Ana səhifə / Araşdırma / Misir Fironu ilə Nikita Xruşşovu birləşdirən amil nə idi? – Araşdırma

Misir Fironu ilə Nikita Xruşşovu birləşdirən amil nə idi? – Araşdırma

Fransız dilindən keçən “manipulyasiya” sözünün ilkin mənası əslində çox məsumdur. Bu söz ilkin olaraq bir əşya və ya aləti əldə diqqətli bir şəkildə tutmaq, bir əşyanı mahir bir şəkildə işlətmək mənasına gəlir. Ancaq vaxt ötdükcə insanlar başqa insanları bir əşya kimi “işlətmək”, “barmağında oynatmaq” arzusuna düşəcək, beləcə, bu əl əməyindən, göz nurundan bəhs edən söz də öz məsumluğunu yavaş-yavaş itirəcəkdi.
Günümüzdə isə manipulyasiya sözü o qədər növlərə, şaxələrə ayrılıb ki, gəl görəsən… Manipulyasiyanın satış zamanı müştərinin razı salınmasında, insanların idarə edilməsində, həmçinin, mətbuatda və s. işlədilən 30-dan çox növü var. Bu növlərin işlədilmə yerinə görə insanlara zərəri, ya da faydası toxuna bilər. Hətta bu haqda yazılan onlarla məqalə və kitab da var. Həmçinin, bu söz yeni olsa da, ifadə etdiyi mənanın çox qədimlərə gedib çıxdığını görürük.
Bu yazıda Quranda keçən Fironun və yaxın keçmişdə Nikita Xruşşovun oxşar manipulyasiya metodlarından bəhs etməyə çalışacağıq. Onu da qeyd edək ki, Firon və onun kimilərin insanları “barmağında oynatmaq”, öz mənafeyinə uyğun idarə etmək üçün bir sıra manipulyasiya metodları icad etmələrini Quran ayələri ifşa etmiş, onların bu “ağıl oyunları” peyğəmbərin və inananların nəzərindən qaçmamışdır.

Görəsən, miladdan əvvəl 2400-cü illərdə qədim Misirdə yaşamış Fironun bu ağıl oyunlarını təkrarlayacaq, belə bir manipulyasiyaya əl atacaq başqaları da ortaya çıxacaqdımı? Yaxın və uzaq tarixə bir də bu gözlə baxanda eyni ağıl oyunlarına əl atanların varlığına şahidlik edirik… Aradan min illər keçəcək, bu dəfə eyni sözləri Sov.İKP MK Baş katibi olmuş (1953-1964-cü illər) Nikita Xruşşovun dilindən eşidəcəkdik.
Gəlin, əvvəlcə o günkü Misirə nəzər salaq… Sonra yenidən Nikita Xruşşovun dediklərinə qayıdaq…
Həzrət Musadan (ə.s.) əvvəl Həzrət Yusif (ə.s.) Peyğəmbərin Misirdə tövhid inancı ilə bağlı bir məşəl yandırması, ölkədə geniş islahatlar apararaq xalqa rifah və hüzur yaşatması unudulmamışdı. Digər tərəfdən, Firona ən yaxın olan və məgərsə, illərdir imanını gizli saxlayan kəslərin indi ortaya çıxaraq Həzrət Musanın (ə.s.) yanında yer alması, Firona və xalqa haqq naminə məsləhətlər verməsi, əsasən də, Fironun sarayında böyüyən Musanın peyğəmbərliyini elan etməsi bir anda ölkədə gündəmi dəyişdirmişdi. Bu vəziyyət təbii ki, Fironun xoşuna gələ bilməzdi.
Həzrət Musanın (ə.s.) varlığını ortadan qaldıra bilməyən Firon əlacsız qalmışdı. Həzrət Musanın (ə.s.) Allahın (c.c.) qüdrətinin üstünlüyündən və onun hökmündən danışması Fironu dəhşətli dərəcədə sarsıtmışdı. Vəziri Haman kərpicdən Firona qüllə tikəcək və o da Musanın Rəbbini göylərdə axtaracaqdı. Həmin qüllədən heç bir şey görməyəndə isə Musanın yalançı bir sehrbaz olduğunu sübut edəcəkdi. Fironun bu “özünəməxsus planının” altında fərqli hiylələr var idi. Firona görə, əgər göydə bir tanrı var idisə, onu hündür qüllədən də görmək olardı. Beləliklə, Firon o günkü Misir cəmiyyətindəki həqiqəti axtarma meyillərinin üstünü örtmək və hadisələri öz istədiyi məcraya yönəltmək istəyirdi. O, vəziri Hamana belə demişdi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, …Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!..” (Mumin, 40/36-37). Digər bir ayə isə belədir: “Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!” (Qəsəs, 28/38).

Firon həqiqəti öyrənməkdə və Musanın ilahını tapmaqda qərarlı görünsə də, əslində, bu işdə o qədər də maraqlı deyildi. Göydə bir ulduz axtarırmışcasına Allahı (c.c.) axtarmağa çalışmaq, əslində, Onu (c.c.) axtarmaq yolu deyildi. Bunun bir nəticə verməyəcəyini yəqin ki, Firon özü də yaxşı bilirdi. Firon belə etməklə əslində, hadisələrin ipini yenidən öz əlində cəmləşdirmək istəyirdi. Beləcə, o, Həzrət Musanı yalançı çıxarmağa çalışırdı. Əslində isə o, günümüzün ifadəsi ilə materialist bir düşüncəyə sahib idi. O, Həzrət Musanın (ə.s.) bəhs etdiyi mənada bir Allahın (c.c.) varlığına inanmamaqla yanaşı, guya bunu bir təcrübə ilə də sübut edəcəkdi: “Bəli, gözünüzün qarşısında ucalan bu yüksək qülləyə çıxdım, ancaq Musanın bəhs etdiyi o ilahı görə bilmədim”, deyəcək və Musanı yalançı elan edəcəkdi. Ya da: “Əlimizdə bu qədər imkan olduğu halda biz səmaya çıxa bilmirik. Musa necə səmaya çıxıb Rəbbindən bizə xəbər gətirdi?” deyəcəkdi. Bütün bunlar insanları çaşdırmaq, vəziyyəti öz xeyrinə dəyişmək, bir sözlə, manipulyasiya etmək cəhdləri idi. Bu məkrli planda əsas niyyət xalqı yenidən öz ətrafına yığmaq idi. Firon Allahın (c.c.) varlığı kimi insan oğlunun ən böyük axtarışı qarşısında manipulyasiyaya əl atır, həqiqətin açıq-aşkar görünməsində bir pərdə rolunu oynayırdı.

İndi isə gəlin, qədim Misirdə yaşanmış hadisələrin yaxın keçmişdəki təkrarına nəzər salaq… Sovet lideri Nikita Xruşşov din əleyhinə təbliğatla bağlı partiyanın plenumunda: “Niyə Allahdan yapışırsınız? Burada Qaqarin kosmosa uçdu, amma Allahı görmədi” ifadələrini səsləndirmiş, sonra bütün partiya və komsomol (gənc kommunistlər) təşkilatlarının qarşısında məhz bu təbliğatı aparmaq vəzifəsi qoymuşdu. Bəlkə də, bu təbliğatın nəticəsi idi ki, zaman keçdikcə N. Xruşşovun bu sözləri bilərəkdən o dövrün sevimlisinə çevrilən Yuri Qaqarinə aid edilməyə başladı. Düzdür, Yuri Qaqarini tanıyanlar sonralar onun belə bir söz deyə biləcək insan olmadığını etiraf edəcəkdi, ancaq görünür, sovet təbliğat maşını qarşısında Y. Qaqarin buna etiraz edə biləcək gücdə deyildi.
27 yaşlı sovet kosmonavtı Yuri Qaqarin 1961-ci ildə kosmosa uçan ilk insan kimi nəinki Sovet İttifaqında, hətta bütün dünyada şöhrət qazanmışdı. Və onun ağzından çıxan belə bir ifadə təbii ki, çox böyük əhəmiyyət kəsb edəcəkdi. Nəticədə, rəsmi sovet ateist təbliğat maşını həmin sözləri Qaqarinin dediyini elan etdi: “Mən kosmosa çıxdım, amma Allahı görmədim”. Sovet İttifaqında kosmos uçuşları din əleyhinə təbliğatda fəal şəkildə istifadə olunurdu. Hətta Kremlin o zaman hazırladığı təbliğat posterində “Tanrı yoxdur” şüarı kosmosda üzən kosmonavtın təsviri ilə birgə çap edilmişdi.

Əslində, göydə və yerdə gördüyümüz hər şey bizə Allahın (c.c.) varlığını göstərir. Yetər ki, biz onu görmək istəyək… Bir sözlə, Allahı (c.c.) Onun sənətinə baxaraq anlamaq üçün yerlə göy arasında elə bir fərq yoxdur. Odur ki, Allahı (c.c.) tapmaq üçün uzaqlara getməyə, bir qüllə tikib üzərinə çıxmağa, yaxud məhz bunun üçün kosmik gəmiyə minib fəzaya uçmağa ehtiyac yoxdur. Əks halda, qüllə tikməkdənsə, hündür bir dağa çıxmaq da kifayət edərdi. Həm Firon, həm də onun müasiri Xruşşov bu məsələyə ciddi olduqları üçün deyil, xalqı aldatmaq və hiylə işlətmək üçün əl atmışdılar. Beləcə, onlar “tutarlı” bir təcrübə aparacaq və Uca Yaradanın (c.c.) yoxluğu haqqında insanların qəlbinə şübhə toxumları səpəcəkdilər. Həm Fironun qüllə tikdirmək planlarına, həm də Sovet təbliğat maşının bu ağıl oyunlarına Nəcib Fazıl Kısakürək “Fəza Pilotu” adlı şeirində münasibət bildirmiş və belə cavab vermişdi:

“…Allaha dil çıkarır gibi küstah bir yarış…
Farkında değilsin ki, Ay dünyaya bir karış
Fezada milyarlarca ışık, yol, mesafe;
Seninki, saniyelik zafer, ilmi hurafe!
Kavanozda, kendini deryada sanan balık;
Ne acı vahşet, mağrur ilimdeki kabalık”…
Yaşanan bu hadisələri Sovet blokundan kənarda müşahidə edən pakistanlı mütəfəkkir və alim Məvdudi isə qələmə aldığı “Təfhimul-Quran” adlı təfsir əsərində bununla bağlı ayəni təfsir edərkən belə demişdi: “Bu düşüncə tərzi bu gün rus kommunistlərinin nümayiş etdirdiyi düşüncə tərzi ilə eyni idi. “Sputnik” və “Luna” proqramları ilə fəzaya kosmik gəmilər göndərdilər, sonra da dünyaya bu kosmik gəmilərin (haşa) Allahı görmədiyini elan etdilər. Qədim Misirdəki bu düşüncə tərzi sanki min illər keçmiş və yenidən özünü burada göstərmişdi. Firon da bir qüllə tikərək oradan Allahı görmək istəyirdi. Bu da onu göstərir ki, insanların dəlalətdəki sərhədləri 3500 ildir bir qarış belə artmayıb və elə olduğu yerdə də qalıb. Onlar yerdən bir neçə min kilometr uzağa getməklə Allahı görmürlərsə, bu, onun guya heç yerdə olmadığının sübut edir.
Quranda Fironun həqiqətən belə bir qüllə tikdirməsi və üzərində Allahı görməyə çalışıb-çalışmaması ilə bağlı məlumat verilmir. Ancaq aydındır ki, Firon bu axmaqlığı etməyib. Sadəcə olaraq, insanları aldatmaq niyyəti ilə: “Ey Haman! Mənim üçün bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim” (Qəsəs, 28/38), deyib. Fironun, həqiqətən də, aləmlərin Rəbbi olan Uca Allahı (c.c.) inkar etdiyi, yoxsa inadkarlıqdan belə küfr dili ilə danışdığı da məlum deyil. Bu nöqteyi-nəzərdən onun sözləri rus kommunistinin cümlələrində asanlıqla tapa biləcəyiniz eyni qarışıqlığa uyğun gəlir. Əslində, Firon bəzən səmaya qalxaraq insanlara Həzrət Musanın öz tanrısını heç yerdə görmədiyini söyləmək üçün geri qayıtmaq istəyir və bəzən də belə deyir: “(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!” (Zuxruf, 43/53). Bu sözlər Sovet lideri Xruşşovun dediklərindən çox da fərqlənmir. Bəzən Allahı inkar edər, bəzən Ona yalvarar, bəzən də Onun adına and içərdi”.

Nəticə olaraq deyək ki, bunlar yaxın və ya uzaq keçmişdə yaşanmış hadisələrdir. Uzun zaman əvvəl baş verdiyi üçün biz bu gün bu məsələlərdə ağla qaranı ayırd edə bilirik. Fironun tikdirdiyi qüllə, ya da Sovet təbliğat maşınının yeritdiyi siyasət, onların manipulyasiyaları bizim üçün indi bir imtahan deyil. Ancaq bizim imtahanımız günümüzdəki hadisələr, günümüzdəki manipulyasiyalardır. Bu və ya digər manipulyasiyaların qurbanına çevrilməmək isə yəqin ki, yuxarıdakı ayələrdən alacağımız dərslərdən (və ya ibrətlərdən) asılı olacaq.

Fraza jurnalı

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …