Bazar ertəsi , May 10 2021
Ana səhifə / Aktual / Qurban Qurbanovdan qalmaqallı açıqlamalar

Qurban Qurbanovdan qalmaqallı açıqlamalar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, təcübəli mütəxəssis mətbuat konfransında maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qurbanov sözlərinə görə, dəfələrlə olub ki, “Qarabağ”ın futbolçularını bilə-bilə sındırırlar: 

“İkinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi. Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki… Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırırlar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz”.

Qurbanov bu kimi hallara görə rəqib komandaların baş məşqçilərini günahlandırmaq istəməyib: “Heç kimə irad bildirmək istəmirəm. Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm. Bir futbolçunu 3-4 ay itirmək düzgün deyil. “Qarabağ”ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz. Mənə biri xoş üz göstərəndə mən ikiqat artıq xoş münasibət göstərirəm. Çox epizodlar göstərə bilərəm. Bəzən hakimlərlə müzakirə edirik. Zubiri qorumaq üçün xoşlamadığım və istəmədiyim dəyişiklik etdim”.

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: “Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq”.

“Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər”- deyə Qurbanov qeyd edib.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …