Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hadı Rəcəbli: “Dövlətimizin başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb”

Hadı Rəcəbli: “Dövlətimizin başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb”

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarıb. Bu dəyişikliklər əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlı idi. Komitə sədri Hadı Rəcəbli dəyişikliklər barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, prezident İlham Əliyev 2019-cu ili sosial təminatla bağlı məsələlərin həlli istiqamətində görülən işlərin əhəmiyyəti baxımından önəmli il adlandırıb. Bu sahədə dövlətimizin başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb. Minimum əməkhaqqının və pensiyaların artırılması, Qarabağ əlillərinin, digər kateqoriyadan olan əlillərin, uşaqların sosial müdafiəsi, problemli kreditlər, məşğulluqla bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir və əhali tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərliyinin vətəndaşlarla mütəmadi görüşləri, onların qayğıları ilə bilavasitə maraqlanması, yaranmış çətinliklərin dərhal aradan qaldırılması üçün tapşırıqlar verməsi xalqımız tərəfindən təqdir edilir. H.Rəcəbli diqqətə çatdırıb ki, gündəliyə beş paketdə 25 qanun layihəsini əhatə edən məsələlər daxil edilib. Bunlar “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik istilik stansiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Əmək Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Parlament Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev həmin dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, bu sənədlərdə “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara uyğunlaşdırılması məqsədi ilə bir sıra düzəlişlərin edilməsi nəzərdə tutulur.

Belə ki, “Turizm haqqında” qanunun 4-cü maddəsinə edilən əlavələrə əsasən, turizmin inkişafı üçün hazırlanması nəzərdə tutulan dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi, eyni zamanda, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədlərin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Əmək Məcəlləsinin 122-ci və 130-cu maddələrində “doktorantura” sözündən sonra “adyunktura” sözü əlavə edilir. Vergi Məcəlləsinin müvafiq bəndlərində “körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə əvəz olunur.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsində “peşə-ixtisas təhsil” sözləri “ixtisas təhsili” sözləri ilə əvəz edilir.

Əmək Məcəlləsinə edilən digər düzəlişlər 66-cı, 67.2-ci, 70-ci və 124-cü maddələrə aiddir. Burada “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilir, “məktəblərində, peşə liseylərində” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəzlənir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə edilən 20.7-ci maddədə deyilir ki, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İclasda çıxış edən deputatlar Rauf Əliyev, Elmira Axundova, İlham Məmmədov, Jalə Əliyeva ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhali tərəfindən dəstəkləndiyini söyləyiblər.

Deputatlar müzakirəyə təqdim olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu vurğulayıblar, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …