Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Elçin Sadıqovun anası qətldə suçlanır – Təfərrüat

Elçin Sadıqovun anası qətldə suçlanır – Təfərrüat

1972-ci il təvəllüdlü Elsevər Əliyev 2005-ci ilin iyulunda Bakıda itkin düşüb. Elsevərin yoxa çıxması ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Bir neçə gün sonra isə Bərdə rayonu ərazisindən onun meyiti tapılıb. Həmin vaxt meyit Elsevər Əliyevin ailə üzvlərinə göstərilməyib və 10 il bundan qabaq kimsəsizlər qəbiristanlığında basdırılıb. Cinayət işi üzrə isə tanınmış vəkil Elçin Sadıqovun anası, Elsevər Əliyevlə yaxın əlaqədə olduğu bildirilən Sahibə Həsənova ifadə verib.

 

Axar.az xəbər verir ki, ötən ilin əvvəlində Sahibə Həsənovanın qızı Gülxar Sadıqova ANS-də yayımlanan “Sən tək deyilsən” verilişinə zəng edərək Elsevər Əliyevin ölümündə anasını günahlandırıb.

 

Məhz onun bu ifadəsindən sonra cinayət işi yenilənib. Bakı Şəhər Prokurorluğunda on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı genetik ekspertiza keçirilib. Həmin meyitin Elsevər Əliyevə məxsus olduğu üzə çıxıb.

 

E.Əliyevin atası İsmayıl Əliyevin hüquqlarını müdafiə edən tanınmış vəkil Adəm Məmmədov qətldə həmkarı Elçin Sadıqovun anasını ittiham edib:

 

“Elsəvər Əliyev amansızcasına öldürülüb. Hazırda cinayət işi yenilənir. İlkin ehtimallara əsasən, Elsevəri vəkil həmkarımın anası Sahibə Həsənova öldürüb. Təbii ki, bunlar Elçin Sadıqovun bacısının ifadələrinə əsaslanır”.

 

A.Məmmədov bildirib ki, həmin qadının başqa cinayət əməlləri də var:

 

“O, qaydasız döyüş üzrə dünya çempionu Azad Məmmədovun həbsində birbaşa iştirak edib. Həmin işlə bağlı zərərçəkmiş və şahidlər ərizə ilə yenidən müraciət ediblər. Onlar bildiriblər ki, Sahibə Həsənova onları təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə ifadə versəniz, sizə borclu olduğumuz pulları qaytaracağıq. Mən sonradan Sahibə Həsənovanın həmkarım Elçin Sadıqovun anası olduğunu bilmişəm. Elçin Sadıqov çalışırdı ki, bu cinayət işinə müəyyən təzyiqlər göstərsin. Bu işlə bağlı həmkarım məni kəskin qınayırdı. Bu, həqiqətən çox ciddi məsələdir. Hər kəs qanun qarşısında bərabərdir. Mənə şər atıldı, təzyiqlər oldu. Burada on ildir açılmayan cinayət işindən söhbət gedir. Həmin cinayət işinin açılmasında Sahibə Həsənovanın qızı Gülxar Sadıqovanın çox böyük rolu olub. Onun ifadəsi nəticəsində istintaq təzələnib. Elsevər Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranılıb və yandırılıb. Mənim hüquq mühafizə orqanlarına müraciətim ondan ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizlik Xidmətinə verilsin. Elsevər Əliyevlə bağlı veriliş getdikdən sonra Sahibə Həsənova ANS-i və Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib. Mən əminəm ki, bu işdə olan mötəbər sübutdan sonra təqsirkar şəxslər tapılacaq və məhkəməyə çıxarılacaq”.

 

Elsevərin atası: “Oğlum Sahibənin gizli əməllərini bilirdi”

 

E.Əliyevin atası İsmayıl Əliyev isə keçirdiyi mətbuat konfransında cinayətlə bağlı bir sıra gizli məqamlara aydınlıq gətirib:

 

“Oğlum 2003-cü ildə Sahibə Həsənova adlı şəxslə kiçik ticarətlə məşğul olurdu. 2003-cü ildə bizim xəbərimiz olmadan mənim oğlum S.Həsənova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar. Oğlumun itkin düşməsinin ən böyük səbəbkarı Sahibə Həsənovadır. Elsevər onun əməllərini, gizli faktlarını bilirdi. S.Həsənova kürəkəni Vüqar Yusifovla əlbir olaraq oğlumu Tərtərdə Vaqif adlı şəxsin kombinatında qətlə yetiriblər. Meyiti Göygöl rayonu ilə Bərdə rayonu arasında çayın üstündən keçən körpünün altına atıblar. S.Həsənova izi azdırmaq üçün oğlumun pasportunu tanıdığı adamla İrana keçirib və onun sənədləri İrandan tapılıb. Hüquq-mühafizə orqanları oğlumu itkin düşmüş şəxs kimi elan etsə də, biz əminik ki, onu Sahibə Həsənova qətlə yetirib”.

 

Sahibə Həsənovanın qızı Gülxar Sadıqova isə növbəti dəfə məsələyə aydınlıq gətirib:

 

“Mən yoldaşım Vüqar Yusifovdan ayrılmışam. 2014-cü ildə yoldaşımla aramızda mülkiyyət bölgüsü vardı. O, təzyiq edirdi ki, məni həbs etdirəcək. Bir dəfə əsəbi halda dedi ki, anan Elsevəri öldürdü, sən də məni öldürəcəksən. Mən təxmin edirdim ki, anam Elsevər Əliyevi yoldaşımla əlbir olaraq öldürüb. Buna görə də polisə bu barədə anonim məktub yazdım. Anam mənə tapşırdı ki, səndən nə soruşsalar, denən ki, bilmirəm. Bunu yəqin ki, Vüqar Yusifov deyirdi. Sonra anonim şikayətin müəllifi olduğumu deyəndə, məni dəli kimi qələmə verməyə çalışdılar”.

 

O, baş verənlərdə qardaşı, tanınmış vəkil Elçin Sadıqovu ittiham edib və qardaşının anası ilə əlbir olaraq, ondan məhkəməyə şikayət etdiyini və adını ləkələtməyə çalışdıqlarını vurğulayıb.

 

E.Sadıqov isə mətbuata açıqlamasında bacısı Gülxar Sadıqovanın psixi pozğunluqları olduğunu və ondan imtina etdiklərini bildirib:

 

“O, bir neçə ilə əvvəl yol qəzasında travma alıb. Hazırda psixoloji problemləri var. Biz ondan imtina etmişik. O, evə qayıtmaq üçün bu cür vasitələrdən istifadə edir. Lakin bu, heç vaxt baş verməyəcək”.

 

Elçin Sadıqov həmçinin bir neçə ay öncə həmkarı Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına və digər qurumlara da müraciət edib.

 

O bildirib ki, Adəm Məmmədov vəkil etikasına yaraşmayan hərəkətlərə yol verir:

 

“Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib, cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apelyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Cinayət işi üzrə zərərçəkənlərdən biri mənim anam – Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən, vəkil Adəm Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O, mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır”.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın