Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Diqlas”da son durum – sahibkarların bir qismi ərazini tərk etmir (FOTOLAR)

“Diqlas”da son durum – sahibkarların bir qismi ərazini tərk etmir (FOTOLAR)

Ticarət mərkəzinin rəhbərlərindən olan Rasim Məmmədov “Obyekti o özü yandırıb” ittihamına cavab verdi…

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğından artıq 10 günə yaxın zaman keçir. Zərərçəkən sahibkarların, ticarətçilərin vəziyyəti necədir, hazırda nə edirlər ?

Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq  ticarət mərkəzinin qarşısına yollandıq. Müşahidə etdik ki, zərərçəkən ticarətçilərin bir qismi hələ də “Diqlas”ın qarşısını tərk etməyiblər.

Zərərçəkənlərin tələblərinə keçməzdən öncə son rəsmi məlumatlara diqqət edək. Belə ki, aprelin 2-də  İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yanğından zərərçəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur.

İqtisadiyyat Nazirliyindən bildirilib ki,  artıq ticarət mərkəzləri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib: “Bu razılığa görə, zərərçəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub. Artıq 20-yə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə ”Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub”.

Bildirilib ki, sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Lakin yanan  ticarət mərkəzinin qarşısında olduğumuz zaman söhbət etdiyimiz zərərçəkən satıcılar bildirdilər ki, onların başqa yerdə obyekt götürmək imkanları yoxdur. Söylədilər ki, hazırda banklara, lombardlara xeyli miqdarda borcları var . Buna görə də yenidən kredit  götürmək imkanında deyillər. Müşahidə etdik ki, ticarət mərkəzinin qarşısına toplaşan ticarətçilərin əksəriyyəti içəri keçib, mağazalarında nə qədər mallarının yanıb, nə qədərinin salamat olduğunu öyrənmək istəyirlər. Onlarla söhbətimiz zamanı bildirdilər ki, evlərindən çox bu ticarət mərkəzinə etibar edirdilər. Ona görə də pullarını belə mağazalarının içərisindəki xüsusi yerlərində saxlayıblar. Buna görə də içəri keçib, mağazalarına baxış keçirmək istəyirdilər. Ərazidə polis  və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xidmət aparırdılar. Onlar sahibkarların içəri keçmələrinə icazə vermirdilər. Söhbət etdiyimiz FHN əməkdaşı bildirdi ki, icazə olmayana qədər heç kəsin içəri girmək ixtiyarı yoxdur:

“Bildiyiniz kimi, məsələ ilə bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. Satıcıların içəri keçməsi, birincisi, mövcud izləri məhv edə bilər. İkincisi, içəridən oğurluq edən olar. Üçüncüsü də hələ binanın konstruksiyalarının hansı vəziyyətdə olması məlum deyil. Mütəxəssislər yoxlama aparıb, rəy verdikdən sonra zərərçəkənlərin hissə-hissə içəri buraxılması təmin olunacaq”.

Ticarət mərkəzinin qarşısında olan kiçik dükanların sahibləri isə öz mallarının yanmayan hissəsini daşıyırdılar. Eyni zamanda ticarət mərkəzinin qarşısındakı dükanların sökülməsinin də şahidi olduq.

Sahibkarların sözlərinə görə “Diqlas” yanan zaman hər kəsə böyük məbləğdə zərər dəyib. Lakin bildirilir ki,  ən çox zərəri gəlinlik paltarı satanlarla tikinti materialları mağazalarının sahibləri görüb.  Mağazanın 4-cü mərtəbəsində gəlinlik mağazaları olub. Özlərinin sözlərinə görə, burada 350 min manatlıq malı yanan da var, 50 min manatlıq gəlinlik paltarı yanan da.

Gəlinlik paltarı mağazasının sahibi olan Səadət Qəmbərova bildirdi ki, onun mağazada 73 min manatlıq malı yanıb:

“8 il idi ki, ”Diqlas”da gəlinlik paltarı satırdım. Demək olar ki, satıcıların çoxu burada elə ticarət mərkəzi istifadəyə verilən ildən işləyirlər. Ancaq təbii ki, hər kəsə dəyən zərərin məbləği eyni deyil. Hələ ki bizə heç bir kompensasiya ödənilməyib. Deyirlər ki, komissiya iş aparır. Eləcə də bizə dəyən zərərin miqdarını da soruşan, araşdıran olmayıb. Deyirlər ki, gözləyin, biz də gözləyirik. Ancaq içəri keçməyimizə icazə vermirlər. Şəxsən mənim içəridə 73 manatlıq malım yanıb. Mağazada ən ucuz gəlinlik paltarının qiyməti 600 dollar idi. Bu ticarət mərkəzində rəqibim yox idi. Elə gəlinlik paltarım yanıb ki, qiyməti 15 min manat olub. Kredit götürdüyüm lombardlara getdik, dedilər ki, faizi dondura bilmərik. İqtisadiyyat Nazirliyindən dedilər ki, biz ancaq banklara olan faizinizi dondura bilərik. Öz istəyimlə 5 aylıq bank faizlərini donduracaqlarını dedilər. İndi bizə mağazalar təklif edirlər ki, gedib işləyək. İnanın ki, mən bu ticarət mərkəzindən çıxanda cibimdə 6 manatım olub. Kassada pulum var idi. Ancaq içəri buraxmadılar ki, gedib götürəm. 10 gündür ki, bizim evdə yemək bişmir. Cibimizdə 1 qəpik yoxdursa, necə mağaza götürə bilərik?”

“Santexnika” mağazalarının sahibləri də bildirdilər ki, dövlət tərəfindən ayrılan vəsaitin verilməsini gözləyirlər. Satıcıların əksəriyyəti söylədi ki, bu günlər ərzində səhhətlərində ciddi problemlər olub. Hadisənin şokundan ayıla bilmirlər. Satıcılar arasında 30 min, 100 min, 150 min, 210 min manat və daha yüksək zərər gördüklərini bildirənlər də oldu.

Zərərçəkənlər hələ də ticarət mərəzindəki yanğının necə baş verdiyini düşünürlər. Onlarla söhbətimiz zamanı bildirdilər ki, ticarət mərkəzinin qısa müddət ərzində alışmasından şübhələniblər. Onların sözlərinə görə, ticarət mərkəzinin bu cür alışması heç də təsadüfi deyil.

Sahibkarlar bizə və bizdən öncə ərazidən reportaj hazırlayan mətbuat nümayəndələrinə də bildirmişdilər ki, ticarət mərkəzinin yanmasında “Diqlas”ın rəhbərlərindən olan Rasim Məmmədovun əlinin olduğunu düşünürlər. Onlar iddia etdilər ki, Rasim Məmmədov harada olursa, orada yanğın baş verir:

“Rasim Məmmədovu hadisədən bir gün sonra burada camaat döyüb, telefonunu sındırmışdı. O adam bundan öncə 8-ci kilometr bazarında işləyib. Onun çalışdığı müddətdə orada da yanğınlar baş vermişdi”.

Satıcılar hətta Rasim Məmmədovun xarici kəşfiyyat orqanlarına çalışdığını da iddia etmişdilər. Satıcılarla söhbətimiz zamanı Rasim Məmmədovun yaxınlıqda olduğunu müşahidə etdik. Ona jurnalist olduğumuzu söyləyəndə aşağıdakıları bildirdi: “İmkan verin camaatla söhbət edək, problemi yoluna qoyaq, ondan sonra danışaq da. Biz hazırda camaatla danışıqlar aparıb, vəziyyətdən çıxış yolları axtarırıq”.

Məmmədova ona qarşı ittihamların olduğunu, sahibkarlar tərəfindən ticarət mərkəzinin onun tərəfindən yandırılması ilə bağlı fikirlərin səsləndirildiyini söylədik. Cavabı aşağıdakı kimi oldu:

“Desinlər də. Yanğın bizə aid olan sahədən başlamayıb. Yanğın əks istiqamətdən başlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. İstintaq nəticəsində hər şey aydın olacaq”.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar: Elçin ƏKBƏROV

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …