Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Unun qiymətinin qalxması insanları çox çətin vəziyyətə salacaq” – DEPUTAT

“Unun qiymətinin qalxması insanları çox çətin vəziyyətə salacaq” – DEPUTAT

“Çox təəssüf ki, ərzaq qiymətləri bahalaşmaqda davam edir. İndi çörəyin də bahalaşması baş verir. Artıq bir çox yerlərdə bir kisə un 26 manatdan 36 manata qalxıb. Bunu da belə əsaslandırırlar ki, dünya bazarlarında da qiymətlər artır. Bu, düzgündür, amma hər halda dünya bazarında qiymət artsa da çörəyin qiymətinin qalxmasına imkan vermək olmaz. Çünki bu, strateji məhsuldur və Azərbaycanın insanları da çörəklə dolanır. Ən azından evində çörəyi olar, pendiri və s. yedizdirib, uşağını dolandırar. Onun üçün də çörəyin və unun qiymətinin qalxmasına yol vermək olmaz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat bildirib ki, çörək qıtlığı yarana bilər:

“Mən taxıl idxalçılarının və istehsalçılarının müraciətini oxudum. Əgər onlar köhnə qayda ilə çörək satacaqlarsa, demək, o zaman qıtlığın yaranması gözlənilir. Onlar artıq idxal etmək istəməyəcəklər, çünki qazancları olmayacaq. Hətta mənə bir aya yaxındır ki, bir neçə çörək sexlərinin müdirləri də zəng edərək, xahiş edirdilər ki, çörəyin ya çəkisini azaltmalıyıq, ya da ki, başqa bir yol tapılmalıdır. Bunu parlamentdə qaldırmağımı xahiş edirdilər. Təbii ki, mən onları başa düşürəm, iş adamları qazanc üçün işləyir. Həm də onlar məhsul gətirirsə, bundan mütləq qazanc götürməlidirlər və onlara bununla məşğul olmaq sərf etməlidir. Bütün çörək məhsulları, buğdanın idxalı ilə bağlı dövlət tərəfindən güzəştlərin hamısı edilib, ƏDV götürülüb. Artıq hökumət tərəfindən onlara nə ediləcəklə bağlı bir məsələ qalmayıb. İki yol qalıb. Birinci yol, hazırda yaxın dövr üçün taxıl idxalçılarına yaranan bahalaşmanın fərqini dövlət büdcəsindən, qızıl ehtiyatlarımızdan, valyuta ehtiyatlarımızdan ödəyək, amma çörəyin bahalaşmasına getməyək. Təbii ki, bunu da həmişə dövlət edə bilməz”.

Deputat hesab edir ki, su ehtiyatlarını təşkil etməklə, Qarabağda boş olan ərazilərimizin hamısında taxıl əkməklə, Azərbaycanın ərzaq təhlükəsizliyini, xüsusən də, buğda ilə bağlı tələbatını ən azından özümüz ödəməyə çalışmalıyıq:

“Azərbaycanın indi işğaldan azad olunan əraziləri var. Qarabağda böyük-böyük ərazilərimiz minalardan təmizlənir. İkinci yol budur ki, burada olan bütün boş sahələrin hamısı əkilməlidir. Düzdür, su ehtiyatlarımız yoxdur, yağış da, qar da yoxdur, dəmyə torpaqlarının da əkilməsi əvvəlki kimi effektləri vermir, çünki yağıntılar azdır. Hər halda hökumətin borcudur ki, dünyada yeni texnologiyaları öyrənsin və biz ərzaq təhlükəsizliyimizi təmin edə bilək. Çünki Səudiyyə Ərəbistanında da yağış yağmır, qumluq bir səhrada yerləşir. Amma özünün taxıl ehtiyatlarını, həm də ki, kənd təsərrüfatı ilə bağlı ehtiyatlarını özü təmin edə bilir. Bu da ki, yağış sularının idarə olunması, yeraltı suların effektiv istifadəsi ilə baş verir. Mövcud sulardan ehtiyatla, damcı sistemi və digər müxtəlif üsullarla istifadə etməklə buna nail olunur. Bax bu cür yeni metodlardan istifadə etmək lazımdır. İstənilən halda bahalaşmaya getmək olmaz, çörəyin qiymətini qaldırmaq olmaz .Təbii ki, unun da qiymətinin qalxması insanları çox çətin vəziyyətə salacaq. Onun üçün də bu fərqi mütləq şəkildə ödəmək lazımdır. Hər hansısa bir şəkildə o fərqi iş adamlarına ödəmək lazımdır ki, onlar çörəyin və unun qiymətini qaldırmasınlar”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …