Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Kəbin, ya rəsmi nikah – hansı vacibdir…

Kəbin, ya rəsmi nikah – hansı vacibdir…

Aynur Veysəlova: “Əvvəlki illərlə müqayisə etsək, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı azalmağa doğru gedir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibəsində qeyri-qanuni fəaliyyət göstərən din xadimlərinin bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, rəsmi təyin olunmayan şəxslər bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib.

Qurbanlının bu açıqlaması rəsmi nikah olmadan dini kəbinlə ailə quran qadınların boşanarkən yaşadığı problemləri

“ Azinforum.az ” qəzetinin gündəminə gətirdi.

Əfsanə Muradova (ad şərtidir) bir ildən çoxdur ki, 2 balası ilə birgə “Təmiz Dünya” İctimai Birliyinın sığınacağında yaşayır. Sığınacağa yerləşdirilərkən ikinci oğluna hamilə imiş. Onun dediklərindən: “Bakılıyam. 16 yaşım olanda xalam oğluna verdilər məni. Çox az yaşadıq. Bir qədər sonra xalam oğlu rəhmətə getdi. Qayıtdım anamın yanına. Sonra Əhmədlə (ad şərtidir) tanış olduq. Dul olduğumu bilirdi. Dini kəbin kəsdirdi, başladıq birgə yaşamağa. Kirayə ev tutmuşdu. 5 il yaşadıq. Bir oğlumuz oldu, ikinciyə hamilə idim. Sonra anası imkan vermədi. Əhmədə elə hey zəng edib deyirdi ki, onları at, qayıt kəndə evləndirim səni. Nəhayət, Əhməd anasının uzun-uzadı israrlarına dözməyib qayıtdı kəndə. Anası Əhmədi öz xalası qızı ilə evləndirdi. Biz isə qaldıq küçədə. Sonra sığınacaq haqda eşitdim, gəldik…”

“Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova ile ilgili görsel sonucu

“Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Əfsanə ikinci oğlunu sığınacaqda ikən dünyaya gətirib. Əfsanə ilə Əhmədin rəsmi nikahı olmadığından uşaqlar ananın soyadını daşıyır. Üstəlik, Əfsanə iki uşağa görə aliment də ala bilmir: “Böyük uşaq 2 yaş 6 aylıqdır, balaca 7 aylıq. Uşaqların doğum haqda şəhadətnamələrində ata adı yazılsa da, ananın soyadını daşıyırlar. Əhməd özü ortalığa çıxmır, ata-anası ilə danışırıq. Onlar da deyir, uşaq Əhmədin deyil. Atalığın təyin olunması üçün məhkəməyə müraciət edilməlidir. DNT analizi isə çox bahadır. Əlimizdə o qədər imkan yoxdur deyə hələlik şərəf və ləyaqətin alçaldılması ilə bağlı məhkəməyə müraciət edəcəyik”.

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru, hüquqşünas Günel Səfərova ile ilgili görsel sonucu

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru, hüquqşünas Günel Səfərova bildirir ki, qadın ailə qurarkən rəsmi nikaha daxil olması vacibdir: “Bu halda qadının bir çox hüquqları yaranır: yaşayış sahəsindən istifadə etmək, nikah dövründə hər hansı mülkiyyət əldə edilibsə, ümumi birgə mülkiyyət sayılır, uşağa ad və soyad almaq kimi və s. Rəsmi nikahı olmayan qadın ayrılarkən əmlak hüquqlarını yaşayış sahəsindən istifadə, qeydiyyat kimi hüquqlarını və eyni zamanda atalıq müəyyən olunmayıbsa, alimentin tələbi bir qədər çətinləşir. Atalığın müəyyən olunması və aliment tələbi ilə məhkəmə qarşısında iddia qaldırılmalıdır”.

Səfərova bu mövzuda onu da qeyd edir ki, əhalini maarifləndirmək lazımdır. Məsələn, dini nikahları edən imamlar rəsmi nikah haqda şəhadətnaməni görmədən kəbin kəsməməlidir.

Hüquqşünasın sözlərinə görə, rəsmi nikah olmadan dini nikaha daha çox erkən ailə quran qızlar cəlb edilir: “Bakı kəndlərindən birində bir ailə vardı, qızlarının toy dəvətnaməsinə qədər paylamışdılar. 16 yaşında qızı 33 yaşında kişiyə ərə verirdilər. Oğlan da Rusiyadan gəlmə idi. Qızın yaşı rəsmi nikaha düşmədiyindən dini kəbin kəsdirmişdilər. Bizə qonşusu məlumat vermişdi. Bizim müdaxilədən sonra məsələ hüquqi müstəviyə çıxdı. Sonradan ailə sübut elədi ki, guya bu, qız toyu imiş. Oğlan toyu 3 ildən  sonra olacaqmış. Qız 2 il xalasıgildə qaldı. Çünki xalası erkən nikaha qarşı idi. Sosial işçilərimiz hələ də əlaqə saxlayır. Qız indi tibb kollecində oxuyur. Qızları ilə evlənəcək oğlanın sonrakı həyatı necə olubsa, hətta qızın atası deyib ki, nə yaxşı o vaxt mane oldunuz! Nə qədər erkən nikahın qarşısını almışıqsa, əvvəlcə analar bizə dünyada eşitmədiyimiz qarğışları edir. Amma 2-3 il sonra dua edirlər ki, bəs qızımızı alacaq o oğlan arvad-uşağını atıb”.

Səfərova onu da qeyd edir ki, qızlarını erkən nikaha məcbur etmə halları daha çox cənub, son zamanlar isə Şabran, Xaçmaz və Balakən rayonlarında mövcuddur.

Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Aynur Veysəlova ile ilgili görsel sonucu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirir ki, qeyri-rəsmi nikahda yaşamaq və rəsmi nikah olmadan dini nikaha girmək tendensiyası son illər dəyişir: “Son zamanlar cütlüklər üstünlük verir ki, həm rəsmi, hə də dini nikahları olsun. 2017-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 22796 olub. Bu say 2016-cı ilə nisbətdə 4 min uşaq azalıb. Daha əvvəlki illərlə müqayisə etsək, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı azalmağa doğru gedir. Bu da onu göstərir ki, cütlüklər rəsmi nikaha girməyə çalışır. Dövlət Komitəsi olaraq borcumuzdur ki, insanlar arasında maarifləndirmə aparaq, insanları başa salaq. Dinin qaydalarına əməl etmək çox yaxşıdır, amma hüquqi cəhətdən münasibətlərin rəsmiləşdirilməsi daha da yaxşı və vacibdir. Bu halda həm qadının, həm kişinin, həm də dünyaya gələcək uşağın hüquqlarının tənzimlənməsi məhz bu sənədləşmədən keçir. Bir nüansı da qeyd etmək istəyirəm. Nikahların rəsmiləşdirilməsi ilə bağlı ailələri araşdıran zaman iki hala rast gəlirik. Elə ailə var ki, beşinci, hətta altıncı uşaq doğulub, çox gözəl ailə münasibətləri var, mehribançılıq, bir-birinə qarşılıqlı hörmət var, amma rəsmi nikahları yoxdur. Məlum olur ki, o vaxt hansısa üzrlü səbəbdən – vaxtında şəxsiyyət vəsiqəsi almayıb, qeydiyyatda olduğu ünvandan çıxıb, yeni ünvana qeydiyyata düşməyib və s. sənədləşdirmədə prosedur qaydaları vaxtında yerinə yetirilməyib. Komitə belə ailələr arasında maarifləndirmə aparır”.

kəbin ile ilgili görsel sonucu

Baş məsləhətçi onu da əlavə edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsinin göstərişi ilə artıq din xadimləri rəsmi nikah haqda sənəd təqdim olmadığı halda dini kəbin kəsmirlər.

Ləman MUSTAFAQIZI,

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …