Vüqar Padarovun dəstəsində olanlar Nərimana ”kafir” deyirdilər. Onlar hakimə yazılı şəkildə müraciət etmişdilər ki, bu adamın bizim dəstəyə aidiyyəti yoxdur. Nərimanın həbsindən sonra ilk dindirilmə “Üns” teatrı və “Your Style” şirkəti ətrafında aparılıb. Orada müstəntiq Nərimana deyib ki, “biz sənin cinayət etmədiyini bilirik, ancaq Antiterror Mərkəzinin rəisi Elçin Quliyev tələb edir ki, bu sursatı sənin boynuna qoyaq. Onu da bil ki, burada sınmayan adam olmayıb, istəsək boynuna terrorçuluğu da götürərsən”.

“Silah-sursatı boynuna götür, Elmir Nurəliyevə dərs keçdiyini də boynuna al”

Həmin gün MTN-in 1-ci mərtəbəsində Nəriman təhqir olunub, ona qarşı fiziki zor işlədilib. Məhkəməyə aparılan zaman Nərimanın bədənində döyülmə izləri olub. Ona məcburi surətdə təhkim olunmuş 3 saylı hüquq məsləhətxanasının vəkili Xədicə Şirinova Nərimana qeyri-qanuni əməkdaşlıq təklif edib. Deyib ki, “silah-sursatı boynuna götür, Elmir Nurəliyevə dərs keçdiyini də boynuna al. Bu halda sənə 6-7 il verilə bilər. Əks təqdirdə sənin cəzan 10 və daha çox illərə hesablanacaq”. Nəriman isə təklifi rədd edib. Xədicə Şirinova dindirmələrdə, ifadə vermə və prosedurlarda iştirak etməyib, protokolları sonradan imzalayıb”.

N.Əsgərova deyir ki, Nərimanı işgəncə verməklə şikəst ediblər: “1 il davam edən istintaq ərzində Nərimanın qabırğaları, diz qapağı sındırılıb, onurğa sütununda problemlər yaranıb. Ona mütəmadi olaraq elektroşok tətbiq edilib. Bütün bədən üzvlərində, əsasən beyin nahiyəsində elektroşokun təsirindən yaranmış çoxsaylı izlər var. MTN İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Samir Əliyev cinayət işinin cildlərinin birində qırmızı qələmlə çəkilmiş imzanı göstərib söyləmişdi: ”Biz istintaq qrupu iclaslarda sənə görə çox döyüşüb-sözləşdik. Sübutsuz, motivsiz, adsız cinayəti sənin şəxsiyyətinə uyğunlaşdırmaq bizim insafımıza ziddir. Antiterror Mərkəzinin rəisi bizdən güclü çıxdı. Bağışla, bizi qınama. Kişinin başına iş gələr”.

İttiham aktının N.Abbasoğluna aid olan hissəsində çox sayda təhrif olunmuş məqamlar var. Müstəntiqin N. Abbasoğlunun məsafədən idarə olunan qurğularla işləmək bacarığına malik olması və bu sahə ilə maraqlanan şəxsə məsləhətlər verməsi ilə bağlı şübhələri sübut edilməyib. Buna baxmayaraq, MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımov güman və şübhələrinə əsaslanaraq N.Abbasoğlunu təqsirli hesab edib. İstintaqın N. Abbasoğluna aid olan hissəsinin bu cür “çiy” halda tamamlanması ittiham aktının gələcəkdə heç vaxt araşdırılmayacağına hesablanmış addım idi.

Qeyd edək ki, N.Abbasoğlunun yaxınları prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib.

Onlar məhkəmə hökmünün Nəriman Abbasoğluna aid olan hissəsi dəyişdirilməsini, ona bəraət verilməsini istəyirlər.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın