Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Baş ağrılarının əsas səbəbi gərginlik, stressdir”

“Baş ağrılarının əsas səbəbi gərginlik, stressdir”

Bunu nevropotoloq İradə Məşədiyeva deyib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının müraciəti ilə Səhiyyə Nazirliyi institutda müayinə aksiyası təşkil edib. Bu gün onlarla müəllim müxtəlif xəstəliklər üzrə müayinə olunub.

İnstitutun Həmkarlar Təşkilatının sədri İradə Mirzəzadə virtualaz.org-a deyib ki, nazirlik müraciətə dərhal müsbət cavab verib. 16, 19 saylı poliklinikaların, həmçinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimlərindən ibarət qrup yaradılıb. “Bizim institutun 200-dən artıq əməkdaşı var, amma digər institutlardan da gələnlər olur. Səhər saatlarında artıq 60 nəfər müayinədən keçib”, – Mirzəzadə əlavə edib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Reyhan İzzətpənah isə bildirib ki, artıq 26 nəfər kardioloji müayinədən keçirilib. Onların əksəriyyəti ürək ağrısı, ümumi zəiflikdən şikayətlənir: “Bir müəllim açıq ürək əməliyyatı keçirib, amma hazırda ürəyində ağrıları var. Biz ona təkrar müayinələrdən keçməsini təklif etdik. Gənclərin əksəriyyəti isə ürəyində ağrılardan şikayətlənirdi. Bəzilərini nevroloji xəstəliklər üzrə mütəxəssislərə yönəltdik”.

Nevropotoloq İradə Məşədiyeva bildirib ki, gənclər baş ağrısından, yaşlılar təzyiqdən şikayətlənir. “Ehtiyacı olanları rentgen, bəzilərini isə ümumi müayinələrə göndərdik. Baş ağrılarının əsas səbəbi gərginlik, stressdir. Ümumi olaraq ciddi xəstəlik aşkarlanan yoxdur”, – həkim söyləyib.

Aksiya axşama qədər davam edəcək.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …