Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildə dövlət başçısının sərəncamı ilə yaradılıb.
“Aqrolizinq” ASC-nin fəaliyyətinə 2009-cu ilə qədər İqtisadi İnkişaf Nazirliyi nəzarət edib.
2009-cu
ildə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.
“Aqrolizinq”
ASC kənd təsərrüfatı məhsul istehlakçılarının maddi-texniki bazasını
yaratmaq, sahibkarlara lizinq qaydası ilə texnika, mineral gübrə,
damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma sistemi ilə təchiz və
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və
hüquqi şəxslərə aşağı qiymətlərlə aqroservis xidməti göstərir.
ASC milyonlar xərcləyir, fəaliyyəti hiss olunmur…
“Aqrolizinq”
ASC-nin lizinq yolu ilə fermerlərə kənd təsərrüfatı texnikalarını və
damazlıq heyvanları baha qiymətə satması mövzusu dəfələrlə gündəmə
gəlib. Məsələn, cəmiyyətin Belorusiyadan aldığı traktorların və digər
texnikaların, xaricdən, əsasən də Almaniya və Avstriyadan gətirilən
damazlıq heyvanların da cəmiyyət tərəfindən fermerlərə 2-3 qat baha
satıldığı barədə mətbuatda zaman-zaman məlumatlar dərc edilib.
Aqrar
sektorda çalışan insanları narazı salan məqamlardan biri də cəmiyyət
tərəfindən güzəştli şərtlərlə onlara təklif edilən mineral gübrələrlə
bağlıdır. Belə ki, ASC-nin ölkəyə gətirdiyi mineral gübrələrin də
qiymətlərinin şişirdildiyi barədə fermerlər tərəfindən iddialar
səsləndirilir. Fermerlər bu iddialarını qara bazarda satılan gübrələrin
“Aqrolizinq” ASC-nin satdığı gübrələrdən ucuz olması ilə
əlaqələndirirlər.
Fermerlərdə narahatlıq doğuran məqamlardan biri isə ölkəyə gətirilən gübrələrin zamanında onlara çatdırılmaması ilə bağlıdır.
İddialara
görə ”Aqrolizinq”in xəttilə gətirilən gübrənin keyfiyyət göstəricisi
aşağıdır. Üstəlik, ölkəyə gətiriləndən sonra gübrəyə müəyyən qədər
qatqılar edilməsi keyfiyyəti bir az da aşağı salır. Ölkəyə gətirilən
gübrələrin gecikdirilməsi və keyfiyyətinin aşağı olmasının səbəblərindən
biri də “Aqrolizinq” ASC-nin rəhbərliyinin tez-tez dəyişdirilməsi, daha
doğrusu hər yeni təyin olunan rəhbərliyin gübrələrin gətirilməsi üçün
qurum tərəfindən sifariş olunan tenderlərdə özlərinə yaxın şirkətləri
qalib etmələridir.
Qeyd
edək ki, 2018-ci ilin oktyabr ayında “Aqrolizinq” ASC-nin sədri sədri
Seymur Mövlayev mediaya açıqlama verərək ölkəyə mineral gübrələrin
gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan
çəkilmək niyyətində olduqlarını bəyan etmişdi.
Ölkəyə gübrə gətirən “özəl sektorda” kimlər var?
“Aqrolizinq”
ASC 2019-cu ildə gübrələrin alınması və daşınması məqsədililə bir neçə
satınalmalar həyata keçirib. Cəmiyyətin 30.000 ton ammonium nitrat
mineral gübrəsinin satınalınması məqsədilə ən son keçirdiyi satınalmaya
bu ilin noyabr ayının 22-də yekun vurulub. Satınalmanın dəyəri
14.280.000 (on dörd milyon iki yüz səksən min) manat, qalibi isə “Agro
TT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
10
manat nizamnamə kapitalı olan “Agro TT” MMC 2018-ci ilin noyabr ayının
2-də təsis edilib. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, 7-ci
mikrorayon, ev 5A/8, mənzil 31, qanuni təmsilçisi isə Veyisov Fəxrəddin
Sahib oğludur.
“Aqrolizinq”
ASC-nin 14.2 milyonluq tenderinin qalibi olan “Agro TT” MMC-nin
fəaliyyəti, maddi-tezniki bazası barədə məlumata rast gəlinmir. Bu
şirkətin nə elektron ünvanı, nə əlaqə telefonu var. Azərbaycanda
logistika və brokerlik üzrə fəaliyyət göstərən şirkətlərin arasında da
“Agro TT” MMC-nin adına rast gəlinmir.
Amma bununla belə “Agro TT” MMC-nin qanuni təmsilçisi Fəxrəddin Veyisov barəsində maraqlı faktlar əldə edə bildik.
Məlumata
görə, 1956-cı il təvəllüdlü Fəxrəddin Veyisov uzun illər anbardar,
menecer, mühasib kimi vəzifələrdə çalışıb. Ancaq sonradan işsiz qalan 60
yaşlı Fəxrəddin Veyisov 2016-cı ildə iş axtarmağa başlayıb. Hətta bu
məqsədlə müxtəlif saytlarda elan da verib.
Daha
maraqlı məqam isə 2016-cı ilin payızında saytlar vasitəslilə özünə iş
axtaran Fəxrəddin Veyisovun 2017-ci ilin mart ayının 17-də iki şirkət
təsis etməsidir. Hüquqi ünvanı Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev
35, mənzil 38 ünvanında qeydiyyata alınan “Carboza” MMC-nin və eyni
zamanda “Təmiz Bakı” MMC-nin hər ikisinin nizamnamə kapitalı 20 manat
təşkil edir.
F.Veyisovun
qanuni təmsilçisi olduğu “Carboza” MMC Balaxanı Sənaye Parkında
qeydiyyatdan keçmiş şirkətlərdən biridir. Bu şirkət ağac emalı və mebel
sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş
kömür istehsalı edir.
Göründüyü
kimi, 2016-cı ildə müxtəlif saytlar vasitəsilə özünə iş axtaran 60
yaşlı bir insanın sonradan kosmik sürətlə şirkətlər təsis edərək
milyonluq layihələri qazanması hər halda adi bir insanın uğuru kimi
təqdim edilməsi mümkün olmayan bir məsələdir…
“Aqrolizinq”
ASC-nin 2019-cu ildə sifarişçi olduğu daha bir satınalmaya diqqət
etdikdə ölkəyə gübrə gətirən “özəl sektor” daha maraqlı görünür.
Aparat rəhbəri “özəl sektor”da?
“Aqrolizinq”
ASC 36 milyon manat məbləğində dövlət vəsaiti hesabına ölkəyə 40 min
ton ammofos mineral gübrəsi gətirilməsi üçün müqavilə bağladığı
şirkətlərdən biri də “Azfar-Trans” Qapalı Səhmdar Cəmiyyətidir.
ASC
həmçinin 2019-cu ilin iyul ayının 7-də “Karbamid gübrəsinin daşınması
xidmətinin satınalınması” lotu üzrə daha bir satınalma həyata keçirib.
Məbləği 625.000 (altı yüz iyirmi beş min) manat olan bu satınalmanın da
qalibi “Azfar-Trans” QSC olub.
“Azfar-Trans”
QSC 2016-cı ildə təsis edilib. Nizamnamə kapitalı 2.010 manat olan
QSC-nin hüquqi ünvanı Nərimanov rayonu Ağasadıq Gəraybəyli küçəsi ev 5A
ünvanı, qanuni təmsilçisi isə Nəsibov Taleh Asif oğludur.
Bir
müddət öncə ASTNA.biz saytı “Azfar-Trans” şirkəti barədə maraqlı
məlumat yaymışdı. Həmin məqalədə “Azfar-Trans” şirkətinin qanuni
təmsilçisinin daha bir şirkətinin hüquqi ünvanının Kənd Təsərüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin aparata rəhəri Şamil Süleymanlının qeydiyyatda
olduğu mənzildə olduğu göstərilirdi.
Şamil
Suleymanlı 2012-ci ilin martında yaradılan “Xan Bazarı” MMC-nin iki
təsisçisindən biridir. Bundan başqa onun Bakıda qeydiyyatda olduğu
mənzildə 2013-cü ilin sentyabr ayında daha bir şirkət – “Meps” MMC
dövlət qeydiyyatına alınıb. Ş.Suleymanlı bir müddət bu şirkətə rəhbərlik
edib. 2018-ci ildə şirkətin adı dəyişdirilib və hazırda “Aqroterminal”
MMC adı ilə fəaliyyətdədir. Bu şirkətin direktoru Taleh Nəsibov həm də
“Azfar-Trans” MMC və “Gate Baku” MMC-yə rəhbərlik edir. 2016-cı ildə
yaradılarkən “Gate Baku” şirkətinin direktoru başqa bir şəxs – Ramil
Nəsirov idi. R. Nəsirov “Xan Bazarı” MMC-də Ş. Suleymanovla ortaqdır.
KOBİA-nın aparat rəhbərinin mənzili 2016-cı ilin iyununda yaradılan daha
bir şirkətin “MPS Green Construction” MMC-nin hüquqi ünvanıdır. “Azfar
Trans” MMC bu ayın 18-də dövlətə məxsus “Aqrolizinq” ASC-dən iri
məbləğdə kontrakt alıb. O 36 milyon manat məbləğində dövlət vəsaiti
hesabına ölkəyə 40 min ton ammofos mineral gübrəsi gətirəcək.
Qeyd
edək ki, bir müddət öncə Arqument.az-da Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində fəaliyyət göstərən daha bir qurumun – Aqrar Kredit İnkişaf
Agentliyinin (AKİA) sifarişçi olduğu tenderlər barədə yazı
(http://arqument.az/az/yeni-yaranan-qurumun-milyonluq-tenderlerini-kimler-udub-arasdirma/)
dərc edilmişdi. Həmin yazıda AKİA-nın sifarişçi olduğu tenderin qalibi
olan şirkətin qanuni təmsilçisinin AKİA-nın da təşəbbüskarlarından biri
olduğu aqrar layihəyə rəhbərlik edən şəxs olduğu qeyd edilirdi.
O zaman AKİA “dövlət satınalmaları haqqında qanun”a zidd olan bu halı əsaslandıra bilməmişdi.
Ana səhifə / Araşdırma / 10 manatlıq şirkətin 14 milyon manatlıq tenderi – Ölkəyə gübrə gətirən “özəl sektorda” kimlər var?
Həmçinin oxuyun
Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …