Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Aktual / Milli Şuranın mitinqinə fərqli yanaşmalar

Milli Şuranın mitinqinə fərqli yanaşmalar

Qüdrət Həsənquliyev: “İqtidarın yerinə olsam onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram, qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür, ya yox…”; Aydın Mirzəzadə: “Kənardan bununla bağlı tapşırıq alıblar”
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də saat 15.00-dan 17.00-dək mitinq keçirməklə bağlı müraciətinə cavab verib. APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılaşıb. Mitinqə müxtəlif siyasi qüvvələrin münasibəti isə fərqlidir. Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Milli Şuranın mitinqi nə cəmiyyətin sosial sifarişidir, nə də mitinq təşkilatçılarının cəmiyyətdə nüfuzunun, moderatorluğunun göstəricisidir. Ona görə də belə qənaətə gəlmək olar ki, sadəcə kənardan bununla bağlı tapşırıq alıblar.

YAP-çı deputat qeyd edib ki, Milli Şura Azərbaycan müxalifətinin ən zəif qanadlarından biridir: “Bu qurumun nə regionlar üzrə təşkilatları var, nə də bazası. Ara-sıra 3-4 nəfərin mətbuata çıxıb, növbətçi bəyanat verməklərindən başqa heç bir işlə məşğul olmurlar. Bu təşkilatın mitinq təşkil etməklə bağlı qərara gəlməsi isə müəyyən düşüncələrə gətirib çıxarır. Bir qayda olaraq həmin strukturda fəaliyyət göstərən insanlar ya Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində, ya da xaricdən xüsusi tapşırıq aldıqda belə toplantı keçirməyə üstünlük verirlər. Son dövrlər isə mitinqə gələn insanların məqsədli şəkildə polislə konflikt yaratdıqları, yaxud da orada bir neçə şəkil çəkdirib, sonradan Avropa ölkələrinə üz tutduğu görünür. Mitinqə əvvəlkilər kimi çox az sayda insanın gələcəyi və səsləndirilən fikirlərin isə populist və ya milli maraqlarımıza zidd olacağını əminliklə demək olar. Əgər təşkilatçılar və metodlar eynidirsə, nəticə də əvvəlki kimi olacaq”.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir: “Ona görə də Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan hökuməti çalışmalıdır hansısa qüvvələr mitinqdə təxribata yol verməsinlər:“Aksiyanın təhlükəsizliyi tam təmin olunmalıdır. Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. İqtidarın yerinə olsam onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, \”diktatura\”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür, ya yox… Hesab edirəm ki, bu, iqtidara son dərəcə lazımlı olan bir mitinqdir və bu mitinqdən də narahat olmağa dəyməz. Çünki ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm\”.

Müxalifət partiyalarından isə Milli Şuranın mitinqində iştirak edib-etməyəcəkləri barədə “Yeni Müsavat”a açıqlamalar verilib. VİP sədri Əli Əliyev bildirdi ki, məsələ partiyanın rəhbər strukturlarında bu gün müzakirə ediləcək: “Hələlik müxtəlif fikirlər var. Fikrimcə, bu mitinq narazıların toplantısı olmalıdır. Eqoist partiya mövqelərinə fikir vermək lazım deyil. Situasiya fərqlidir. O baxımdan, daxili mexanizmi hərəkətə gətirmək, ümummüxalifət mitinqlərinə qədər prosesi inkişaf etdirmək lazımdır. Əlbəttə ki, belə miqyas daha da təsirli olar. Ancaq hələlik isə ortada olanla hesablaşmaq, dəstək vermək gərəkdir. Bu mənim şəxsi mövqeyimdir. Qərar partiyanın qurumlarında qəbul ediləcək”.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı isə bildirdi ki, mitinqlə bağlı Müsavata Milli Şuradan rəsmi müraciət olunmayıb. Müraciət olsa partiyada müzakirə ediləcək.

Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, mitinqlərin keçirilməsinin tərəfdarıdır. Amma bu hər kəsin istədiyi və iştirak etdiyi mitinq olmalıdır. Mitinqlər müxalifətin birliyinə xələl gətirirsə, bu ziyandır: “Mitinq adı altında başqa məqsədlərə qulluq etmək ziyandır. Əgər təyin edilən mitinq zəif olarsa, bu nəinki həbsdə olanlara kömək etməyəcək, həm də müxalifəti gözdən salacaq. Xalqı günahlandırmaq olmaz ki, mitinqə gəlmir, demək ki, onu təşkil edənlərə inanmır. Biz isə hələ də xalqla tam işləyi qurtarmamışıq ki, rayonlara səfərləri başa çatdırmamışıq ki, mitinqlərin necə keçirilməsi formatını müəyyən edək. Biz də mitinqlərin lehinəyik, amma bir şərtlə ki, o, ümumi işimizə xidmət etsin. Məhbusların azad edilməsi üçün mitinq keçirmək şüarı gülüncdür. Çünki bələkdəki uşaq da bilir ki, mitinq keçirməklə onlar azadlığa buraxılmayacaq. Demək, mitinqin təşkil olunmasında və elanında böyük qüsurlar var. Əgər çağırılan mitinq müxalifətarası vəziyyəti daha da gərginləşdirəcəksə, bu xalqa xidmət yox, ona qarşı yönəlik addımdır”.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …

Bir cavab yazın