Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki neqativ hallarla bağlı məsələ zaman-zaman gündəmə gəlir.
Bununla
bağlı dəfələrlə yoxlama aparılıb, cəzalandırılanlar da olub. Komitəyə
qarşı çeşidli ittihamlar isə səngimək bilmir. Yeni rəhbərliyin ötən
müddətdəki fəaliyyəti belə problemlərin ciddi surətdə aradan qalxmasına
şərait yaratmayıb. Doğrudur, hələlik üstü açılan məsələlər Gömrük
Komitəsinin keçmiş sədri Aydın Əliyev dönəmindən qalanlardır. Yayılan
son xəbərə görə, 2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin
Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb. Məlumata
görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında
aparılıb.
Dövlət
Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.
Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 – 31.12.2017 dövrü üzrə
yoxlanıb. Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız
ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər
hesabına büdcəyə bərpası təmin edilməyib. Dövlət Maliyyə Nəzarəti
Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinə göndərib.
Dövlət
Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Bakı Baş Gömrük İdarəsində də yoxlama aparıb. Yoxlama
nəticəsində 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkar
edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə
bərpası təmin olunub və sənədlər Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinə göndərilib.
Yoxlamaların
əhatə etdiyi dövrə nəzər salsaq görərik ki, həmin dönəm komitəyə Aydın
Əliyev rəhbərlik edib. Bundan əvvəl isə Dövlət Gömrük Komitəsinin Tibb
Xidməti İdarəsinin rəisi Fikrət Qədiməliyev, onun müavini Fərman
Məmmədli, həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük
İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfər həbs
olunub. Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə
gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində
qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində
günahlandırılıb. General və müavininə həm də hospitalda 15 milyon
manatlıq mənimsəmə üzrə ittihamlar verilib.
Komitənin
keçmiş rəhbərliyi dönəmində baş verənlərlə bağlı yoxlamalar və ortaya
çıxarılan faktlar indiki sədr Səfər Mehdiyev və komandasına dərs
olmalıdır.
Çünki
zaman fasiləsi məsuliyyəti azaltmır, bütün sirlərin faş olacağı dövr
var. Komitənin indiki rəhbərliyi ilə bağlı da mütəmadi narazılıqlar
səslənir. Gömrük- keçid məntəqələrində baş verən neqativ hallar, mövcud
problemlər ictimai narazılığa səbəb olur. Xüsusilə də insanlar gömrükdə
üzləşdikləri problemlərdən, onlara yaradılan süni əngəllərdən
şikayətçidirlər. Gömrükdə hələ də ciddi problemlər həllini tapmayıb,
üstəlik yeniləri yaradılır. Komitənin ləğv prosesinin başlaması haqqında
intensivləşən informasiyalar da məhz bu xəbərlərdən qaynaqlanır. Qeyd
edək ki, ekspertlər komitənin ləğv olunaraq Vergilər Nazirliyinin
balansına verilməsinə dair ortaq mövqe sərgiləyir.
Digər
tərəfdən, komitənin fəaliyyətindən təkcə sadə vətəndaşlar deyil, həm də
iş adamları narazılıq edir. Bu narazılığı şərtləndirən kifayət qədər
səbəb var ki, onlardan biri də DGK-nin rəsmi invoysları qəbul
etməməsidir. Doğrudur, zaman-zaman təqdim olunan invoyslarda müəyyən
problemlər, anlaşılmazlıqlar da olur. Amma bu cür halların az olmasına
baxmayaraq, komitə bütün mal gətirənlərə eyni prosesi tətbiq edir.
Müstəqil ekspertlər beynəlxalq təcrübədə belə bir prosedurun olmadığını,
Gömrük Komitəsinin fəaliyyətinin gömrük fəlsəfəsinə zidd olduğunu
deyir. Faktiki olaraq Gömrük Komitəsinin invoys-qiymətləndirməyə dair öz
siyasəti mövcuddur ki, bu da əslində qanunaziddir. Bu, həm də ölkədə
azad bazar qaydalarını, rəqabətli mühiti pozan əsas amil kimi
qiymətləndirilir.
Dövlət
Maliyyə Nəzarəti Xidmətinin son yoxlamalarından sonra ortaya çıxan
faktların indiki rəhbərliyə aidiyyatı olmasa da, amma bu, ən azından
Səfər Mehdiyevin komandasına dərs olmalıdır. Çünki gömrükdə olan,
əhalinin ciddi narazılığına səbəbiyyət verən və hələ də həllinə yönəlik
heç bir addım atılmayan məsələlər gələcək yoxlamalarda Səfər Mehdiyevi
hədəfə gətirəcək. Ölkə başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki,
məmur xalqın xidmətçisidir. Xalqın maraqlarına uyğun olmayan fəaliyyət
isə məmur ömrünü qısaldır.
Cebhe.info
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …