Bazar , Avqust 18 2019
Ana səhifə / Araşdırma / “İlhamə Quliyeva ikimizi də öldürəcəyi ilə hədələdi” – Məhkəmədən REPORTAJ

“İlhamə Quliyeva ikimizi də öldürəcəyi ilə hədələdi” – Məhkəmədən REPORTAJ

Oktyabrın 25-də mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xatirə Ramazanova ifadə verib.
O, deyib ki, bir gün Mehriban Hüseynova ona zəng edib və onlara gəlməsini istəyib: “Mehriban soruşdu ki, axşam saat 10-da bizə gələ bilərsən? Mən də getdim. Mehriban dedi ki, İlhamə Quliyevanın evində çantasını əlindən alıblar, pulunu götürüblər. Alçaldıcı hərəkətlər edildiyini dedi. Bu hadisədən əvvəl də Mehribanın başına iş gəlmişdi. O vaxt da Mehribangilə gedəndə onun bıçaqla vurulduğunu gördüm. Dedi ki, onu İlhamə bıçaqlayıb”.
Bu hadisədən şoka düşdüyünü deyən şahid əlavə edib ki, Mehribana qarşı ikinci dəfə belə hərəkət edilməsindən heyrətlənib.
Xatirə Ramazanova bildirib ki, İlhamə Quliyevanın evində Mehribanın pulunu da əlindən alınıblar: “Mehriban “28 may”da yaşayan rəfiqəsindən pul götürmək istədiyini bildirdi. Çünki pulunu almışdılar. Pulu götürməyə birlikdə getdik. Geri qayıdanda Mehribanın evin qarşısında qara maşın qabağımızı kəsdi, iki nəfər maşından düşüb, biz tərəfə gəldi. Biri İlhamənin oğlu Orxan, digəri isə dostu Vüqar idi. Orxanın əlində “dubinka” var idi. Onlar maşını vururdular ki, qapını açaq. Dedim ki, 102-yə zəng elə. Mehriban da 102-yə zəng vurdu və baş verən hadisə barədə xəbər verdi. Mehriban dedi ki, məni öldürəcəklər”.
Şahid deyib ki, Mehribanın öldürüləcəyini və cinayətin onun üstünə atılacağından qorxub, ona görə də dayanmadan maşının siqnalını sıxıb saxlayıb: “Məqsədim adamları ora toplamaq idi. Bu zaman ora İlhamə də gəldi.  O, qışqırdı ki, siqnalı kəsim. İlhamə ikimizi də öldürəcəyi ilə hədələdi”.
Şahid Mehriban Hüseynovanın mərhum müğənninin həyatına qəsd hazırlamasından, əmlakını ələ keçirmək üçün nəsə etməsindən xəbərsiz olduğunu bildirib.
Məhləmə prosesi noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında vəfat edib.

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın