Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Diqlas”ı bu gündən sökməyə başlayırlar – FOTOLAR

“Diqlas”ı bu gündən sökməyə başlayırlar – FOTOLAR

Məlumatlara görə, yeni tikilən obyektdə daha çox ərzaq  satılacaq

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərərçəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. Ötən həftə  yaradılmış İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərərçəkmiş sahibkarın bank hesabına 1360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “Turan bank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Ötən həftə ərzində sahibkarların yanğın baş vermiş ticarət mərkəzinin anbarından yanmayan mallarının çıxarılması prosesi həyata keçirilib. Ümumilikdə 200-dən çox sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla da təmin olunublar.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq  ticarət mərkəzinin qarşısına yollanıb, mövcud durumla maraqlandıq. Öyrəndik ki, ötən həftə anbarların boşaldılması prosesi tamamilə yekunlaşıb. Ticarət mərkəzinin qarşısında işlər yekunlaşdığı üçün yanğından sonra bağlanmış avtomobil yolunda hərəkət bərpa edilib. Hazırda ticarət mərkəzinin qarşısında avtomobillər maneəsiz hərəkət edirlər. Eyni zamanda yanğından sonra bağlanan yeraltı keçidlər də açılıb və piyadalar yolun bir tərəfindən digər tərəfinə rahatlıqla keçirlər. “Lotos” Ticarət Mərkəzi ilə yanmış “Diqlas” arasında avtomobil yolu açılmasa da, piyadaların hərəkəti üçün şərait yaradılıb. Ərazidə polislər xidmət aparırlar və ticarət mərkəzinin yanmış binası xüsusi məhdudlaşdırıcı dəmirlər vasitəsilə dairəyə alınıb. Eyni zamanda ərazidə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları xidmət aparırlar. Ticarət mərkəzinin yanında bir ədəd yanğınsöndürən maşın da saxlanılıb. Ərazidə olduğumuz zaman ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlara rast gəlmədik. Onların bəziləri dövlət tərəfindən təklif olunan yerdə yenidən bizneslə məşğul olurlar. Buna imkanları çatmayanlar isə gözləmə mövqeyindədirlər. Ərazidə olduğumuz vaxt müşahidə etdik ki, ticarət mərkəzinin ətrafında piştaxta qurub, oyuncaq, ayaqqabı, müxtəlif növ geyimlər satan xırda sahibkarlar, öz piştaxtalarını yenidən bərpa edirlər. Söhbətimiz zamanı bildirdilər ki, dövlətin yardımı onlara aid deyil:

“Bizə də yer təklif etdilər. Ancaq hələ ki konkret söz deyən yoxdur. Maddi yardıma gəlincə isə biz ticarət mərkəzinə aid deyilik. Ona görə də ayrılan maliyyə yardımından bizə pay düşməyib. Özümüz yenə də gücümüz çatdığı qədər piştaxtamızı qurub, işimizi başlayırıq. Bizim malımızın qiyməti böyük olmasa da, qazanc yerimiz tək bura idi. Ona görə də yanğından sonra çətin vəziyyətdəyik”,-deyə, sahibkarlar bildirdilər. Ticarət mərkəzindəki yanğından od alan şəxsi mağazalarda da təmir-tikinti işlərinə başlanılıb. Ümumilikdə, ticarət mərkəzinin ətrafında qızğın iş gedir. Yanmayan hissədə isə həyat öz axarı ilə davam edir. İnsanlar bazarı gəzib, “Diqlas”ın yanında bir az ayaq saxlayıb, sahibkarların halına acıyırlar, daha sonra isə alış-verişlərinə davam edirlər…

Yanan ticarət mərkəzinin arxasında fəaliyyət göstərən piştaxtaların hamısı yanıb. Hazırda həmin əraziyə daxil olmaq məhdudlaşdırılsa da, içəri keçmək mümkündür. Müşahidə etdik ki, dəmir yığanlar və digər bu kimi şəxslər ərazidə gəzib, özləri üçün pula çevirə biləcəkləri parçaları toplayırlar. Piştaxtaların sahibləri isə günlərdir ki, kənardan durub, xarabalığa bənzəyən mənzərəni seyr edirlər. Onlardan öyrəndik ki, sabahdan etibarən əraziyə giriş tamamilə məhdudlaşdırılacaq. Çünki ticarət mərkəzinin yanmış binasının söküntüsünə başlanılacaq. Hələ ki “Diqlas”ın binasının yerində nəyin inşa olunacağı məlum deyil. Lakin gəzən şayiələrə görə, ərazidə “Diqlas” formasında  ticarət mərkəzi inşa olunmayacaq. Məlumatlara görə, yeni tikilən obyektdə daha çox qidalar satılacaq.Ə

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …