Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / İlk üç ayda Azərbaycanın ixracı niyə artıb? – ŞƏRH

İlk üç ayda Azərbaycanın ixracı niyə artıb? – ŞƏRH

Bu ilin birinci rübündə Azərbaycanın ümumi idxal göstəricilərində ciddi artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Məsələ ondadır ki, indiyədək heç vaxt Azərbaycanın orta aylıq idxalı 1 milyard dolları, illik idxal isə 10.7 milyard dolları ötməyib. Həmçinin, indiyədək bir rüb ərzində bu qədər idxal qeydə alınmayıb. İdxalın həcmi sonrakı rüblərdə də bu templə davam edərsə, o zaman ilin sonuna qədər illik ümumi idxalın həcmi 13 milyard dollara yaxınlaşacaq. O da məlum olub ki, burada dövlət sektorunun payı böyüyür. Bu ilin 3 ayında bütün idxalın 38 faizini dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8 faiz olub. Özəl sektorda da idxalla bağlı artım var.

Düzdür, ümumilikdə, idxalın artması iqtisadi canlanmaya səbəb olan elementlərdən biri hesab edilir. Çünki bu zaman iqtisadiyyatda canlanma müşahidə olunur və bu, digər sahələrə də öz müsbət təsirini göstərir. Ancaq bunun neqativ tərəfi də var. Bu ondan ibarətdir ki, idxaldan asılılıq getdikcə daha nəzərəçarpacaq olur və bu zaman ölkədən çıxan valyutanın həcmi də artır. Nəticədə xarici valyutaya tələbat yüksəlir. Digər tərəfdən, idxaldan asılılıq artdıqca, dünya bazarındakı qiymət dəyişikliklərindən iqtisadiyyat daha çox təsirə məruz qalır.

O da məlumdur ki, ölkədə qarşıya qoyulan əsas iqtisadi məqsədlərdən biri də idxaldan asılılığın azaldılmasıdır. Çünki idxaldan asılılıq nə qədər azaldılsa, bu bir o qədər ölkənin ümumi iqtisadi inkişafına müsbət təkan verəcək. Ölkənin valyuta ehtiyatları daha da artacaq. İdxaldan asılılığın azaldılmasının əsasında qeyri-neft sektoru üzrə istehsalın genişləndirilməsi dayanır. Bununla bağlı bir sıra tədbirlər görülür. Müxtəlif proqramlar, layihələr qəbul olunub. Sözügedən məsələlərlə əlaqədar büdcədən böyük vəsaitlər ayrılır, investisiyalar qoyulur və s.  

Maraqlıdır, bütün bunların fonunda, Azərbaycanda ümumi idxal niyə artır?

  • Fikrət Yusifov: “Ümumi idxalın artması, hər halda, yaxşı mənzərə deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, təəssüf ki, ümumi idxalda artım var və bunun səbəblərini müvafiq qurumlar araşdırmalıdırlar: “Statistik məlumatlar göstərir ki, idxalda ümumi artım var. Bir sıra məhsullar üzrə idxalın həcmi daha böyükdür. Məsələn, ümumi ət idxalı ötən 3 ay ərzində hardasa 40 faizə yaxın artıb. Hesab edirəm ki, idxalın artması səbəblərini aidiyyəti qurumlar araşdırmalıdırlar. Ət idxalının artması ilə bağlı konkret Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlar araşdırma aparmalıdırlar. Bunun səbəbləri ortaya qoyulmalıdır ki, nəyə görə bu sahədə belə böyük artım müşahidə edilir. Nəzərə alsaq ki, Azərbaycanın özünü ətlə təmin etmək imkanları böyükdür, o zaman bu sahədə idxalın artması anlaşılan deyil. O cümlədən, taxılla bağlı da ciddi problemlər var və idxaldan asılılıq yetərincə böyükdür. Bu baxımdan hesab edirəm ki, idxalın artması ilə bağlı məsələlər ən xırda incəliyinə qədər araşdırılmalıdır. Burda olan müəyyən incəlikləri kənardan baxmaqla görmək mümkün deyil. İdxalın artması ölkədən xaricə valyuta axınının çoxalması deməkdir. Eyni zamanda, bu bizim götürdüyümüz iqtisadi kursa uyğun deyil. Hazırkı seçdiyimiz iqtisadi kurs qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, idxalı əvəzləyən məhsulların istehsalını artırmaqdır. Ən başlıcası, biz qeyri-neft məhsullarının daha çox ixrac olunmasını istəyirik. Bu istiqamətdə bir sıra qərarlar qəbul edilib. Bütün bunların fonunda, ölkədə ümumi idxalın artması, hər halda, yaxşı mənzərə deyil. Bunun səbəbləri geniş şəkildə araşdırılsa, o zaman hansı qərarların qəbul olunmasının zəruriliyi ortaya çıxacaq. Ona görə də müvafiq qurumlar buna son dərəcə ciddi yanaşmalı və hərəkətə keçməlidirlər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …