Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Lüzumlu-lüzumsuz “çek-ap”lar – kardioloq şərhi

Lüzumlu-lüzumsuz “çek-ap”lar – kardioloq şərhi

Bu yaxınlarda ABŞ prezidentinin həkimi “çek- ap” müayinələrindən sonra prezidentin sağlamlığının “mükəmməl” olduğunu bəyan etdi. “Çek-ap” müayinələri ABŞ-da populyardır. Belə müayinələrin məqsədi xəstəliklərə erkən mərhələdə diaqnoz qoyub, vaxtında tədbir görməkdir. 

“Check-up” ilk dəfə 1860-cı illərdə İngiltərədə meydana gəlib. O vaxt sığorta şirkətləri “çek-ap” müayinələrinə maraqla yanaşıb və tətbiq etməyə başlayıblar. Məqsəd heç də işcilərin xəstəliklərini erkən mərhələdə aşkar edib müalicə etmək, “həyatı xilas etmək” olmayıb. Sığorta şirkətlərinin məqsədi xəstə işçiləri erkən mərhələdə tanıyıb gələcəkdə onların sığorta şirkətlərindən pul qoparmasını əngəlləmək idi. 1970-ci illərdən etibarən tibbdə “sübuta əsaslanan tibb” erası başladı. Sübuta əsaslanan tibb, adından da göründüyü kimi, xəstə haqqında əldəki ən güclü sübutları seçib diqqətli qərar verməkdən ibarətdir. Sübuta əsaslanan tibb inkişaf edərkən “çek-ap” müayinələri haqqında “həqiqətən bir xeyri varmı, yoxsa ticarət məqsədi güdənlər var” sualı həkimlər arasında yayılmağa başladı. Əldəki sübutlara görə, “çek-ap” müayinələri kömək etmir və lazımsız yerə analizlər verilir. 2012-ci ildə nüfuzlu tibb jurnalı olan “BMJ”-da yayınlanmış bir məqalədə deyilir ki, “Cochrane Collaboration” adında kar məqsədi güdməyən bir şirkət 180 000 insan üzərində apardığı araşdırmadan sonra illik “çek-ap” müayinələrinin ölümləri, şikəstliyi, xəstəxanaya yatırılmaları azaltmadığını ortaya qoyub. Hətta ürək-damar sisteminə, xərçəng xəstəliyinə bağlı ölüm riski də dəyişməyib. Bənzər sübutların gedərək artmasına baxmayaraq, “çek-ap” ticarəti də gedərək böyüməyə davam edir.

“Çek-ap” müayinələrinin məğzinin tam olaraq nə olduğu, neçə ildən bir müayinələrdən keçmək tələb olunduğu, hansı analizləri vermək lazım olduğu haqda tibbdə, eləcə də həkimlər arasında ortaq bir görüş yoxdur. “Çek-ap” analizlərinin xüsusi olması tələb olunur, yəni hər insana özünəməxus, riskinə görə, özünə uyğun analizlər istənməlidir. Ucdantutma hər kəsə yaşı, cinsi, risk faktorları, ailə faktoru nəzərə alınmadan eyni analizləri istəmək faydalı olmaz. Bəzən “çek-ap” müayinələri gərəksiz bir anormallığı ortaya çıxarıb, xəstəni boş yerə stresə sürükləyə bilər. Məsələn, tutaq ki, şikayəti olmayan bir insan “çek-ap” proqramından keçərkən, EXO müayinəsində ürəyinin qapaqlarının birində yüngülvari bir çatışmazlıq aşkar edilir. Bundan sonra o, insanın yaddaşına həkk olunur: ürək qapağında problem var. Halbuki xəstənin ürək qapağında problem kimi qəbul etdiyi şey əksərən xəstəlik sayılmır və ömrünün axırına qədər özünü büruzə vermədən qalacaq, EXO olunmasaydı, o bunu bilinməyəcəkdi.

Çek-ap müayinələri həkim müayinə etdikdən sonra qərar verəndə və pasientin risk amilləri nəzərə alınaraq olunanda kömək edər. Bəzi analizlər var ki, müəyyən yaş həddini keçəndən sonrə müəyyən periodlarla yoxlanmalıdır. Məsələn, prostat xərçəngini erkən aşkarlamaq üçün 50 yaşından sonra hər kişi PSA analizi verməlidir. 45 yaşdan yuxarı hər qadına məmə xərçənginə görə mammografi çəkilməlidir. Heç bir şikayəti və riski olmayanlar 45 yaşdan sonra qan şəkərini yoxlatdırmalıdır və s.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …