Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İşsizliklə bağlı son statistika – 300 min, yoxsa… – ARAŞDIRMA

İşsizliklə bağlı son statistika – 300 min, yoxsa… – ARAŞDIRMA

“Bu gün Azərbaycanda 300 minə yaxın işsiz var”.

Bunu  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, ölkələrdə işsizlərin sayını statistika qurumları müəyyən edir: “Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq işsizlərin ehtimal edilən sayı müəyyənləşdirilir. Bir də işsizlərin qeydiyyatı məsələsi var. Bu zaman ölkələrdə məşğulluq orqanlarına müracət edən şəxslərin sayı əsasında işsizlərin sayı müəyyən edilir. Bu gün Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq, Azərbaycanda 300 minə yaxın işsiz var”.

M.Abbasbəyli qeyd edib ki, ölkədə məşğulluq orqanlarının qeydə aldığı işsiz sayı 267-270 minə yaxındır. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar işsiz sayı ilə bağlı rəqəmlər bir qədər oynayıb, amma sonra yenidən qaydasına düşməyə başlayıb.

Məlumat üçün qeyd edək ki, ölkədə işsizlik iki cür hesablanır: biri Əmək və Sosial Müdafiə Nazirliyin Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşənlərin sayı, digəri Statistika Komitəsinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) kriteriyaları əsasında sorğu yolu ilə apardığı hesablamadır.

Bu il işsizliyə görə dövlətdən pul alanların sayı - STATİSTİKA

Onu da bildirək ki, ölkədə işsizlik səviyyəsinin alternativ hesablanması mexanizmi olmadığına görə əksər beynəlxalq qurumlar rəsmi statistikanın göstəriciləri əsasında proqnozlaşdırma aparırlar. Məsələn, aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib. Fondun “Dünya İqtisadi Baxış” hesabatının aprel sayına əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildəki 5,9 faizdən 2023-cü ildə 5,8 faizə kimi azalacaq. BVF həmçinin 2024-cü ildə də Azərbaycanda işsizlik səviyyəsini 5,8 faiz proqnozlaşdırıb.

BVF-dən əvvəl “SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 4,9 faiz təşkil edəcəyini proqnozlaşdırıb.

Məlumdur ki, Azərbaycanda işsizlərin sayı barədə rəsmi statistikanın açıqladığı rəqəmlər ictimaiyyət tərəfindən birmənalı olaraq real mənzərənin göstəricisi kimi qəbul edilmir. Əksər mütəxəssislərə görə, ölkədə əmək qabiliyyətli olub, iş tapa bilməyən insanların sayı rəsmi açıqlanan rəqəmlərdən ən azı 2 dəfə çoxdur. Mütəxəssislər  eyni zamanda əmək müaviləsi ilə işləyənlərin sayının real məşğulluq səviyyəsini əks etdirmədiyi qənaətindədirlər.

Müstəqil mütəxəssislərin bu qənaətləri 2020-ci ildə pandemiya dövründə faktiki olaraq təsdiqini tapdı. Dövlət Statistika Komitəsinin bazasında məşğulluq orqanlarında işsiz kimi qeydə alınan şəxslərin sayı 2020-ci ildən bəri açıqlanmır.  Bunun səbəbi 2020-ci ildə pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq olunarkən dövlətin işsiz şəxslərə birdəfəlik ödəniş təyin etməsi idi. Ödənişlə bağlı müraciətlərin qəbuluna başlandıqdan az sonra məlum oldu ki, yüz minlərlə insan tətbiq olunan kriteriyalara uyğun gəlir. Nəticədə 600 min nəfərin real işsiz olduğu nəzərə alınaraq həmin şəxslərə 190 manat təyin olunaraq ödəniş edildi. Bu fakt uzun müddət müzakirə mövzusuna çevrildi: hökumətin elan etdiyi işsiz sayı ilə real say arasındakı ciddi fərq tənqid olundu. Milli Məclisdə bununla bağlı çıxış edən millət vəkili Əli Məsimli işsizlərin sayının dəqiq hesablanmadığını bildirərək, bu sahədə saxtakarlığın aradan qaldırılmasını təklif etdi.

Pandemiya dövründə dövlət həmçinin özəl sektordakı müəssisə və təşkilatlara işçilərin əmək haqqına yardım mexanizmini işə saldı. Bu mexanizmdən faydalanmaq istəyən sahibkarlar ona qədər əmək müqaviləsi olmadan işlətdikləri çoxsaylı işçilərlə münasibətləri rəsmiləşdirdilər. 2020-ci ilin aprel ayında elektron sistemdə qeydiyyata alınan əmək müqavilələrinin sayında bir neçə on mini əhatə edən kəskin artım baş verdi. Bu fakt real məşğulluğun mühüm bir hissəsinin rəsmiləşmədiyini ortaya qoydu ki, bunun da əsas səbəbi kölgə iqtisadiyyatının səviyyəsinin yüksək olaraq qalmasıdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 358,4 min nəfər olub, onlardan 5056,2 min nəfərini məşğul əhali təşkil edib. 2023-cü il mayın 1-i vəziyyətinə komitə 2019-cu il əhalinin siyahıyaalınmasının nəticələri əsasında ölkədə iqtisadi fəal əhalinin sayının 154 min nəfər az – yəni 5 203,9 min nəfər, onlardan 4910,7 min nəfərinin isə məşğul olduğunu açıqlayıb. 

Statistika Komitəsi və Məşğulluq Xidməti işsizlərin rəsmi sayını -  GİZLƏTMƏYƏ ÇALIŞIR - FED.az

Cari il aprelin 1-i vəziyyətinə Azərbaycanda əmək müqaviləsi əsasında  muzdla çalışan işçilərin sayı 1 milyon 736,3 min nəfər olub. Onların 904,1 min nəfəri dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda işləyənlərdir.  Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1704,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2023-cü ilin birinci rübü ərzində ölkədə 17,9 min yeni iş yeri açılıb. Bu dövrdə iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni açılmış iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Bununla yanaşı, rəsmi statistikaya görə, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

2023-cü ilin birinci rübü ərzində isə ölkədə 4,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 46,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 58,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Xatırladaq ki, rəsmi statistika 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 24.8 min nəfər və ya 1.5 faiz artaraq 1733.9 min nəfər olduğunu bəyan edib. Onlardan 903.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Aprelin 1-dək muzdlu işçilərin sayında artım olub – 1 milyon 736,3 min nəfərə çatıb. Mayın 15-də iqtisadiyyat naziri Mikayıl Cabbarov 15-də Tvitter hesabında qeyd edib ki, 2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb və bu il mayın 1-nə 1 713 min olub. Bunun 859 884 nəfəri dövlət sektorunda, 853 342 nəfəri özəl sektorda çalışanlardır. Nazirin yazdığı rəqəmlərlə müqayisə etsək, görürük ki, aprel ayı ərzində muzdlu işçi sayında kəskin azalma qeydə alınıb: 23,3 min nəfər.

Bu zaman dövlət sektorunda çalışanların sayı 44 216 nəfər azalıb, özəl sektorda çalışanların sayı isə 21 142 nəfər artıb.

Rəsmi statistika 2021-ci ilin sonunda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 1,8 milyon nəfərin məşğul olduğunu qeydə alıb. Bu sektorda istehsal olunan ümumi daxili məhsulun həcmi 2021-ci ilin sonuna 5,5 milyard manata yaxın olub. Bu isə qeyd olunan sektorda ayda adambaşına 250 manat civarında – minimum əmək haqqından 100 manata yaxın aşağı həcmdə ümumi daxili məhsul istehsal olunduğu deməkdir.

Digər tərəfdən, rəsmi statistika pay torpağına sahib olan 800 mindən yuxarı şəxsi işləyən kimi qeydə alır. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin 2022-ci il üzrə illik hesabatından aydın olur ki, ölkə üzrə 2021-2022-ci təsərrüfat ili üçün əkin sahəsini bəyan edən fermerlərin sayı 394,2 min nəfər olub. Yəni faktiki olaraq, torpaqdan gəlir əldə edənlərin  sayı 400 min nəfərə çatmır, amma rəsmi statistika 800 min nəfəri işləyən kimi qeydə alır. Əkinçiliklə məşğul olan 400 min nəfəri çıxarsaq, qalan 400 min nəfərin hamısının heyvandarlıq sahəsində işlədiyini düşünmək sadəlövhlük olardı. Çox təəssüflər olsun ki, uzun illər boyudur mütəxəssislərin etirazlarına rəğmən rəsmi statistika bu sahədəki problemi aradan qaldırmır.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …