Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Deputat Ağacan Əbiyev: “İslam dini hansı bir elmi kəşfə imza atdı?”

Deputat Ağacan Əbiyev: “İslam dini hansı bir elmi kəşfə imza atdı?”

Milli Məclisin deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib.

“Azərbaycan 24 xəbər” bildirir ki, dini təhsilə qarşı çıxan millət vəkili xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu deyib: “Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb, ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəssislər daha faydalıdır. Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə dini təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır. Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinə axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi”.

Deputat Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb:

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültədə oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib islam təhsili alan adamı mən qəbul etmirəm.

7-ci əsrdə islam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi. Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2000 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …