Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Televiziyalara donuz qripi çağırışı edildi: “virus haqda sosial çarxlar hazırlansın!..”

Televiziyalara donuz qripi çağırışı edildi: “virus haqda sosial çarxlar hazırlansın!..”

Deputat və tanınmış pediatr əhalini isə panikaya düşməməyə səslədi

“Əvvəla, qrip törədən viruslar fərqlidir. Onlar üç ştammdırlar və daimi mutasiya olunurlar. “A”növü daha təhlükəlidir və ölümcül ağırlaşmalar olan növdür. Azərbaycanda isə rəsmi məlumat budur ki, H1 N1 virusunun “A” ştammı mutasiya olunub və təhlükəli deyil. Biz də rəsmi məlumata inanmalıyıq”.

Bu fikirləri tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a ölkədə A/H1N1 virusunun mövcud olması haqda danışarkən bildirdi. Onun sözlərinə görə, ilk növbədə 5 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı insanlar və hamilələr özlərini qorumalıdırlar: “Xəstə uşağı məktəbə buraxmaq olmaz və təcrid olunmalıdır. Amma o demək deyil ki, xəstəlik varsa, peyvənd olunmalıdır. Bizdə hələ bu virusla bağlı poliklinikalarda peyvənd edilən yoxdur.  Sadəcə, cəmiyyət olaraq bir mübarizə aparmalıyıq, çaşdırıcı informasiya yaymaq olmaz, panika yaratmaq yolverilməzdir. Bu baxımdan fikrimcə, maarifləndirici sosial çarxlar hazırlanmalıdır.

Dövlət telekanalları da, özəl televiziyalar da yarım dəqiqəlik sosial çarxları təqdim etməlidirlər ki, əhali məlumatlı olsun”.

V.Qarayevin sözlərinə görə, 2009-cu ildə donuz qripi şayiələri meydana çıxanda bəzi işbazlardan bundan sui-istifadə etdilər: “O vaxt qoruyucu maska biznesində işbazlar böyük pul qazandı. Ona görə deyirəm ki, panika yolverilməzdir. İnsanlar tez-tez əlini yumalı, kütləvi, sıxlıq olan yerlərdə çox gəzməməli, qoruyucu maska taxmalı, qripə yoluxan insanlara maye çox qəbul etməli, meyvə-tərəvəzə üstünlük verməlidir. Təbii ki, həmin virusun olması təsdiqlənir. Ancaq deyildiyi kimi, mutasiya olunub və təhlükəli deyil. Məsələn, Gürcüstanda vəziyyət çox ağırdır. Bu virusdan xüsusi qorunma yolu yoxdur. Biz burun tutulmasına da qrip deyirik, hansısa öskürək halına da. Əhaliyə düzgün məlumat verilməlidir”. 

Vaqif Qarayev ile ilgili görsel sonucu

Pediatr bildirib ki, Azərbaycanda qızılca da var: “Eyni zamanda, Ukrayna, Gürcüstan, Serbiyada var. Peyvəndlə bağlı müxtəlif ölkələrdə proqnoz verilir. Ümumdünya Səhiyyə Təşkilatı məlumat verir ki, qış aylarında hansı virusun ştammı daha çox yayıla bilər. Bu gün ən çox istifadə edilən polivaksin peyvəndidir. Amma yenə deyirəm ki, H1 N1 virusuna qarşı peyvənd olmayıb”.

Musa Quliyev ile ilgili görsel sonucu

“Tək Azərbaycanda deyil, digər ölkələrdə də, xüsusilə, qış fəslində virus infeksiyalarının yayılması müşahidə olunur. Amma bizdə epidemiya şəklində deyil”. Bunu isə modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. Deputat qeyd edib ki, bu kimi hallar qanunvericiliklə əlaqədar məsələ olmadığından, komitənin deyil, Səhiyyə Nazirliyinin səlahiyyətindədir: “Ağır formada keçirilən virus infeksiyasının, analizlərlə tam təsdiq olunmayıbsa, quş yaxud donuz qripi olduğunu dəqiq deyə bilmərik. Analizlərin nəticələri ortaya qoyulduqda və müəyyən bir toplum içərisində virus yayıldıqda, ciddi tədbir görməyə ehtiyac yaranır. Məlumatıma görə, Respublika Kliniki Mərkəzinin İnfeksiya şöbəsində xüsusi mərtəbə ayrılıb, yalnız qrip infeksiyası ilə müraciət edənlər üçün fəaliyyət göstərir. Orada da ciddi, ağır vəziyyətdə olan xəstələr yoxdur”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin infeksiyaların yayılmasını önləmək üçün gördüyü işləri dəstəkləyir. O, bununla yanaşı, əhalinin maarifləndirilməsinin vacibliyini də vurğulayıb: “Epidemiya əleyhinə görülən tədbirlər kifayət qədər yüksək səviyyədədir. Amma paralel olaraq, əhalinin ciddi maarifləndirilməsinə böyük ehtiyac var.  Toplum halında, insanlara müxtəlif xəstəliklər, onların əlamətləri, müalicə yolları, həkimə müraciət etməyin vacibliyi barədə məlumatlar geniş çatdırılmalıdır. Önləyici tədbirlərin effektiv olması üçün paralel maarifləndirmənin artırılması önəmlidir. Əhali həm özünü, həm də ailə üzvlərini, ətrafındakıları qorumağı öyrənməlidir. Əgər ailə üzvlərindən biri xəstədirsə, mütləq tibbi maska taxmalı, digər şəxslərlə yaxın kontaktdan çəkinməlidir. İctimai nəqliyyatdan istifadə edərkən, kollektiv içərisində olarkən, məsafənin saxlanmasına, dezinfeksiyaedici preparatlardan istifadəyə diqqət edilməlidir. İnsanlar immunitet vəziyyətindən asılı olaraq, özlərini qorumalıdırlar. Əgər infeksiya varsa, Səhiyyə Nazirliyi hər kəsə nəzarət üçün bir həkim qoya bilməz. Ona görə, fərd olaraq, hər kəs səhhətinin qeydinə qalmaqda maraqlı olsun”.

Hande Harmancı ile ilgili görsel sonucu

Qeyd edək ki, fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı deyib ki, bu qrip insanlarda müşahidə edilən İnfA (H1N1) pdm09-dur: “Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu yeni virus deyil və bu virus artıq “donuz qripi” də adlandırılmır. “Donuz qripi” deyilən qrip yoxdur. İnsanlarda müşahidə edilən virus insani qrip, donuzlarda müşahidə edilən donuz qripidir. Donuz qripi donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan Inf A/H1N1 pdm09 olub”.

Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə bildirib ki, A/H1N1 virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir.

Yeri gəlmişkən, soyuq mövsümü başlayandan bəri Moldovada 12 nəfər qripdən həlak olub. Azərtac yayıb ki, bu barədə Moldovanın səhiyyə, əmək və sosial müdafiə nazirliyinin dövlət katibi Alyona Serbulenko məlumat verib. Onun sözlərinə görə, qripdən ölənlərin hamısında A (H1N1) virusu aşkarlanıb. Onlar qripə qarşı vaksin olunmayıblar.

Moldovada hazırda qrip xəstəliyinin artma tendensiyası davam edir. A.Serbulenko əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …