Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Kəramət kimilər Şəhidlər Xiyabanına buraxılmasın” – QAT-dan bəyənat

“Kəramət kimilər Şəhidlər Xiyabanına buraxılmasın” – QAT-dan bəyənat

Gənc yazar Kəramət Böyükçölün Azərbaycanın mübariz şairi Xəlil Rza Ulutürkü, onun şəhid övladını təhqir edən paylaşımı sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Ümumiyyətlə, zaman-zaman şəhidləri təhqir edənlərin şahidi oluruq.  Halbuki, biz vətən uğrunda canından keçən qəhrəmanlara borcluyuq. Bu gün müstəqiliksə, bunda şəhidlərimizin böyük rolu var.
Bəs şəhidləri təhqir edənlərlə bağlı hansı tədbirlər görülməlidir?
Bununla bağlı  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az-a danışıb. O bildirib ki,əslində bu, mənəviyyat məsələsidir:
“Şəhidləri təhqir edənlərlə bağlı bizim qanunvericilikdə  hansısa inzibati  yollar, yaxud hüquqi məsuliyyətə cəlb edilmə halları yoxdur. Lakin hesab edirəm ki, qanunda bununla bağlı  hər hansı tədbiri nəzərdə tutan maddələr ola bilərdi.  Bilirsiniz, şəhidlərin statusu ilə bağlı qanun var. Şəhidlərə münasibət, şəhidlərin ruhuna, xatirəsinə hörmətlə əlaqəli o qanuna əlavələr etmək olar”.
A.Nağı düşünür ki, bu cür məsələlərdə öncə ictimai qınaq önəmli rol oynayır:
“Şəhidləri təhqir edən adamlar tərbiyəsiz, gündəmə gələ bilməyən adamlardır.  O adamlar hansısa sərt, kəskin münasibət bildirməklə gündəmə gəlməyə çalışırlar ki, onların ətrafında müzakirələr getsin. Çox təəssüf ki, Azərbaycanda belə adamlar var. Pis ya yaxşı fərqi yoxdur, o adamlar üçün  adlarının çıxması, hallanması önəmlidir.
Yəqin ki, bu insanlarla bağlı əsasən Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə qınaq olmalıdır. Heç olmasa belə hallar başqalarına  dərs olmalıdır ki, təkrar etməsinlər. Digər tərəfdən hüquqi məsuliyyət məsələsi üzərində yenə düşünmək lazımdır”.
Müsahibimiz qeyd edib ki, həmin insanları Şəhidlər Xiyabanına buraxmamaq da mümkündür, lakin bu istiqamətdə müəyyən çətinliklər ola bilər:
“Şəhidləri təhqir edənlərin qara siyahısını yaradıb onları Şəhidlər Xiyabanına buraxmamaq ola bilər. Lakin o zaman məsələyə kimsə nəzarət etməlidir. Bu da bir qədər çətin məsələdir. Gərək polislər əllərində siyahı dayanıb  içəri keçənlərin sənədlərinə baxsınlar. Bilirsiniz, Xarici İşlər Nazirliyində Qarabağa qanunsuz səfər edənlərlə bağlı belə bir qara siyahı var. Bu ideyanı həyata keçirmə mexanizmi çətindir. Şəhidlər Xiyabanına gələn hər kəsin şəxsiyyət vəsiqəsinə  baxmaq da düzgün deyil”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …