Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Test üsulu ilə bağlı böyük qalmaqal – tərəflərin şok ittihamı

Test üsulu ilə bağlı böyük qalmaqal – tərəflərin şok ittihamı

Firudin Cəlilovun “Test mənim ideyamdır” iddiası AXC komandasını qəzəbləndirdi

Sabiq təhsil naziri Firudin Cəlilov cəmiyyətdə şok effekti yaradan, qızğın müzakirələrə yol açan açıqlamalar verib. Belə ki, bakıpost.az-a müsahibəsində sabiq nazir Azərbaycanda qəbul imtahanlarının test üsulu ilə keçirilməsi ideyasının mərhum prezident Əbülfəz Elçibəyə deyil, özünə məxsus olduğunu bildirib:  “İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır. Mən Rəhim Hüseynovun vaxtında baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi.

Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya ”hə” de, ya “yox”. Konkret razılıq vermədi. Orda bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

F.Cəlilov həmçinin Ə.Elçibəyin Tələbə Qəbulu Komissiyasına Vurğun Əyyubun sədr təyin olunmasına da qarşı olduğunu deyib: “Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi”.

Sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov F.Cəlilovun dediklərini yalan adlandırıb: “Adamdan soruşarlar, nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın? Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir? Əvvəla, 1991-ci ilin avqustunda Elçibəyin təklifi ilə AXC tərəfindən Türkiyəyə göndərilən 50 tələbənin qəbul imtahanına rəhbərlik edən Vurğun Əyyuba sənədlərin hazırlanması və texniki işlərdə AXC qərargahının ştatlı işçiləri kimi Ellada Məmmədli ilə kömək etmişik. Prosesin yüksək səviyyədə və şəffaflıqla həyata keçirilməsi Elçibəy tərəfindən yüksək qiymətləndirilib və sonradan Vurğun Əyyubun TQDK-ya sədr təyin olunmasında əsas faktorlardan biri olub”.

Köməkçinin sözlərinə görə, bir universitet müəllimi olan Elçibəy təhsil sahəsindəki problemləri yaxşı bilir, bu sistemdəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı: “Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş, sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, test üsulunun tətbiqi məsələsini Seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təsdiqləyə bilər”.

Oqtay Qasımov: ile ilgili görsel sonucu

Oqtay Qasımov: “Nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın”?

O.Qasımov bildirib ki, Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaratmışdı: “Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudun müəllimə aralarındakı razılaşmanın Ali Sovetdəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O, isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması, sadəcə, gülüş doğurur və qeyri-ciddidir. TQDK Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu onun yaratması fikri, yumşaq desək, yalandır. Bu qurum Elçibəyin fərmanı ilə yaradılıb. Digər tərəfdən, 2000 nəfər Türkiyəyə göndərilən tələbələr üçün ayrıca imtahan keçirilməsi fikri absurddur. Bütün tələbələr üçün imtahan bir dəfə keçirilib”.

Sabiq baş nazir Pənah Hüseyn də F.Cəlilovun dediklərinin həqiqətəuyğun olmadığını bildirib: “Müsahibəni oxudum və təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar? Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan orqanın – TQDK-nın yaradılması ideyası da, bu ideyaların realllaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC-nin seçki platformasına daxil idi. Firudin Cəlilovun guya, bu məsələ ətrafında prezidentlə davalar, mübahisələr etməsi, prezidentin məni Firudin Cəlilovu bu məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə, sadəcə, gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər.

Firudin müəllim, ümumiyyətlə, prezidentin qəbulunda məncə, heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, Firudin Cəlilov onun gözünə görünməsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı, mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki buna ehtiyac olmayıb”.

Pənah Hüseyn ile ilgili görsel sonucu

P.Hüseynin sözlərinə görə, F. Cəlilovun dediklərində bir məsələ düzdür: “Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini Firudin Cəlilov irəli sürüb. Əslində, bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı… Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə universitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya, prezident Vurğun Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəllimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf…”

Ellada Məmmədli ile ilgili görsel sonucu

AXC tərəfindən 50 tələbənin Türkiyə universitetlərində oxumağa göndərilməsi prosesində aktiv iştirak etmiş ADR Hərəkatı İdarə Heyətinin sədr müavini Ellada Məmmədlinin “Yeni Müsavat”a dediyinə görə, bu proses Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə baş tutub: “1990-cı ildə Dərnək bizim tələbələrin oradakı təhsil xərclərini qarşılaya biləcəyini açıqladı. 90-cı il çox qarışıqlıq olduğu üçün biz bunu edə bilmədik. AXC İdarə Heyətinin qərarı ilə bu iş 1991-ci ildə həyata keçirildi. Qərarla qəbulu təşkil etmək üçün Vurğun Əyyubun rəhbərliyi ilə komissiya, bir də mənim də üzv olduğum işçi qrup yaradıldı. Tələbələrdən sənədlər qəbul edildikdən sonra yenə Vurğun bəyin rəhbərliyi ilə böyük bir qəbul komissiyası yaradıldı. Komissiyanın üzvlərindən biri də Firudin Cəlilov idi. Sonra orada familiyasını unutduğum kimya elmləri dosenti Ramiz adlı adam, Tofiq Qasımov da vardı. Mən orada AXC Təşkilat Şöbəsinin sədr müavini kimi təmsil olunurdum. Bütün sənədləşmə işlərini mən apardım, səhv etmirəmsə, 600-dək müraciət edən oldu, şəffaf və ədalətli seçimlə 50 nəfər seçildi. İndi o tələbələrdən üzdə olanları çoxdur, onlar da təsdiq edə bilərlər ki, o qəbula rəhbərlik Vurğun bəydə olub, Firudin Cəlilov adi komissiya üzvlərindən biri olub”.

E.Məmmədli bildirir ki, test üsulu ilə qəbulun təşəbbüskarı Elçibəy olub: “Hətta bir vaxtlar Rövşən Qəmbər də deyirdi ki, test üsulunu o təklif edib. Halbuki hamı bu prosesin təşəbbüskarı Əbülfəz bəy, icra edən isə Vurğun bəy olub. Çox təəssüf edirəm ki, Firudin Cəlilov indi – hər iki şəxs rəhmətə gedəndən sonra belə iddialar irəli sürür. Adama deyərlər, təhsil naziri kimi təhsil sistemində çox ciddi islahatlar tapşırılmışdı sənə, niyə ortaya uğurlu bir iş qoyub tarixdə qala bilmədin? İndi uğurlu olan işi öz adına çıxırsan”.

Qeyd edək ki, F.Cəlilov test məsələsi ilə bağlı prezident Ə.Elçibəylə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbərin də iştirak etdiyi müzakirədə deyişdiyini bildirib. Adları çəkilən şəxslərdən AXC hakimiyyətinin milli təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər “Yeni Müsavat”a belə bir müzakirə və deyişmənin olduğunu xatırlamadığını dedi: “Mən belə bir müzakirəni xatırlamıram. Bildiyim odur ki, Firudin Cəlilov da test üsulu ilə qəbulun tərəfdarı olub, Əbülfəz Elçibəy də”.

İxtiyar Şirin ile ilgili görsel sonucu

F.Cəlilovun adını çəkdiyi digər şəxs – AXC hakimiyyətinin baş prokuroru olmuş İxtiyar Şirin “Yeni Müsavat”a test üsulu ilə qəbulun ideya müəllifinin birmənalı olaraq Ə.Elçibəy olduğunu dedi: “O zaman bir neçə qəbul variantı müzakirə olunurdu. Prezident Əbülfəz Elçibəy test üsulunun tərəfdarı idi, qəbulun onunla aparılmasını istəyirdi”.

İ.Şirinin sözlərinə görə, Ə.Elçibəyin test üsuluna qarşı hər hansı formada narazılıq etməsini qeyri-mümkün sayır: “Bu, absurddur. Əbülfəz Elçibəy prezident idi, qərarları o verirdi. Narazı olduğu bir sistemin tətbiqinə heç vaxt qərar verməzdi. Bu məsələnin ideya müəllifi, onun icrasına göstəriş verən məhz odur. Firudin Cəlilovun dediyi bir müzakirə, yaxud deyişmə olmayıb. Mən belə bir müzakirədə iştirak etməmişəm”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …