Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İmamoğlunun ermənilərə xüsusi rəğbəti var? – Erməni mətbuatı belə iddia edir

İmamoğlunun ermənilərə xüsusi rəğbəti var? – Erməni mətbuatı belə iddia edir

İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlunun qısa müddətdə populyarlaşması ermənilərin də diqqətini cəlb edib.

“AzPolitika.info” xəbər verir ki, İmamoğlunun seçki kampaniyası dövründə türklərlə yanaşı kürdlərə, yəhudilərə, ermənilərə və Türkiyədəki digər milli azlıqlara ünvanlanan mesajları seçki bitsə də, mətbuatın gündəmindən düşmür. Xüsusilə də Türkiyədəki erməni mediası bu mövzuya böyük diqqət ayıraraq, İmamoğlunun ermənilərlə bağlı hər kəlməsindən bir xəbər, hadisə yaratmağa çalışır. Artıq bu prosesə Ermənistan mediası da qoşulub.

Məsələn, “Sputnik Armenia”da Türkiyədə fəaliyyət göstərən “Ermenihaber” portalına istinadla Əkrəm imamoğlunun bir erməni memarla bağlı fikirlərinə yer verilib. Sən demə, Ə.İmamoğlu seçki kampaniyası dönəmində verdiyi müsahibələrin birində Zaxariya Mildanoğlu adlı erməni əsilli memardan söz açıb. Həmin memar Türkiyədə bəzi tarixi abidələrin restavrasiyasında iştirak edib.

İmamoğlu müsahibəsində deyib ki, Z.Mildanoğlu ona doğma şəhəri Trabzonu daha yaxşı tanımaqda yardımçı olub. Və erməni memarın onu Trabzonun o vaxta qədər bilmədiyi tarixi abidələrilə tanış etməsindən sonra İmamoğlunun Trabzona baxışı, doğma şəhəri barədə təsəvvürü dəyişib. Erməni mətbuatı da bu ifadələri xüsusi olaraq qabartmaqla, İmamoğlunun ermənilərə xüsusi sevgisinin olduğu görüntüsü yaratmağa çalışır. Və maraqlıdır ki, həmin yazıda Trabzonun adı “Trapezund” olaraq keçir.

Əslində, doğrudan da İmamoğlu hələ 2019-cu ilin yanvarında verdiyi müsahibədə şəhərsalma və memarlığa marağının yaranmasında yaxından tanıdığı Z.Mildanoğlunun və tanınmış professor Halil İbrahim Şanlının böyük rolunun olduğunu deyib. Yəni bu müsahibədə hər iki şəxsin adı çəkilib. Lakin ermənilər yenə də hər şeyi özlərinə sərf edən formada təqdim edərək, İmamoğlunu az qala erməni aşiqi kimi təqdim etməyə çalışırlar.

Burada sözsüz ki, onun seçildikdən sonrakı mətbuat konfransında səsləndirdiyi fikirlər də rol oynayıb. Belə ki, Əkrəm İmamoğlu mətbuat konfransında bütün istanbullulara təşəkkür edib və eyni zamanda o, “istanbullular” deyərkən burada yaşayan millətlərin nümayəndələrinə adbaad təşəkkürünü bildirib. Bu zaman türklərlə, kürdlərlə, yəhudilərlə yanaşı ermənilərin də adını çəkib. Halbuki, İmamoğlunun tərəfdarları arasında azərbaycanlılar daha çox olub və onun seçki mitinqində Azərbaycan bayrağı da görünmüşdü. Ancaq qalib çıxışında İstanbulda yaşayan, Türkiyə vətəndaşları olan və ona dəstək vermiş Azərbaycan türklərinin adını deyil, ermənilərin adını çəkmişdi.

Və bütün bu qeyd edilənlər, xüsusilə də ermənilərin özlərində belə təsəvvür yaradıb ki, İmamoğlunun ermənilərə qarşı xüsusi rəğbəti var.

Ancaq İmamoğlunun Türkiyə prezidenti deyil, İstanbulun bələdiyyə başçısı postuna seçildiyini və seçki kampaniyası dönəmində söylədiklərinin əsas etibarilə mümkün qədər geniş kəsimin səslərini qazanmağa hesablandığını nəzərə alsaq, onun milli azlıqların ünvanına dediklərini normal qarşılamaq olar. Və sözsüz ki, əsas məqsədi seçkini qazanmaq olan istənilən bacarıqlı siyasətçi də məhz bu cür davranardı.

Yeri gəlmişkən onu da qeyd edək ki, Ə.İmamoğlu Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edən tək-tük türkiyəli siyasətçələrdən idi: “Sonsuzadək dost və qardaş qalacağımız Azərbaycan xalqının Cümhuriyyət gününü təbrik edirəm. 101 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyətini elan edən qardaşlarımızla qəlblərimiz hər zaman birgə döyünüb və həmişə döyünəcək. Azad və xoşbəxt neçə illərə, can Azərbaycan”.

Xatırladaq ki, seçki kampaniyası dövründə AKP-nin bəzi təmsilçiləri İmamoğlunun yunan, hətta erməni əsilli olduğuna dair iddialar ortaya atmışdılar. Lakin öz vətəni Trabzona, doğulduğu kəndə gedən Ə.İmamoğlu oradan qazi babasının şəkillərini yayaraq, “baxın, yunan deyilik, təmiz bir ailəyik” mesajını vermişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …