Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Üç medalla təltif olunan əsgər veteranlıq statusu ala bilmir

Üç medalla təltif olunan əsgər veteranlıq statusu ala bilmir

“Hər bir azərbaycanlı kimi mənim də arzum var idi ki, müharibə başlasın, gedib torpaqlarımızı azad edək. Qismət elə gətirdi ki, Vətən müharibəsi başlananda bir il idi ki, hərbi xidmətdə idim. Sentyabrın 27-dən müharibənin sonuncu gününədək döyüşlərdə iştirak elədim”.

Bu barədə “Qafqazinfo”ya Vətən müharibəsi qazisi Şıxəlizadə İnayət Mübariz oğlu bildirib. 

Xəbəri rus dilində oxuyun: Стала известна причина самоубийства 17-летней девушки – Видео

O, Lənkəran rayonunun Balaşürük kəndində doğulub. Qazi Füzuli və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Həmin günləri belə xatırlayır: “Çox ağır döyüşlər gedirdi. Hər dəfə hansısa ərazini azad etdikcə çox sevinirdik. Düşmən bizim qarşımızda çox aciz və zəif idi, biz bunu hiss edirdik. Müharibədə olduğum müddətdə uzun müddət ailəmlə danışa bilmədim, məndən xəbər ala bilmirdilər. Hətta həmin vaxt mənim şəhid xəbərim də gəlibmiş. Sonradan ailəmlə danışdım, valideynlərim çox sevindilər ki sağam. Mən döyüşdə minomyotatan olmuşam. Dəfələrlə ölümdən xilas olmuşam. Yanıma düşmən mərmisi düşsə də, şükürlər olsun ki sağ qalmışam. Bir dəfə döyüş 4-5 dəqiqə idi ki başlamışdı, top mərmisi düz yanımıza düşdü, lakin xoşbəxtlikdən partlamadı. Bir dəfə də pusquya düşmüşdük. Yaxınlıqda döyüşə yoldaşlarımdan şəhid olanlar oldu. Bu çətin anlarda həm Allaha sığınırdıq, həm də özümüzə güvənirdik”. 

Qazi bildirir ki, düşməndən qisas almaq elə bir hisdir ki, onu sözlə ifadə etmək mümkün deyil, o anları ancaq yaşamaq lazımdır. İ. Şıxəlizadə müharibədə döyüşdüyünə görə 3 medalla təltif olunub. Lakin buna baxmayaraq hələ də veteranlıq statusu ala bilmir: “44 gün ərzində Vətən müharibəsində iştirak eləmişəm. 3 medalla – “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarıyla təltif edilmişəm. Lakin buna baxmayaraq mənə veteranlıq vermirlər. Nədənsə, mənim adımı sistemə salmayıblar. Lənkəran rayonunun Hərbi Komissarlığına müraciət etsəm də, problem həll olunmayıb”.

Şikayətlə bağlı Müdafiə Nazirliyinə müraciət etdik, qazinin probleminin araşdırılacağı bildirildi. 

Qeyd edək ki, qazinin atası Mübariz Şıxəlizadə də I Qarabağ müharibəsi veteranıdır. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …