Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Gənclərin və mediamızın milli tariximizə biganəliyi, icra başçısının qeyri-adi yanaşması

Gənclərin və mediamızın milli tariximizə biganəliyi, icra başçısının qeyri-adi yanaşması

Dünən çox əhəmiyyətli bir sənədli filmin təqdimat mərasimi keçirildi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunan “Zəngəzur” sənədli filmi Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Filmin dünyada ən çox adamın danışdığı ingilis və rus dillərində də hazırlanması Zəngəzurun tarixinin beynəlxaq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Zəngəzur” sənədli filminin baş məsləhətçisi AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

Təqdimat mərasimində diqqətimizi cəlb edən bir neçə məqamı oxucularımızla da bölüşmək istəyirik.

Tədbirdə “Virtual Qarabağ” İKT Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev film barədə məlumat verdi. Qeyd olundu ki, bu ekran əsəri Zəngəzur mahalının Azərbaycanın qədim tarixi torpaqlarından olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barədədir. Zəngəzurun azərbaycanlılara məxsus olması haqqında məlumatları Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv çatdırmaq filmin əsas məqsədidir.

Sonra “Zəngəzur” sənədli filmi və “Qubadlı” 3D qrafik təsvirli filmi göstərildi. Diqqətimizi cəlb edən ilk məqam elə onda oldu. Film yenicə başlamışdı ki, gənclərin bir qrupu zaldan çıxdı. Ancaq bu zalda “Kəklikotu”, “Yanlış anlama” və bunun kimi filmlər göstərilsəydi (Son vaxtlar istehsal olunduğu üçün bu filmlərin adını çəkdim), iynə atsan yerə düşməzdi. Bu barədə bir az sonra.

Gənclər və idman naziri Azad Rəhimov “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən davamlı olaraq həyata keçirilən layihələri yüksək dəyərləndirdi. Nazir bildirdi ki, mərkəzin ictimaiyyətə təqdim etdiyi virtual elektron məhsullar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və ölkə gənclərinin məlumatlandırılması işində böyük əhəmiyyətə malik təbliğat vasitələri sırasında özünəməxsusluğu ilə seçilir. Təqdim edilən yeni məhsulların hazırlanmasına qısa müddətdə aparılmış gərgin təşkilati işin, elmi-nəzəri və tarixi araşdırmaların nəticəsində nail olunub.

Akademik Yaqub Mahmudov çıxışında dedi ki, bu layihələrin məqsədi gənclərimizi Qarabağla bağlı düzgün məlumatlandırmaq və erməni yalanlarına qarşı beynəlxalq miqyasda təbliğat imkanlarını artırmaqdır.

Tarixçi alim gənclərə səslənərək bildirdi ki, tariximizə sahib çıxmalıyıq. Yaqub müəllim gənclərə vətənimizin tarixini yaxşı öyrənmələrini tövsiyə etdi. Təəssüf ki, hörmətli akademikimizin bu tövsiyyəsini hələ film yenicə başlayanda zaldan çıxıb gedən gənclər eşitmədilər. Akademik çıxışında dedi ki, biz nəinki işğal altındakı Qarabağımızı, tarixi Azərbaycan torpaqları olan İrəvanı, Zəngəzuru da geri qaytaracağıq. Elə bu məqamda zaldakıların hamısı amin və inşallah dedi. Amin deməklə olmur axı. Bu gənclər Zəngəzurun filminə belə baxmaq istəmirlər, Yaqub Mahmudov isə onlarla Zəngəzura qayıtmaqdan danışır. Ancaq gəlin insafı əldən verməyək. Bu gün müstəqil Azərbaycanımızda vətənpərvər gənclərimiz də çoxdur. Zəngəzurun tarixini əks etdirən bu filmə baxmaq istəməyən gənclər isə akademik Yaqub Mahmudovun çıxışı zamanı ürəkağrısı ilə vurğuladığı təsirə salınan gənclər idi. Söhbət ondan getmir ki, onları aparıb hardasa təsir altına salıblar. Müasir dövrün informasiya texnologiyalarının nə qədər faydası varsa, bir o qədər də ziyanı var. Bu gənclər televiziyalarımızda, kinoteatrlarımızda o qədər bayağı filmlərə baxıblar ki, ölkəmizin tarixindən bəhs edən belə sənədli filmlər onlar üçün maraqlı deyil. Belə uğurlu layihələr həyata keçirən Gənclər və İdman Nazirliyi bir də bu barədə düşünsün.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov isə bu məsələyə bir az fərqli prizmadan yanaşır. Nə yalan deyim. Tədbirdə ən çox diqqətimi cəlb edən icra başçısının çıxışı oldu. Əvvəla onu qeyd edək ki, icra başçısının bu layihələrə dəstək verməsi təqdir olunasıdır.

Malik müəllim dedi ki, ermənilər bizim genimizi dağıdıblar. İcra başçısı iddia edir ki, kənd yerlərində doğulub böyüyən gənclərin torpaq sevgisi, vətənpərvərliyi  şəhərdəki gənclərdən daha çox olur. Malik müəllim bildirdi ki, indi biz şəhərdə doğulan qubadlılı gənclərə torpaq sevisi, vətənpərvərlik aşılamalıyıq. İcra başçısının sözlərini tam ifadə edə bilməsəm də, təqribən mənası belə idi. Mənə görə maraqlı və indiyədək heç eşitmədiyim bir yanaşmadır. Belə çıxır ki, kənd uşaqları şəhər uşaqlarından daha vətənpərvər olur. Elə bu məqamda öz-özümə dedim: Yaxşı ki, mən kənd uşağıyam.

Sonda onu da təəssüflə bildirmək istəyirəm ki, “Zəngəzur” sənədli filmi və “Qubadlı” 3D qrafik təsvirli filminin təqdimat mərasiminə mediamız o qədər də diqqət ayırmadı. Bu təqdimat mərasimini özlərini medianın avanqardı hesab edən iri informasiya agentlikləri heç işıqlandırmadı. Belə olmamalı idi. Axı söhbət itirilmiş qədim Azərbaycan torpağının tarixindən gedir. O qədim torpağımızın ki, onun itirilməsi ilə başqa bir qədim diyarımız illərdir, blokada vəziyyətində yaşayır. Budurmu sizin vətənpərvərliyiniz? Xanımlar və cənablar: Milli məsələlərdə şəxsi ambisiyalarımızı bir kənara qoymalıyıq. Bu nazirlikdən, bu qurumdan, bu şəxsdən xoşumuz gəlmir deyə onun milli tariximizə həsr olunmuş tədbirini işıqlandırmamaq burnumuzun ucundan o yanı görməməyimizin əlamətidir. Dövlət başçısı Zəngəzura qayıtmaqdan danışır, itirilmiş Azərbaycan torpaqlarının dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür, belə layihələri dəstəkləyir, bəzi media orqanlarımız isə tarixi torpaqlarımızdan bəhs edən filmlərin təqdimatını belə ictimaiyyətə çatdırmağı lüzum bilmirlər. Unutmayaq. Tarixinə sahib çıxmayan xalqın gələcəyi yoxdur.

Tural Səfərov

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …