Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Rusiyaya zərbə…

Rusiyaya zərbə…

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası dünya çempionatının təşkilatçılığını Rusiyadan alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə IAAF-dan açıqlama verilib.

IAAF təşkilata üzvülüyü dayandırılan Rusiya Atletika Federasiyasının təşkilatçılıq hüququndan məhrum edildiyi bildirir. Yarışların hansı ölkədə keçiriləcəyi ilə bağlı qərar yanvarın 7-də veriləcək. Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı idmançıları “dövlət dəstəyi ilə” dopinqə qarışdırmaqda ittiham etmişdi. Bu hesabatdan sonra IAAF Rusiya Atletika Federasiyasının üzvülüyünü dayandırmış, rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırmışdı. WADA isə Moskva Dopinq Nəzarət Labaratoriyasının üzvülüyünü dayandırmışdı.

Riçard Paund – WADA rəhbəri

Məhz buna görə, gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarına Rusiya idmançıları buraxılmaya bilər. Bu barədə Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransında bildirilib. WADA rəhbəri Riçard Paund bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar qeyd şərtsiz diskvalifikasiya ediləcəklər.

“2016-cı ildə keçiriləcək Olimpiadaya gəlincə, Rusiya idmançılarının diskvalifikasiya olunması məsələsinə baxırıq. Biz ümid edirik ki, rusiyalı idmançılar yeni şərtlərlə işləyəcəklər. Əks halda onlar Rioda olmayacaqlar. Güman edirəm ki, VFLA dəyişiklik üçün zamanın yetişdiyini başa düşür və onlar bunu edəcək. Beynəlxalq Olimpiya Komitəsi və Rusiya Komitəsi bu barədə məlumatlıdır”,- deyə Riçard Paund keçirilən brifinqdə bildirib.

Bir müddət əvvəl WADA rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasını tövsiyə etmişdi. WADA-nın araşdırmasında əsasən Rusiya idman naziri Vitali Mutko ittiham olunur. Agentlik bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyaların məhz Mutkonun göstərişilə baş verdiyini qeyd edir. Təşkilatın hesabatında bildirilir ki, Moskva Antidopinq Agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testi məhv edib.

Vitali Mutko – Rusiyanın idman naziri

Rusiyanın idman naziri Vitali Mutko isə öz ünvanına söylənmiş bütün ittihamları və həmçinin dopinq analizi keçirənlərə təzyiq göstərilməsi barədə deyilənləri təkzib edərək bunları iftira adlandırıb. WADA hesabatı bu təşkilatın 2014-cü ilin dekabrında Rusiya yüngül atletlərinin kütləvi halda dopinqdən istifadə etdiklərini iddia edən film nümayiş olunduqdan sonra özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır. Həmin film Almaniya televiziyası tərəfindən çəkilib. Film müəlliflərinin iddiasına görə, IAAF Rusiya yüngül atletika federasiyasında baş verən pozuntuları ört-basdır edib.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …

Bir cavab yazın