Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yeni hökumətdə kimlər getdi, kimlər qaldı?

Yeni hökumətdə kimlər getdi, kimlər qaldı?

Xəbər verildiyi kimi, prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinin yeni üzvlərinin təyinatı yer alıb.

Təyinatlara baxanda bir sıra dəyişikliklər olduğunu görürük.

Baş nazir Artur Rasi-zadəni Novruz Məmmədovla əvəzləyən president onun müavinləri arasında da dəyişiklik edib. Baş nazirin müavini Elçin Əfəndiyevi Bakı meri Hacıbala Abutalıbov əvəz edib. Baş nazirin müavini Əli Həsənov isə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirib. Həmin posta deputat Rövşən Rzayev təyin olunub. Baş nazirin digər müavini İsmət Abbasov da yeni kabinetdə təmsil olunmayıb.

Təhsil naziri vəzifəsi bu dəfə də boş saxlanılıb. Boş qalan nazir vəzifələrindən biri də səhiyyə naziri postudur. Oqtay Şirəliyevin yerinə indilikdə təyinat olmayıb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə, bundan əvvəl iqtisadiyyat və sənaye nazirinin müavini olmuş Sahil Rafiq oğlu Babayev təyin edilib. O, Səlim Müslümovu əvəzləyib.

Güc nazirlərinin hamısı yerində qalıb: Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov; Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov; Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov, Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

Bəzi proqnozların əksinə olaraq, xarici işlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov da yeni kabinetdə yer alıb.
Kənd təsərrüfatı naziri postunda Heydər Əsədovu ASAN xidmətin sabiq rəhbəri İnam İmdad oğlu Kərimov əvəz edib.

Maliyyə naziri dəyişməyib: Samir Rauf oğlu Şərifov.

Yeni nazirlərə də toxunulmayıb: Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə; Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev; Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

Musavat.com

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …