Cümə , Aprel 26 2024
Ana səhifə / İlhamə Quliyeva öldü, Flora Kərimova qalmaqallar törətdi – 2016-cı ilin şou-biznesi

İlhamə Quliyeva öldü, Flora Kərimova qalmaqallar törətdi – 2016-cı ilin şou-biznesi

2016-cı il bitir, 2017-ci ilin gəlişinə sayılı günlər qalıb. Bu il də sənət aləminin gündəmini yaradıcılıq yenilikləri, qalmaqallar, evlənmə və boşanmalar tutdu. Bəzi sənət adamları başını aşağı salıb, sənəti ilə məşğul oldu, bəziləri qalmaqallarla, soyunmaqla mətbuatın gündəmini zəbt etməyə çalışdı.

Bəs, bəzən sənətçilərin dostu, bəzən isə düşməni olan maqazin jurnalistləri bu ili necə qiymətləndirir? Sənət və şou aləmi onların yaddaşında necə qaldı?

Musavat.com mədəniyyət və şou yazarları arasında sorğu keçirib.

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı bildirib ki, bu il durğunluğu ilə yadda qalıb: “2016-ci il Azərbaycan sənət aləmində, şou-biznesində səsli-küylü il olaraq yadımda qalmadı. Bu il durğunluğu ilə yaddaşıma həkk olundu, səs-küylü layihələrlə, böyük qalmaqallarla yadda qalmadı. Təbii ki, bu ilin də öz itkiləri oldu. Müğənni İlhamə Quliyevanın ölümü Azərbaycan səhnəsi üçün böyük itki idi. Kim nə deyirsə, desin. O, nə qədər inadçı, hökmlü, hegemon qadın olsa da, nüfuzlu, böyük sənəti olan qadın idi. Onun yoxluğu Azərbaycan sənət aləmində özünü hiss etdirdi. O, sənət aləminin duzu-istiotu idi, onsuz şou–biznesin dadı qaçdı. Bu il gözəl hadisələrlə də yadda qaldı. Müğənni Elnarə Abdullayevanın Heydər Əliyev Sarayında keçirdiyi konsert səs-küy yaratdı. Bir gün nəzərdə tutulsa da, 3 gün ardıcıl konsert verdi. Tolik ilə Natavanın barışığı xoş hadisə idi. Röyanın Türkiyədəki layihələri diqqət çəkdi, onun Türkiyə mətbuatında, telekanallarında yer alması maraqla qarşılandı. Ilin sonuna sayılı günlər qalıb. İlin son günlərində bir neçə ildir ki, konsert verməyən Faiq Ağayev konsert proqramı ilə çıxış edəcək. Müğənni yenidən doğum gününü Sarayın səhnəsində qeyd edəcək. Möhtəşəm konsert olacağına inanıram”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Xalidə Gəray deyir ki, 2016-cı il şou-biznes aləmi üçün xeyli təlatümlü, qalmaqallı oldu: “Özünə “Primadonna” ləqəbi verən müğənni İlhamə Quliyeva gözlənilmədən qəfil dünyasını dəyişdi, onun mirası ətrafında xeyli müzakirələr oldu. Hətta “taclar”ının kimə çatacağı ilə bağlı bəzi müğənnilər iddialı oldu. Amma sonra məlum oldu ki, sən demə onun, “tacları” dediyi qədər də dəyərli deyilmiş və s. Nazpəri Dostəliyevaya qarşı efir qadağası götürüldü. Maraqlı idi ki, xanım müğənni insanları Konstitusiyadakı dəyişikliklər ilə bağlı keçirilən referendumda iştiraka çağırdı, iki gün sonra isə efirə çıxdı. Bir neçə məşhur cütlüklər boşandı və ya evləndi. Yəni, bütün bunlar şou-biznes aləmi üçün xarakterik olaylar idi. Yalnız İlhamə Quliyevanın qəfil ölümü və onun mirası ətrafında baş verənlər şou-biznesdə əsl sensasiya oldu”.

“Muz TV”-nin əməkdaşı Rəvan Rəd qeyd edir ki, bu il də şou-biznes aləmində digər illərdən fərqsiz olaraq, standart keçdi: “Barmaqla sayılası qədər çalışan müğənni göstərmək olar. Müğənniyə yaxınlaşırsan ki, müsahibə alasan, ya deyir pul olmadığı üçün yenilik yoxdur, ya da 5 ay öncə hazırladığı mahnının adını yeni mahnı olaraq təqdim edir və hər dəfə onun adını çəkir. 21-ci əsrdir, müğənnilər var ki, hələ də bağçada, parkda, ağac yanında düşünən halda kostyumla klip çəkdirir və iş olaraq təqdim edir. Beləliklə, yaradıcılıq cəhətdən ciddi, inqilabi bir dəyişiklik olmadı. Bu il bəzi qalmaqallar da oldu və əksəriyyətində Flora Kərimovanın adı hallandı, yaxud mənim ağlımda belə qalıb. Hər halda musiqimizə töhfələr vermiş peşəkar bir sənətkarın bu yaşda bu qədər qalmaqallarda iştirakını düzgün hesab eləmirəm. Çünki bir az daha ağır, səbirli və təmkinli olmalıdır. Ümumi götürsək, bu il şou-biznesdə barışıqlar da çox oldu. Hər il olduğundan daha çox itkilərimiz oldu, incəsənətimizdə… Bu daha üzücüdür, çünki peşəkarlar, korifeylər dünyasını dəyişir. Lakin onları əvəz edəcək gənc kadrlar nədənsə özlərini doğrultmurlar. Ümid edirəm ki, gələcək illərdə itkilərimiz az olar. İstər şou-biznesdə, istərsə də mədəniyyət sahəsində daha uğurlu il olar”.

“Teleqraf” saytının əməkdaşı Rəqsanə Həsənova da bu il şou-biznesdə yeniliklərin olmamasından şikayətçidir: “Sənətçilər durğunluq dövrünü yaşadılar. Hər il sənət yeniliyini gözlədiyimiz Aygün Kazımova belə, sənətində böyük dəyişiklik etmədi. Gələn il Aygün Kazımovanın bu sükutu pozmasını istərdim. Müğənnilər sənətdən daha çox şəxsi ailələri, həmkarlarıyla münasibətləri ilə yadda qaldılar. Mənə təəccüblü gələn və sevindirən Aygün Kazımova ilə Natavan Həbibinin barışması oldu. Ağır itkimiz də oldu. Mərhum müğənni İlhamə Quliyevanın dünyasını dəyişməsi hər birimizə çox pis təsir etdi. Həqiqətən də onun yoxluğu şou-biznesdə boşluq yaratdı”.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın