Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Araşdırma / “4-5 ay ailəmlə danışa bilmədim, məni dinləyirlər…” – General

“4-5 ay ailəmlə danışa bilmədim, məni dinləyirlər…” – General

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahidlər ifadə verib.

MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovun qohumu Rövşən Abbasov deyib ki, generallar üçün torpaq sahəsi tapıb: “Rafiq dedi ki, rəhbərliyə Mərdəkanda torpaq sahəsi lazımdır. Mən də Ələsgər Əliyevin torpağını tapdım. Ələsgərə 50 min verdik, sonra o torpağın dövlətə məxsus olduğu üzə çıxdı. Ələsgər bu problemi həll edə bilmədi, biz özümüz özəlləşdirdik. Tikinti işləri aparılan Elçin Quliyev də gəlib nəzarət edirdi”.

General Elçin Quliyev isə deyib ki, özü şantaja məruz qalıb: “Heç nədən 2 ildir həbsdəyəm. Hədə-qorxu gələnlər kənarda qalıb, məni həbs ediblər. Zərərçəkmiş deyə bilər ki, ondan 1 milyon almışam. Özü gedib sənədlərə qol çəkib. Mən nəyə görə həbs olunduğumu bilmirəm”.

E.Quliyev istintaq təcridxanasında ciddi nəzarətdə saxlanıldığını deyib: “Kameramın qarşısında 4 nəfər nəzarət edir. Həbsdən olunandan sonra 4-5 ay ailəmlə danışa bilmədim. Sonra telefonla danışmağa imkan yaratdılar, o danışıqlar da dinlənildi. Mən dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəmandan başqa bütün mükafatlarım var”.

Rafiq Səfərov ifadə verərək deyib ki, Elçin Quliyev və İlqar Əliyevin bağ evi tikdirməsi üçün torpaq sahəsi tapılmasını Heydər İslamova tapşırıb: “Ələsgər Əliyevin torpağını aldıq, sonra sənədlərdə problem yarandı. Məsələni öz kanallarımız vasitəsilə həll etdik. Sonra da bağ evi tikildi”.

Zərərçəkmiş Maqsud Mahmudov deyib ki, dünən Ali Məhkəmənin qərarı ilə əlindən alınan restoranı geri qaytarılıb: “Mənə dəyən ziyanı onlara bağışlayaram. Bir şərtlə ki, bunlara göstərişi verən Eldar Mahmudov burada dindirilsin. Mənim Badamdar qəsəbəsində Eldar Mahmudovun evinin qonşuluğunda olan torpaq sahəmi şumlayıblar”.

Zərərçəkmiş Mətləb Mustafayev təcridxanada intihar edən polkovnik İlqar Əliyevin istintaqa ifadəsinin elan edilməsini və Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. Vəsatətlər baxılmamış saxlanılıb.

Digər zərərçəkmişlər, Sahib Qurbanov və Zaur Əzimovun qaldırdığı mülki iddia icraata qəbul edilib.
Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın