Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Araşdırma / Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb olunur – Video

Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb olunur – Video

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, həbsdə müəmmalı şəkildə dünyasını dəyişən polkovnik İlqar Əliyevin istintaq zamanı verdiyi ifadə geniş rezonans doğurub. Eldar Mahmudovun əleyhinə olan ifadədə iş adamı Maqsud Mahmudovun hədələnməsi geniş şəkildə təqdim olunur. Belə aydın olur ki, Eldar Mahmudovun göstərişi ilə iş adamını şərləyib MTN-ə aparıblar.

Eks nazirin göstərişi əsasında ondan 150 min dollar tələb olunub və 120 min dollar alınaraq azad edilib. İfadəyə görə, həmin pulun 70 min dollar Eldar Mahmudova çatıb. Bu ifadə ortaya çıxandan sonra İ.Əliyevin rəisi olmuş, hazırda məhkəmə qarşısına çıxarılan Elçin Quliyev məhkəməsində Maqsud Mahmudovun əleyhinə çıxış edib, onun barəsində xoşagəlməz fikirlər səsləndirib. Məsələ ilə bağlı M.Mahmudovu aradıq. O, Elçin Quliyevin məsuliyyətdən yayınmaq üçün barəsində iftira söylədiyini bildirdi: “İlqar Əliyev hazırda haqq dünyasındadır. O, ifadəsində nə yazıbsa, hamısı düzdür. Məni ora aparıblar, əziyyət veriblər, işgəncə veriblər. Azər Mehdiyevin otağında təzyiqim qalxıb, özümü pis hiss etmişəm. İlqar Əliyev bunları düz yazıb. Onun ifadəsi mətbuatda dərc olunandan sonra Elçin Quliyevin məhkəməsi oldu. Mən ona general deməzdim. O, məhkəmədə ifadəsində dedi ki, Mahmudov Maqsud dələduzdur, onun porno-videoları yayılıb. Mənə maraqlıdır, ortaya 1 sənəd gətirib qoysun. Mənim harada cinayət işim olub?”
“Bəs antiterrorun rəis müavini İlqar Əliyev də yalan yazıb?”
M.Mahmudov deyir ki, E.Quliyevin onu hədəf almasının özəl səbəbi var: “İş üzrə 22 zərərçəkən var. Zərərçəkənlərin əksəriyyəti nədənsə çəkinir. Mən isə Eldar Mahmudovun məhkəməyə gəlməsini tələb edirəm. Mənə deyir ki, guya mənə vurulan zərərin ”summa”sı o qədər olmayıb. Mən yalan deyirəm. Bəs antiterrorun rəis müavini İlqar Əliyev də yalan yazıb? Ayaz Gərayzadə(ləğv olunmuş MTN-in işçisi- E.M) də yalan yazıb? Axı o da bu ifadələri təsdiq edir. Ayaz Gərayzadə mənim məktəb yoldaşım olub. Məni MTN-ə o aparıb və Azər Mehdiyevə təhvil verib. Pulun 60 minini o aparıb verib. Bu ifadəsi də var. Bu da yalandır? Elçin Quliyev və Azər Mehdiyev kimi cinayətkarları nədənsə qıcıqlandırır ki, mən haqqımı tələb edirəm. Zaldakıların əksəriyyəti nədənsə çəkinirlər”.
“Bizim pullarımız şahın – Eldar Mahmudovun cibinə gedib”
M.Mahmudov deyir ki, onun tələbi Eldar Mahmudovun məhkəmə zalına gətirilərək sorğu-sual olunmasıdır: “Elçin, Azər və başqaları şahmat oyununda olduğu kimi piyadadırlar. Mən şahı tələb edirəm. Çünki bizim pullarımız şahın – Eldar Mahmudovun cibinə gedib. Bir vaxtlar demişdim – niyə bizim brilyantlar Eldar Mahmudovun balonundan çıxmalıdır?”
“Elçin Quliyev məhkəmə zalında elə oturur ki, elə bil indi onu açıb buraxacaqlar”
İş üzrə zərərçəkən kimi tanınan M.Mahmudov deyib ki, onun əlindən alınmış əmlakları üzrə məhkəmələrdə mülki iddia qaldırıb və qərarlar çıxarılıb: “MTN müstəntiqi Cavid Quluzadə restoranımı ələ keçirmişdi. Nərimanov və Apelyasiya Məhkəmələrini udmuşam. Mən haqqımı tələb edirəm. Təəssüf ki, iş üzrə zərərçəkən olan digər vətəndaşlar nədənsə çəkinirlər, açıq danışmırlar. Mən nədən qorxmalıyam? Bizim prezidentimiz, vitse-prezidentimiz və qanunlarımız var. Nədən qorxub çəkinməliyik? Elçin Quliyev məhkəmə zalında elə oturur ki, elə bil indi onu açıb buraxacaqlar. Tələb edir ki, məhkəmə qapalı keçirilsin. Niyə görə qapalı keçirilməlidir? Qoy açıq keçirilsin və jurnalistlər də iştirak etsin”.
“Pulun 70 mini Eldar Mahmudova verilibsə, niyə görə o, bayırda olmalıdır?”
M.Mahmudov iş üzrə keçirilən son 3 proses haqda bunları deyib: “Son 3 prosesdə zərərçəkənlərdən mən və MTN-də çalışmış, orada işləyə-işləyə özünü asan şəxsin qardaşı tələb edirik ki, Eldar Mahmudov bura gəlməlidir və cavab verməlidir. Bugünkü gün tələbim budur. Elçin kimilərinin, Azər kimilərinin cavabını haqq-ədalət verəcək. Əgər İlqar Əliyev orada deyirsə ki, məndən alınan pulun 70 mini Eldar Mahmudova verilibsə, niyə görə o, bayırda olmalıdır? Bunu ki, mən demirəm, öz işçiləri olan polkovnik deyir. Öz işçiləri Ayaz Gərayzadə izahatlarında deyir. Bunlar mən yox, onlar deyir. Bunlar cinayətkardılarsa, cinayətin başında dayanan da Eldar Mahmudovdur. Mənə Elçin Quliyevin vəkili deyir ki, niyə görə 1 milyon 400 minlik vəsatət qaldırmısan. Çox gözəl, deyim. Məni tutub saxladıqları gün gecədən səhərə qədər 100 kvadrat metrlik oboy dükanını 120 minə satdıranda yaxşı idi? İndi gəlin görün Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişməsində həmin pula dükan almaq olar? Mən pulumu istəyirəm, halal yerimi istəyirəm. Onların haram qazandıqları özlərinə qismət olsun. Mən halal yerimi istəyirəm”.(Musavat.com)

Həmçinin oxuyun

Daha bir vəzifəli şəxsin diplomu saxta çıxdı – İDDİA

Əvvəlcə qeyd edək ki, plagiat (plagiarizm, plagiatlıq, plagiatçılıq,) çox vaxt əmanətə xəyanət, qüsurlu sitat, müəllif …

Bir cavab yazın