Cümə , Aprel 26 2024
Ana səhifə / Məşhurların məzun övladları – Onlar təhsilə davam etmək əzmindədirlər

Məşhurların məzun övladları – Onlar təhsilə davam etmək əzmindədirlər

Ötən gün ilk dəfə olaraq iyunun 14-də Azərbaycan məktəblərində “son zəng” çalındı. Məktəbi bitirən məzunlar arasında çoxlu sayda məşhurların da övladları var idi. Onlardan bir neçəsini təqdim edirik:
Övladının məzun sevincini yaşayanlardan biri deputat FazilMustafadır. Deputat “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, oğlu məzun olmaqla yanaşı, həm də Macarıstandakı universitetlərindən birində tələbə adını qazana bilib, yəni, bir arada iki sevinc yaşanıb:
 “İELTS proqramı ilə lazım olan balı topladı, xüsusilə də ingilis dili istiqamətində. Artıq Macarıstan universitetlərindən birini seçmişik.  İqtisadiyyat və menecment ixtisası üzrə bakalavr və magistatura təhsilini orda alacaq. Yəni bu, həm də ikiqat sevinc oldu ki, ordakı nəticələri uğurlu oldu və eyni zamanda məzun olub yeni həyata, yeni təhsil həyatına qədəm qoydu. Artıq 20 gündür ki, ali məktəbə qəbul olunub və bununla bağlı sənədləşdirməni yekunlaşdırırq ki, sentyabrdan dərslərinə başlasın”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də övladı məzun olanlar sırasındadır. Baş redaktor övladının təhsilini Türkiyədə davam edəcəyini dedi:
“Təbii ki, hər bir valideyn üçün övladının uğuru, orta məktəbi bitirib ali məktəbə qəbul olması, ali məktəbi bitirməsi, bunlar önəmli, ən yadda qalan  hadisələrdir. Şübhəsiz ki, bu sevinci mən də yaşamışam. Oğlumun seçiminə gəldikdə isə o, turizm üzrə mütəxəsis olmaq istəyir. Bununla bağlı Türkiyə universitetlərində təhsil almaq üçün imtahanlara və bir neçə universiteti qazanıb. Amma konkret olaraq hansı şəhərdə təhsil alacağını müəyyən etməmişik. Yaxın vaxtlarda hansı şəhərdə təhsil almaq istədiyi barədə seçim edəcəyik”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovun övladı da məzunlar arasındadır. Ələsgər Süleymanov övladının orta məktəbi əla qiymətlərlə başa vurduğunu dedi: “Valideyn üçün çox sevindirici haldır ki, övladı orta məktəbi bitirir. Bu münasibətlə övladı məzun olan bütün valideyinləri və həmçinin məzunları təbrik edirəm. Lakin bu, növbəti, daha vacib bir mərhələnin başlanğıcıdır. Yəni, qarşıda daha ciddi sınaq- qəbul imtahanı durur. Valideyn olaraq bü günədək əlimizdən gələni etmişik ki, övladımız normal təhsil alsın. Övladım orta məktəbi əla qiymətlərlə başa vurub. Ondan gözləntilərimiz böyükdür. Hədəfi II qrupdur. Yığdığı baldan asılı olaraq öz seçimini edəcək. Güman edirik ki, bundan sonrakı nəticələri də yaxşı olacaq”.
Şair Vüqar Əhmədin də oğlu Hüseyn ötən gün məzun olub.  Şair oğlunun humanitar və idman sahəsinə hazırlaşdığını açıqladı:
III və V ixtisas qrupuna sənədlərini verib. V qrupda İdman Akademiyasını, III qrupda isə humanitar fənləri, ədəbiyyat, filalogiyanı seçib. Daha çox humanitar sahəyə çalışır. Topladığı balı hansına çatsa orda təhsil alacaq”.
Xalq artisti Möhlət Müslümovun ilk nəvəsi də məzun olub. Xalq artisti nəvəsinin məzun olması münasibəti ilə sevincini bizimlə bölüşüb:
“Çox sevinirəm. İlk nəvəm məzun olub. Çox yaxşı oxuyur, gecə-gündüz hazırlaşır. Anası Firuzə, atası Vüqar çox əziyyət çəkirlər. O cümlədən mən də baba kimi uzaqdan nəzarət edirəm”.
Xalq artisti nəvəsinin seçəcəyi ixtisası da açıqlayıb:
“Azərbaycan Dövlət Neft Akademiyasına hazırlaşır… Onu bir qədər başqa nəvələrimdən ayırıram. Məni tez baba edən o, olub. Şükür Allaha ki, indi böyük oğlandır. Allah eləsin ki, universitetə qəbul olunsun.
Bütün məzunlara o diləyi arzulayıram ki, sağ-salamat universitetə qəbul olunub, ata-analarını, nənə-babalarını, yaxınlarının hamısını sevindirsinlər”.
Digər məşhurlar da övladlarının məzun olması münasibəti ilə sosial şəbəkələrdə fotolar, videolar paylaşıb, öz sevinclərini bölüşüblər. Onlardan biri əməkdar artist Aybəniz Haşımovadır. Müğənni qızı Aynişanın İstanbuldakı Baxçaşehir Universitetinin magistr pilləsinin məzun olması ilə bağlı bunları yazıb:
“Ananı necə xoşbəxt etdin, təsəvvür belə etməzsən. Böyük yaradan hamının balasını sənin kimi sevindirsin. Qızım, çox şükür”.
Əməkdar artist Tünzalə Ağayevanın da yeganə qızı ötən gün məzun olub. Müğənni bununla bağlı sosial şəbəkədə yazıb:
“Gözəl balam bu gün məzun oldu. Övladlarımızın yolu açıq olsun”.
Xalq artisti Nəzakət Teymurovanın da yeganə qızı məzun olub. Xalq artisti qızının tələb adını qazanacağına inandığını bildirib:
“Qızım savadlı və ağıllıdır, inanıram ki, bu il tələbə adını qazanacaq. Sənədlərini 3-cü qrupa verib. Mən onun ingilis dili müəlliməsi olmasını istəyirəm, atası isə hüquqşünas. Amma Nigar ya ingilis, ya da fransız dili üzrə tərcüməçi olmaq arzusundadır”.
Xalidə Gəray
Musavat.com






Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın