Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra hökumət nümayəndələrinin, deputatların, hökumətdən maliyyələşən medianın yeni versiyası ortaya çıxıb.

Bəziləri bunu təhlükəsizliklə əlaqələndirir, bölgədə durumun ciddi olduğuna işarə edir. Xüsusən də martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra.

Sərhədlərin bağlı qalmasının narkotik ticarətinin qarşısının alınması üçün olduğunu iddia edənlər də var. Lakin Azərbaycan hakimiyyəti hər hansı açıqlama vermir, səbəblərlə bağlı versiya irəli sürmür. Tək səbəb kimi bir ildən artıqdır dünyada bitmiş elan olunan “COVİD 19” pandemiyası göstərilir.

Yeni versiyalardan birini deputat Siyavuş Novruzov irəli sürüb. Bildirib ki, quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılığı var.

Deputat Siyavuş Novruzov

Deputat qeyd edib ki, həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər:

 “Onların vasitəsilə maliyyələşirlər. Quru sərhədlər sadə vətəndaşlara yay, istirahət vaxtları hansısa ölkələrə getmək üçün lazım olan amildir. Qalan bütün hallarda quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb. Hər ay 70-dən artıq onlayn müraciət alıram. Bizim komitəyə, təxminən, yarım il ərzində 2 mindən çox məktub daxil olur. Onların arasında quru sərhədlərlə bağlı məsələ yoxdur, bu, vətəndaşın marağında deyil”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə həmkarı ilə eyni fikirdə deyil. O, 2023-cü ildən quru sərhədlərin heç bir səbəb olmadan, qanunsuz bağlı saxlanıldığını bildirib.

Milli Məclisin iclasında danışan deputat qeyd edib ki, bu, ümumi daxili məhsulun həcminin dünya üzrə artımından üç dəfə daha az olmasına gətirib çıxarıb.

Martın əvvəli Gürcüstanın Xarici İşlər naziri İlya Darçiaşvili bəyan edib ki, Azərbaycanla sərhədin açılmasının tərəfdarıdır və sərhədin niyə bağlı qalmasının səbəbini bilmir.

Səyahət blogeri Azər İsmayıl deyir ki, bütün sərhəd keçid məntəqələrində X-ray skanneri var, kəndlinin qonşu ölkədən ucuz aldığı malı çox diqqətlə izləyən gömrükçülər istənilən yükü izləyə və gələ biləcək təhlükəni də yerindəcə müəyyən edə bilərlər:

Azər İsmayıl

“Xarici təhlükə təkcə Azərbaycan üçün deyil. Misal üçün, Rusiya Gürcüstanın yarısını işğal edib, amma Gürcüstan ilk fürsətdə Rusiya ilə sərhədlərini açıb. Qonşu ölkələrə təkcə yayda istirahət üçün getmirlər, eyni zamandan, daha ucuz bazardır. Həmçinin sərhədin o tərəfində yaşayan qohumlar, doğmalar var”.

Bloger qeyd edir ki, Qazaxda, Balakəndə yaşayan insanlar Gürcüstandakı qohumlarını görmək üçün Bakıdan təyyarə ilə uçmaq məcburiyyətində qalıb:

“Tutaq ki, lap elə istirahətə gedir. 4 nəfərlik orta statistik ailə Gürcüstana istirahətə getmək üçün niyə aviabiletə 1000 manat verməlidir? 100-150 manat benzinə xərcləməklə az da olsa xoşbəxt ola bilər axı. Belə nümunələr çoxdur. Uzun sözün qısası, quru sərhədlər açılmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, Siyavuş Novruzovun bəyanatı hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərir. Onun sözlərinə görə, deputatın hökumətə qarşı belə ciddi tənqidi mövqeyi təəccüb doğurur, yəqin ki, mandatı şübhə altına düşəcək:

Natiq Cəfərli

“Adam demək istəyir ki, ölkədə quru sərhədlər açıq olanda narkotacirlər at oynadırmış, onların qarşısını kimsə kəsə bilmirmiş, hamı əlində 2-3 kilo narkotik sərhədi sağa-sola keçirmiş, buna da əlaqədar orqanlar göz yumurmuş və dövlət-hökumət orqanlarına güvən, inam olmadığına görə dibindən bağlayıblar. Deputatın dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar…”.

Natiq Cəfərli deyir ki, əslində Siyavuş Novruzova “təşəkkür” də düşür, quru sərhədlərin bağlı qalması qərarının nə qədər absurd olduğunu bir daha gündəmə gətirərək təmsil etdiyi hökumətin açıq sərhəd rejimində işləyə bilməməsini, bunu bacarmadığını göstərir:

“Son günlər Moskvadakı mənfur terror aktını bəhanə edərək, “gördünüz, hökumət bilir də nə edir”, deyərək quru sərhədlərin bağlı qalmasına haqq qazandıranlar da tapılıb. Arqumentləri o qədər gülüncdür ki, ciddi cavab vermək də olmur. Tutaq ki, hökumət məhz təhlükəsizlik məsələsinə görə sərhədi qapadıb, bəs, məsələn, mən, Azərbaycan vətəndaşı uçuram Tbilisiyə (quru sərhədlə gedə bilmirəm), bir neçə gündən sonra işimi bitirib, və ya qohumlarımla, nənəmlə görüşüb evimə-eşiyimə qayıtmaq istəyirəm. Bu zaman mən quru sərhəddən keçib niyə qayıda bilmərəm ki? Nədir burada təhlükəsizliklə bağlı hökumətin qayğısı? Məsələn, gəlim sərhədə, lap Tbilisiyə uçduğum bileti göstərim, qaydalara uyğun yoxlasınlar, sərhədi keçim, oturum avtobusa qayıdım Bakıya. Bunu da etmirlərsə, nə təhlükəsizlik nağılları danışırlar?”.

Baş nazir Əli Əsədov martin 11-də karantin rejiminin daha 3 ay, iyulun 1-dək uzadılmasına qərar verib. Gerçək səbəbi ilə bağlı hər hansı açıqlama verməyib, pandemiyaya görə olduğu bildirilib.

Öncəki qərarla xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadılmışdı.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …