Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Xameneinin nümayəndəsi Azərbaycanı tərk etdi

Xameneinin nümayəndəsi Azərbaycanı tərk etdi

Azərbaycan Daxili İşlər Nazirliyi Hüseyniyyə məscidi ilə yanaşı İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsinin Bakıdakı ofisinin də fəaliyyətini dayandırdığını bildirib.

Çərşənbə axşamı günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, təkcə adıçəkilən yerlər deyil, eyni zamanda koronavirusun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb.

“Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”, – Ehsan Zahidov qeyd edib.

İranın Azərbaycandakı səfirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat bir aydır ki, Tehrandadır.

Səfirlikdən qeyd olunub ki, sözügedən məscid və ofisin “bir-birindən ayrı giriş-çıxışı var”.

Ocaq Necatın bu məsələyə münasibəti hələ ki, məlum deyil.

Oktyabrın 1-də İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.

İranın siyasi dairələri hərbi təlimləri regionun stabilliyi və sülhün təhlükəsizliyi kimi izah etsələr də, ölkənin hərbi təmsilçiləri bunu bölgədə “döyüş hazırlığının artırılması” zərurəti ilə izah edib.

İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə “sionist qüvvə yerləşdirməkdə” ittiham edir, ötən ilki 44 günlük müharibə zamanı işğaldan azad edilmiş Cəbrayıla səfər edən İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, “heç bir bina da yoxdur”.

İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …