Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Lerikin ucqar dağ kəndində dünyada analoqu olmayan tarixi abidələr – ARAŞDIRMA

Lerikin ucqar dağ kəndində dünyada analoqu olmayan tarixi abidələr – ARAŞDIRMA

Azinforum.az araşdırmaçı Sədrəddin Daşkörpülünün Azərbaycan tarixinin maraqlı bir yönünə işıq saçan, xalqın qədimliyini, mənəvi zənginliyini özündə əks etdirən bir mövzu ilə bağlı araşdırmasını təqdim edir:           
 
…Bir az o tərəfdə də bir qəbristanlıq var, onu da özümümz öldürmüşük… Üstü at heykəlləri, qoç heykəlləri… hələ qəbirüstü dəvə heykəli də var. Heykəllərin çoxunun başı yoxdu, hamısını öz əlimizlə özümümz qırdıq, çöllərə düşüb qızıl axtaranda…
 
….Biz də, əlimizdə külüng, daraşıb bütün Qafqaz boyu heykəl başımızı sındırırdıq ki, içindən qızıl çıxacaq… biz bununla tariximizi yeyirdik… Tarixsə həzm olunmur… Ona görə indi tarixdən  ögüyə-ögüyə, qusa-qusa danışırıq. Həmişə də belə olacaq çünki öz tariximizi özümüzə yedirdiblər… (M.Süleymanlı)
Qoç heykəllərin tarixi min illərlə ölçülür. Bunu bu günkü mütəxəssislər elmin bu günkü hünəri ilə çox dəqiq hesablaya bilər. (Əgər onlar bizimdirsə, vicdanı özgələşməyibsə, araşdırmağa güçü çatırsa, yəni obyektiv araşdırmaya imkan verirlərsə) Bunu onlara həvalə etməklə Mirzə Cəlil demiş, qəlbimdən səslər gəlir və bu pak və təmiz vicdanımın səsi olan bu səs deyir ki, məntiqə və sağlam şüura istinad etsək, deyə bilərik ki, qoç heykəllər harada varsa, ora neçə minillik bizim babaların doğma yurdudur. Ən azı ona görə ki, bizim ən böyük düşmənlərimiz bizi və babalarımızı çoban adlandırırlar. Özləri də bilmir ki, bizim milli varlığımızın neçə minillik tarıxımızı təsdiq edir, çobanlığımıza rişxənd eləməklə də öz cahiliklərini üzə çıxarırlar. ÇOBANLIQ çobanlıq olsaydı Allahın peyğəmbərlərinin çoxunun əvvəli ÇONANlıq olmazdı. Babalarımızın çoban olması ilə fəxr eləyən M.Süleymanlı “çobanlıqdan keçməyən bir millətin dövlətinin ola bilməməsini” sübut eləmişdir. Böyük arqumentlərə, güclü zəkaya ehtiyac yoxdur bu məsələdə. Çünki çobanlıq böyük bir mədəniyyətdir. Təbiətin dilini bilməkdir, fəsilləri hesablamaq, aranın, dağın köç vaxtını bilmək, nə zaman haranı otarmaq, sürünü nə zaman dağa, nə zaman arana çıxarmaq, yağışın nə zaman yağacağını, küləyin səmtini dəqiq hesablayıb qurd-quşdan, xəstəliklərdən qoruya bilmək elminə və təcrübəsinə sahib olmaq lazımdır. Köç bir təşkilati məsələdir və elə-belə bəsit bir məsələ deyil. Burada sürüdən tutmuş, yaşamaq üçün lazım olan nəsnələrin tədarükünə, ailə, uşaq, onların sağlamlığı, sürünün və köçün muhafizəsi xırda işlər deyil. Çobanlıq qlobal kültür məsələsidir. Ağartı məhsullarının istehslından tutmuş, bu gün çox şeyimiz kimi ermənilərin özlərinə çıxdıqları lavaşa, basdırmaya qədər, ondan dəri, yun istehsalı, keçə və çadır, araba mədəniyyəti, əyirmə, toxuma, boyama, xalçaşılığa qədər bir çox məsələləri ehtiva edir özündə ÇOBANLIQ. Xana quraşdırmağın özü ayrı bir texnoloji kəşf, darağından, cəhrəsindən xanasına və sonda xalı-xalçasına qədər. Xalça rəssamlıq, mühəndislik, boyakarlıq və s. kimi bir çox sahələri əhatə edir. Bunları saymaqla bitən deyil. Bunlar səviyyə tələb edir, intellekt tələb edir. Təkcə onu deyim ki bu gün dünyada pendir sahəsində hegemonluq eləyən hollandlar belə çeçil-tel-tel (çeçil deyil, çil-çildir. Yəni üzərinə xal düşən, göyərən. Göyərmiş pendirin ayrı dadı var. -Murad Adçı demiş, yovşan ətrini bilməyən qıpçaqdan bir şey anlamaz. Elə çobalıq dünyasından xəbərsiz  bir adam da göyərmiş pendirin dadını bilməz.-  Tel-tel isə burulub hörülmüş saça bənzəyən pendirdir. Üzlü pendirlərdən fərqli yeganə pendirdir ki, süd bişmədən hasil olmaz) pendiri istehsal edə bilmir. Bunu ancaq Anadolunun Qars və Ərzrumluları, bir də Qafqazın Ağbaba-Amasiyalıları bacarır. Saxlamaq üçünsə motaldan istifadə edir. Aşıq Ələsgər “axtarma motal” deyəndə bunu nəzərdə tuturdu. Axtarılmış, yəni çevrilmiş dəri. Tüklü üzü deyil, dəri hissəsi. Çobanlıq bununla bitmir, özünün ədəbiyyatını, musiqisini də yaradır. Qara zurnası, davul-nağarası, bu gün ermənilərin sahib çıxdığı tütəyi, neyi ilə. Qoyunçuluq həyat idi. “Qoyunun oldu yüz, gir içində üz” və ya “Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər” kimi deyimlər çobanlığın məhsuludu. Çobanlığın bizdəki estetik dərki və ifadəsi özünü sayaçı sözlərdə, oturaq həyatınkı isə holavarlarda öz bədii həllini tapdı. Yoxdur belə nümunə başqalarında. Bunları yaşayan da, yaradan da bizim ulu babalarımız idi. Kim deyirsə biz tarix yazmadıq, yalan deyir. İftiradır. Bunlar hamısı tarıxdır, həm də ən doğru tarixdir. Aristotel boşuna deməyib ki, poeziya tarixdən daha ciddi və fəlsəfidir. Sayaçı sözlər də holavarlar da poeziynın ən gözəl nümunələridir. Babalarımız  bir də daşları, ağacları yonaraq ora həkk elədilər öz estetik duyumlarını, dünyadərklərini.
     Qoç heykəllər də bunlardan birisi. Bizim ulu tariximizin canlı şahidi olan bu heykəllər yayıldı babalarımızın ayaq basdığı hər yerə. Düşmənlər bunun nə demək olduğunu bizdən yaxşı bildiklərindən yağmalamağa, mənimsəyib özününküləşdirməyə, bu da baş tutmayanda, (axı bu həyatı yaşamayan bir millətin nəyinə lazım qoç heykəlləri) məhv etməyə başladılar. Bunu da öz əlimizlə, xüsusən də sovet dövründə həyata keçirdilər. M.Süleymanlı “Erməni adındakı hərflər” əsərində bunu çox gözəl işıqlandırır. Ermənilər şaiyə yayır ki, at və qoç heykəllərin içində qızıl var, sərvət yatır. Varlanmaq azarına tutulan bizlər isə qırıb dağıtdıq hamısını. Yəni düşmənə gərək qalmadı. Bizim öz əlimizlə keçmişimizi baltalatdılar və istəklərinə nail oldular. Ancaq nə qədər silsələr də tam bitirə bilmədilər. Şəklini gördüyünüz bu heykəllər Zuvatli bölgəsinin-indiki Lerik rayonunun Şingədilan kənd qəbristanlığındadır. Qəbirlərin baş daşlarıdır bu yeykəllər. Yerli sakinlərin dediyinə görə bunlar üç dənə olub. Biri kiçik olub. Quzu desək buna; bu quzu heykəli yəqin ki, körpə uşağın qəbrinin üstünə qoyulub. Son bir neçə ilə qədər burada imiş. Amma indi yoxdur. Hara yox olduğunu kimsə bilmir. Bəlkə də “Qorqud dağının ətəyində açıq səma altında İlkəl sənət muzeyinin … ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib.” Anar. “Ağ qoç, qara qoç”. İndi bunları yaza-yaza qorxuram ki, xəbər tutub o biri ikisini də aradan götürələr. O balacanı götürən kimdisə, bunları da bilir, yəqin ki, aparmaq planındadı. Zamanını gözləyir. Bu yazının yayılmasında itirəcəyimiz o olar ki, başqa maraqlılar da xəbər tutar, bunları mənimsəməyə çalışar; qazancımız o olar ki, dövlət yetkililəri də xəbər tutar, xalqımızın bu munullik sərvətinin tədqiqi və qorunması ilə məşğul olar. Əlbəttə, güman eləmirik ki, Mədəniyyət Nazirliyinin bundan xəbəri yoxdur. Biz sadəcə yada salmaq və xalqımıza bu sahədə bilgi vermək istədik.
     Şingədilan Zuvat bölgəsinin ən qədim kəndlərindəndir. Havası saf, suları tər-təmiz. Lənkərandan çox da uzaqda deyil. Zuvat toponimi bu bölgənin 1936-cı ilə qədər ümumi adı olub. Ancaq bu ildən şeytan Stalin dövləti Zuvat sözünü Leriklə əvəz edib. Lerik olub cənub zonasının dağlıq bölgəsində rayon mərkəzinin adı. Rəsmiyyətdə “Zuvat” unutdurulsa da, yerli əhali hələ də buranı Zuvat kimi tanıyır.
       Biz arxeoloq da, etnoqraf da deyilik. Bu sahənin çox gözəl mütəxəssisləri var. Bundan sonra axtarmaq, araşdırmaq, xalqın daş yaddaşını onun özünə qaytarıb öz malı etmək də əlaqədar mütəxəssilərin işidir. Sonda bir xəbərdarlığı da edim. Nəbada aldanıb içində qızıl var deyə bu qoç heykəllərə əl qaldırasınız. Kül də eləsəniz içindən heç nə çıxmayacaq. Dəyər onun özündə, mahiyyətində, varlığında, keçmişimizin canlı şahidi olub bu günə qədər onu gətirib çatdırmağındadır. Düşmənləriniz əslində onlarda qızıl var deyəndə düz deyiblər. Amma biz yuxarıdakı mənanaı qavraya bilməmişik. Qızıldan qiymətli bu varlıüqları qorumaq, tədqiq etmək əvəzinə sındırıb dağıtmışıq. Bu keçmişin yadigarları idi. Gedən getdi, qalan qaldı…
      Bu isə bu günün “qoçları”. 1990-cı ilin məlum hadisələrindən sonra Bakının Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin kollektivi düşünüb daşınır və 20 Yanvar şəhidlərinin xatirəsinə bir abidə ucaltmaq qərarəna gəlir. Fikirləşirlər, bunu elə yerdə edək ki, daim göz önündə olmasın. Həmişə göz önündə olan dəyərini itirir. Bu haradasa qapalı bir yerdə olsun, ürəyi istəyən gedib baxsın, yad eləsin; həm də belədə yaxşı qorunar.
      Məktəbin bağı ideal bir yer kimi seçilir, amma kollektivlə rəhbərlik arasında bir məsələ problem yaradır. Rəhbərliyə görə bağın ortasında hovuz var və bu hovuz təhlükəsizlik məqsədi ilə tikilib, ona toxunmaq olmaz. Hovuz da tam nəzərdə tutulan yerdə-bağın ortasındadır. Kollektiv deyəndə ki, hovuz onsuz da çatlayıb, su saxlamır, həm də bağ üçün çox böyükdür, yəni simmetriyanı, ümumi görüntünü pozur. Rəhbərlik yenə də etiraz edir ki, olmaz, layihədə göstərilən hovuza toxunmaq olmaz. Belədə kollektiv çıxış yolunu abidə layihəsinə hovuzu da əlavə etməkdə tapır. Qurulacaq abidənin rəsmi çəkilib rəhbərliyə təqdim olunur. Onlar da özlərindən yuxarıdakı rəhbərlərə göstərir. Təbii ki, dövr elə idi ki, kimsə şəhidlərin adı gələndə etiraz etmək istəmir. Bir də Fövqəladə Vəziyyət şəraitində. Həm də kimsə başını bəlaya da salmaq istəmir. Ancaq təklif edilən layihə o qədər düşünülmüş və gözəl idi ki, sonda kollektivin dediyi olur. Abidə tikilir. Köhnə hovuzun yerində, söküldükcə tullantılar yeni tikintiyə istifadə olunur, o vaxt fəalların dediyi kimi “bez atxodnıy proizvodstvo” üsulu və məktəb kollektivinin köməyi ilə abidə ucaldılır, özü də FV-in gözü önündə. Açılışı da tam dünya Azərbaycanlılarının həmrəyliyi gününə düşür. İndiki texniki imkanlar o vaxt olmadığından təəssüf ki, sadəcə bəzi fotolar qalıb yadigar olaraq o günlərdən. Bağın quruluşu elə idi ki, Qapının birindən bir mərtəbə yuxarıdan müəllimlər, digəri aşağıdan isə şagirdlər daxil olub hər hansı böyük tədbiri keçirə bilərdi. Boş yerlərdə ağac əkildi. Bağ ortasında gözəl bir kompleks, mükəmməl bir kompozisiya yaradlrdı.
     Biz indi burada kimlər idi o abidəni tikənlər, rəssam-memarı kim idi, müdiriyyət kimlər idi, şagirdlər nə qədər fəallıq göstərdilər, daha kimlər nə kimi dəstək oldu, kimlər mane oldu və s. kimi olmuş-keçmişi canlandırmaq niyyətində deyilik. (Allah hamısından razı olsun. Tərəfdardan da qarşı durandan da, dəstək olandan da, bu işi görənlərdən də) İndi bu abidə necə qorunur və təyinatına görə nə səviyyədə istifadə olunur? sualları da deyil məsələmiz. Nəzərə çatdırmaq istədiyimiz odur ki, burada əski türk əlifbası ilə verilən yazı, məşəl, naxışlar, yazılar və bayatıda qeyri-adi bir nəsnə də yox idi. Bunlar hər kəsin ağlına gələ bilərdi və fövqəladə bir yenilik də yox idi. Qeyri-adilik ilk dəfə 3-4 müəllimin kollektivə arxalanıb belə bir “cəncəl” işə girişməsi, xüsusən də hovuza bərkildilən qoç heykəlində idi. Su onun başından axıb hovuza tökülürdü. O vaxt, “niyə qoç?” deyiləndə “qoç döyüşünə qoç dözər” kimi qarşılıq verirdi bu işin memarları. Əlbəttə, bu, sualın tam cavabı deyildi. Niyəsini özləri də bilmirdi…
     O vaxt M.Süleymanlının “Erməni adındakı hərflər” kitabı yazılmamışdı, millətin də oradakı qoç heykəllərlə bağlı fikirlər haqqında bir təsəvvürü yox idi. Qan yaddaşı, gen yaddaşından da xəbərsiz idik. Bu xəbərsiliklə birgə millət bir tərəfdən yaddaşsızlaşıb “içində qızıl var” deyə qoç heykəlləri məhv edirdi, bir tərəfdən də başına müsibət gələndə şüuraltından qan yaddaşı QOÇu yada salırdı və şəhidlərə ucaltdıqları abidə kompleksinə onu da əlavə edirdilər. Özü də bu abidə 20 Yanvar şəhidlərinə ucaldılan ilk abidə idi. Onu ucaldanlar da bu işin əhli deyildi. Rəssamı da ölkənin adlı-sanlı rəssamı deyildi. Amma Allah bu “naşıların” əli ilə belə gözəl bir iş ərsəyə gətirdi və gen yaddaşımızı tərpətdi, silkələdi, oyatdı. Oyatdı, ancaq Şingədilandakı “qoçlar” və onu kimi neçələri hələ də öz həqiqi qeyrətli sahibini gözləməkdədir. Gözləyir ki, gəlsin, araşdırsın, xalqın ruhunu təkrar özünə qaytarsın.
       O heykəlləri orada görməyimizə və yazının yazılmasına səbəb olan Lənkəran sakini Yadigar bəyə, qızı Aynurə xanıma və nəvələri Kənanla Urfana da ayrıca minnətdarlığımızı bildiririk. Bunların adlarını bir də ona görə çəkdim ki, bu yazının davamı olaraq yazılacaq başqa mühüm tarixi olaylara işıq tutdular.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …