Cümə , Aprel 26 2024
Ana səhifə / Lamiyə, Ülkər olayları və ictimai rəy…

Lamiyə, Ülkər olayları və ictimai rəy…

zaur“İctimai rəy o şəxslərin fikridir ki, adətən, onların rəyini heç kim soruşmur”

Teodor Tepliç

Əvvəlcə, bir neçə kəlmə ictimai rəy haqqında… Klassik tərifə görə, ictimai rəy-konkret ictimai əhəmiyyətli hadisələrlə bağlı müxətlif sosial qrupların mühakimə və dəyərləndirmələrinin məcmusudur. İctimai rəy fenomeninin mahiyyəti, funksiyaları ilə bağlı bu gün də müzakirələr səngimir. Bəzi alimlər qeyd edirlər ki, özlüyündə ictimai rəy anlayışı nisbi xarakter daşıyır və geniş kütlə fəal sosial qrupların irəli sürdüyü fikirləri, dəyərləndirmələri bu və ya digər formada qəbul edərək, tirajlayırlar (retranslaysiya).

Başqa qrup alimlər isə sübut etməyə çalşırlar ki, ictimai rəyin bir sosial institut kimi, özəllikləri var və heç də aparıcı sosial qrupların, elitanın fikirləri bu məsələdə yüz faizlik rol oynamır. İctimai rəy ayrı-ayrı insanların konkret ictimai əhəmiyyətli hadisələrlə bağlı mühakimələrindən əmələ gəlir. Bu haqda müzakirələrin dərinliyinə getmədən, öz fikrimi qeyd edim ki, həqiqət hər zaman olduğu kimi, bu iki yanaşmanın vəhdətindədir. İctimai rəyin formalaşmasında elita qədər kütlələrin də əhəmiyyətli rolu var və xüsusən cəmiyyətdəki böhran anlarında ikinci komponent daha çox ön plana çıxır.

Əvvəlcə Lamiyə Quliyeva, sonra isə Ülkər İsaxanlının döyülməsi ilə bağlı olaylarda Azərbaycanda konkret hadisələrlə bağlı ictimai rəyin, ictimai münasibətin  formalaşmasının özəlliklərini müşahidə edə bildik. Qənaətlərimizi ümumiləşdirərək, aşağıdakıları qeyd edə bilərik:

  1. Azərbaycanda ictimai rəy nə qədər deformasiya olunsa belə, artıq  sosial institut kimi özünü biruzə verir.

 

  1. İctimai rəyin formalaşmasında KİV, fəal ictimai, siyasi mövqeyi ilə seçilən insanlar nə qədər əhəmiyyətli rol alsalar belə, sadə insanların da rolu az deyil. KİV-in önə çəkdiyi bir çox məsələlərə kifayət qədər adekvat sosial reaksiya var. Sosial şəbəkələrin monitorinqi, xəbərlərin oxunma sayı şərhlər, mətbəx və çayxana müzakirələri göstərir ki, Lamiyə və Ülkər olaylarına çox böyük maraq var. Məhz bu marağın nəticəsi olaraq, KİV ən kiçik təfərrüatları belə aşkarlamağa və işıqlandırmağa çalışır. Əksinə olsaydı, KİV-in səyləri bu qədər səmərə verməzdi. Bu əks-əlaqə mexanizmi KİV üçün barometr rolunu oynayır və tələb təklifi formalaşdırır.

 

  1. Azərbaycan ictimai rəyində emosional çalarlar xüsusilə qabarır. İctimai diqqəti cəlb edən məsələlərə yanaşmada rasional yox,  daha çox humanist-emosinal münasibətin şahidi oluruq. Həmçinin, hər iki məsələdə ictimai, sosial əhəmiyyət kəsb edən məqamlar yox, daha çox sterotiplərdən və mentalitetdən qaynaqlanan ümumi yanaşmanı görürük. Bu hadisələri doğuran səbəblər, sosial mühit, rəsmi qurumların fəaliyyətinin deyil, konkret fiqurantların rolunun, həyatının  ayrı-ayrı epizodları müzakirə olunur.

 

  1. İctimai rəyin formalaşmasında KİV, ictimai fəal insanlar bu hadisələrə ictimai dəqqət çəkə bilsələr də, xüsusilə əhəmiyyətli məqamların ictimai rəydə qabarmasına nail ola bilmirlər. Nəticədə, KİV aşağıdan gələn tələblərə uyğun olaraq, konkret fiqurantların rolunun ayrı-ayrı epizodlarının üzərində dayanmağa məcbur olur. Lamiyyənin, Ülkərin  şəxsi həyatının epizodlarının xüsusilə qabarması bunun nəticəsi olaraq meydana çıxır. KİV bu hadisələrin ictimailəşməsi üçün də məcburiyyətdən şəxsi həyatının epizodlarının xüsusilə qabarmasına çalışır. Çünki kütlənin diqqətini yalnız bu formada aktiv saxlamaq mümkün olur. İctimai rəy mahiyyəti ilə “tənbəldir”. Azərbaycanda bu “tənbəllik”, rasional təhlilə marağın az olması özünü daha qabarıq biruzə verir. KİV isə, hələ ki, ictimai rəyin bu “serial xəstəliyini” müalicə edə bilmir. İctimai əhəmiyyətli detallar yalnız dar çərçivədə müzakirə olunur və dəyərləndirilir.

 

  1. İctimai rəyin “serial xəstəliyi” ciddi siyasi, iqtisadi, mədəni və s.  hadisələrə münasibətdə də özünü göstərir. İnsanlar siyasi, iqtisadi hadisələrin təhlili və mühakimlərin ortaya qoyulması prosesinə meyl göstərmirlər. Hətta KİV-in bir çox hallarda davamlı səyləri də nəticəsiz qalır. “Feysbuk” sosial şəbəkəsində bir müddət əvvəl işğal olunmuş rayonların, kəndlərin azad olunması ilə bağlı başlanan kampaniyanın uğur qazanmasını  da bu məqamda yada salmaq olar.

    Sonda qeyd edək ki, sosial şəbəkələrin dəstəyi ilə ictimai rəy, fikir və münasibət ölkədə çox böyük fenomenə çevrilib.  Konkret hadisələrlə bağlı obyektiv və ya qeyri-obyektivliyindən asılı olmayaraq, ümumi ab-havanı, yanaşma və münasibəti, ümumiləşdirilmiş qənaətləri özündə ifadə edən ictimai rəy çox qısa zamanda formalaşır. Atıq bu fenomeni görməzdən gəlmək, demək olar ki, qeyri-mümkündür. Lamiyə və Ulklər olaylarında əsas fiqurantlar ilk vaxtlar ictimai rəy fenomenini hesaba alamamağa çalışdılar, sonra isə  bütün gücləri ilə manipulyasiyaya cəhd göstərdilər.

Eyni zamanda, Azərbaycanda ictimai rəy daha çox emosional çalarlara malik olduğundan, “Benqal şamı” effektinə malikdir. Emosional çalarlar yoxa çıxan, yaxud kifayət qədər müzakirə olunduqdan sonra, rasional yanaşma tələb olunanda ictimai diqqət sürətlə azalır.  

İbrahimli Zaur

Strateq.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın