Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda iki ay əvvəlki qətlə görə kafe sahibi tutuldu

Bakıda iki ay əvvəlki qətlə görə kafe sahibi tutuldu

Bakıda sentyabrın 19-na keçən gecə törədilmiş qətlə görə barəsində axtarış elan edilən kafe sahibi tutulub. 
Musavat.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Lion” kafesinin sahibi Bəxtiyar Babayev saxlanılıb. O, Nobel prospektində 50 yaşlı Ələddin Qarayevin qətlində iştirakda şübhəli bilinir.
Xatırladaq ki, sentyabrın 19-una keçən gecə 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Belə ki, Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti-110 ünvanında yerləşən “Lion” kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib.
Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Cinayəti törədən qardaşlardan biri – Niyaməddin Ağayev hadisədən bir neçə gün sonra İrana qaçmaq istəyərkən həbs edilib, digər qardaşı Elməddin Ağayev isə mühafizəçilik etdiyi kafenin sahibi Bəxtiyar Babayevin yardımı ilə İran ərazisinə keçə bilib. Onun axtarışları davam etdirilir. “Lion” kafesinin sahibinin özü də qaçmağa nail olub və təxminən iki aylıq axtarışlardan sonra ötən gecə tutulub.
 
Qeyd edək ki, qətlə yetirilən Ələddin Qarayev yaralanan oğlu Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunubmuş. Axtarışa verilən Elməddin Ağayev isə iki dəfə məhkumluq həyatı yaşayıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın