Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Zakir Fərəcovun xanım müavini Abşeronda “at oynadır” – ŞİKAYƏT

Zakir Fərəcovun xanım müavini Abşeronda “at oynadır” – ŞİKAYƏT

“Bu təzyiqlər artıq elə bir həddə çatıb ki, hamıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədovanın Abşeronda külli-ixtiyar sahibi olması təəssüratı yaradır.

Çünki nə qanun sayır, nə də ki, vətəndaşların hüququnu tanıyır. Məni şantaj edirlər ki, istəsək, obyektindən top-tapança da çıxara bilərik”.

Bunu virtualaz.org saytına müraciət edən Abşeron rayonu, Fatmayı kənd sakini Aldırım Əliyev deyib.

Şikayətçinin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini İradə Gülməmmədova tərəfindən qanunsuz olaraq sahibkarlıq fəaliyyətinə müdaxilələr edilir, məhdudiyyətlər, qadağalar qoyulur: “Hazırda məhz bu xanımın göstərişləri və təzyiqləri nəticəsində öz obyektimdən istifadə edə bilmirəm. Ticarət fəaliyyətinə başladığım gündən bəri dəfələrlə İradə Gülməmmədovanın göstərişi ilə RİH əməkdaşı Kərim adlı şəxs öz dəstəsi ilə obyektimə daxil olur, hədə-qorxu gəlir, təzyiq göstərir, ticarət fəaliyyətini dayandırmağımı tələb edir. Əhmədli qəsəbəsində iki evimi satdım, Fatmayıya köçdüm. 5 sot torpaq alıb tikintiyə başladım. 2012-ci ilin may ayında ev tikmək üçün Abşeron RİH-dən sərəncam almışam. Birinci mərtəbəsi ticarət obyekti olmaqla ikimərtəbəli obyekt tikdim. Obyektin yuxarısı yaşayış evidir, aşağısı market. Obyekt istifadəyə verilən gündən icra hakimiyyəti tərəfindən təzyiqlər səngimir. Məni hər gün polis bölməsinə çağırırlar, məhkəməyə verirlər. Buna səbəb bizim işlətdiyimiz marketlə üzbəüz İradə xanımın da eyni malların satışı ilə məşğul olan “24 saat supermarket”inin olmasıdır.

Kərim də İradə xanımın adından dəfələrlə bizə deyib ki, marketdən başqa nə işlə məşğul olursansa ol, çünki İradə xanım sizə market kimə fəaliyyət göstərməyə icazə vermir. Bu təzyiqlər artıq elə bir həddə çatıb ki, hamıda İradə Gülməmmədovanın Abşeronda külli-ixtiyar sahibi olması təəssüratı yaranıb. Çünki nə qanun sayır, nə də vətəndaşların hüququnu tanıyır. Məni şantaj edirlər ki, istəsək obyektindən top-tapança da çıxara bilərik. Mənə o qədər təzyiq olunur ki, daha yaşamaqdan da bezmişəm.

Mayın 18-də icra hakimiyyətinin əməkdaşları heç bir səbəb olmadan buldozer və traktorları obyektimin qarşısına yeridərək qazıntı işləri aparmağa başladı. Həyat yoldaşım Rəfiqə Əliyeva özünü traktorun altına atırdı. Kərimsə deyirdi ki, sür üstünə. Traktorçu gördü ki, mübahisəlidir, qazmaqdan imtina etdi. Abadlıq işləri apardığım yerin altını-üstünə çevirdilər. Bir neçə gün əvvəl də gəliblər ki, buranı sökəcəyik, evin qabağınada obyekt tikəcəyik. Elə bil cinayətkarıq. Abadlaşdırma adı ilə yol örtüyünü söküb həmin sahəni yararsız hala salıblar. Halbuki mən obyektin dörd bir yanını təmir etdirmişdim, qarşısında gül-çiçək əkdirmişdim”.

A.Əliyevin dediklərindən belə məlum olub ki, icra başçısının müavini öz adamlarını göndərərək obyekti bağlatdırıb, möhür vurdurub, polis əməkdaşlarını mağazanın qarşısına düzərək obyekti tam nəzarətdə saxlamaqdadır: “İki dəfə heç bir sənəd göstərmədən marketi möhürləyiblər. Gəlib bağlayırlar, məcburi açıram. Qərəzli olaraq obyektə verilən elektrikin kəsiləcəyi ilə hədələyirdi. Artıq mayın 25-dən etibarən işığı birdəfəlik kəsiblər, generatordan istifadə edirik. Halbuki icra hakimiyyətinin belə tədbirlər görməyə heç bir səlahiyyəti yoxdur. Belə tədbirləri ancaq məhkəmə qərarı əsasında icra məmurları görə bilərlər. Lakin İradə xanımın sözünün üstünə söz deyən olmadığına görə rayonda istədiyi kimi hərəkət edir. Onun bu hərəkəti mənim və mənim kimi bir çox Abşeron rayon sakininin hüquqlarını kobudcasına pozur və bizdə dövlətə qarşı etimadı azaldır. Bu xanım heç bir qanun-qayda tanımır, dövləti təmsil edən vəzifəli şəxs kimi vətəndaş və sahibkarın hüquqları, mənafeləri, onun üçün maraqlı deyil. Onun əsas məqsədi vəzifə səlahiyyətlərindən, statusundan istifadə edərək başqalarının hüquq və mənafelərini kobudcasına pozmaqla öz maraqlarını təmin etməkdir”.

Obyekt sahibi hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyinə, marketin məcburi qaydada bağlatdırıldığına görə orada olan malların əksəriyyətinin xarab olduğunu, böyük məbləğdə maddi zərərə uğradığını deyir: “Bu obyektin tikilməsi, ərsəyə gətirilməsi, lazımi avadanlıqların, ərzaqların və təsərrüfat mallarının alınması üçün böyük məbləğdə pul xərcləmişəm. “Nikoil” bankından bu ilin yanvar ayında 63900 dollar məbləğində kredit götürmüşəm. Kredit borclarımı məhz sahibkarlıq fəaliyyətimdən əldə etdiyim gəlirlər hesabına ödəyirdim. Çünki yeganə qazanc yerim buradır, başqa heç yerdən gəlirim yoxdur. Amma hazırkı vəziyyətdə mən kredit borclarımı da ödəyə bilmirəm. İradə Gülməmmədovanın təzyiqləri nəticəsində bir sahibkar kimi müflisləşmə ərəfəsindəyəm. Ailəmdə iki əlil adam var. Onların dərmanlarını almağa maddi imkanım çatmır. Ailəmin yanında xəcalətli qalmışam. Aya iki min manat kredit ödəməliyəm. VÖEN-im var, kassam var. Axı mən nə günah işlətmişəm? Nə var ki, icra hakimiyyəti başçısının müavininin obyekti var deyə mən market işlədə bilmərəm? Mənə deyir ki, profili dəyiş, tikinti materialları satışı ilə məşğul ol, ərzaq satışı olmasın. Mənim də buna imkanım yoxdur. Bu qədər borcun içindəyəm. Bu avadanlığı kimə qaytarım? Mağazada 40-50 min manatlıq ərzaq var. Bundansa məni öldürsələr yaxşıdır. Bir aydır market açılıb, günüm göy əskiyə bükülüb. Yolun o biri üzündə onundu, bu biri üzündə mən. Bakıda bütün obyektlər yan-yanadır. Onda bir-birlərini qırsınlar, müharibə etsinlər gərək. Mən də bu ölkənin vətəndaşıyam, başqa yerdən gəlməmişəm ki… Bankdan kredit götürmüşəm. Bağlayım, necə ödəyim kreditləri? Həmin mülkü banka girov qoymuşam. Pulu ödəyə bilməsəm, bank evimi alacaq əlimdən. Onsuz da hərtərəfli itirirəm. Çıxılmaz vəziyyətdə qalmışam. Konstutisiyanın 73-cü maddəsində göstərilir ki, sahibkarın işinə müdaxilə etmək olmaz. Mənə deyirlər ki, sən bizimlə prinsip aparırsan. Mən niyə prinsip aparmalıyam ki? Mən hüququmu qoruyuram. Nə istəyiblər, vermişəm. Sərəncamı mənə elə-belə verməyiblər ki…”

A.Əliyev deyir ki, Abşeron Rayon İcra Hakimiyyəti ona məxsus olan və Fatmayı kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən qeyri-yaşayış obyekti kimi istifadə olunmasının qadağan edilməsi barədə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Abşeron Rayon Məhkəməsinin 8 may, 2015-ci il tarixli qərarına əsasən iddia ərizəsi təmin olunub və qərardad icra olunması üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilib.

A.Əliyev Abşeron Rayon Məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu, sözügedən qərardaddan apelyasiya şikayəti verdiyini bildirib. Həmçinin Abşeron Rayon İcra Şöbəsinin 12 may, 2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğvinə dair Sumqayıt İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib: “Əgər mənim işim məhkəmədədirsə, niyə başqa orqanlar buna müdaxilə edirlər? Məhkəmə icra orqanını çağırıb tənbeh edə bilər. Polislə, prokurorluqla niyə hədələyirlər? Qarşı tərəfin mənim üstümə hücum çəkməyə ixtiyarı yoxdur. Məni qorxudurlar ki, obyektindən silah çıxa bilər, qohumların əziyyət çəkər. İnanıram, silah da taparlar. Daha bıçaq sümüyə dirənib. Oğlum da deyir ki, qoy tapsınlar, gedib yataram, dincələrlər. Kəndin içərisində balaca bir obyektə bu qədər müdaxilə olarmı?”

Ötən həftə yenə Abşeron Rayon Polis İdarəsinə çağırdılar. Getdim, dedi ki, icra hakimiyyətindən sizə qarşı şikayət var. Təzədən getdim icra hakiminin müavini Fuad müəllimin yanına. Başa saldım ki, bu sərəncam, bu da layihə, layihəyə uyğun tikmişəm, səliqə-səhman hamısı da yerindədir. Mən nə günah etmişəm? Yaxşı, deyirlər, bağla, bağlayıram. Borclarımı necə ödəyim? Verin mənim avadanlığımı, bank kreditlərimi ödəyin, bağlayım, çıxım gedim. Başqa variantım yoxdur. Hara gedirəm hamısı bir-birinin üstünə göndərir ki, RİH-dən təzyiq var.

Hal-hazırda Abşeron rayonu ərazisində və digər ərazilərdə müxtəlif fəaliyyətlə məşğul olan bir çox obyektlər var ki, həmin obyektlər İradə Gülməmmədovaya məxsusdur. Abşeron rayonu, Fatmayı kəndində yerləşən “Qəbələ” istirahət mərkəzi, Binəqədi rayonu, Davudoğlu küçəsi, 34 ünvanında yerləşən “VİMAY” klinikası, Binəqədi rayonu, Davudoğlu küçəsi, 4 ünvanında yerləşn “Dərman” topdansatış firması və bu kimi bir çox obyektlər İradə Gülməmmədovanın nəzarətindədir, onun əsas gəlir yerləridir. Hətta Goradildə də villası var. Onun bu əmlakları barədə ümumiyyətlə müvafiq qurumların məlumatı yoxdur, bütün bunlar dövlətdən gizlədilməkdədir. Bu əmlaklar hansı yolla əldə olunub? Bu boyda obyekti ola-ola məndən nə istəyir – bilmirəm. Abşeron rayonunun icra başçısı Zakir Fərəcovun qəbuluna düşə bilmirəm, dərdimi deyə bilmirəm. Abşeron RİH-in qarşısından keçmək də olmur, səni yaxınlaşmağa belə qoymurlar”.

A.Əliyev üzləşdiyi problemlə bağlı ölkə başçısına, ombudsmana, baş prokurora müraciət edib: “Abşeron RİH başçısının I müavini İradə Gülməmmədovanın əməllərinin nəzarətə götürülməsini, araşdırılmasını və bu barədə ciddi tədbirlər görülməsini xahiş edirəm”.

Səslənən bu ittihamlarla bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Şikayətçi ilə söhbətdən sonra RİH-ə bir neçə gün ərzində dəfələrlə zəng vurduq. Amma ya zənglərimizə cavab verən olmadı, ya da bu suallara cavab verəcək səlahiyyətli şəxs tapılmadı.

Bununla belə RİH-in, şəxsən İ.Gülməmmədovanın da münasibətini öyrənməyə çalışacağıq.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …

Bir cavab yazın