Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bir adamlıq daraldıq, Fuad Poladov…

Bir adamlıq daraldıq, Fuad Poladov…

Tahir Əkbərə məzar yeri tapılmadı. Atasının qəbrini qazıb, üstündə dəfn elədilər. 

İlham Əsgərovu ata yurduna apardılar, Bakıda qəbir yeri olmadı.

Zərnigar dörd divar arasında tənha öldü.

Səfurə psixloji problemlərin adlayıb bayıra çıxa bilmir.

Yaşarı içki öldürdü, mübahisə və hikkələr bir də.

Rasim Balayev boyda nəhəngi isə colma-cocuqlar küncə qısnayıb.

Adam bilmir sənətindən uzaqlaşmağının dərdini çəksin, səhətindəki problemləri aradan qaldırsın, yoxsa uşaq-muşaq əlində qalan yaxasını düzəltsin.

Yaşlanmaqdan qorxur sənət adamlarının böyük bir hissəsi bu ölkədə. Çünki yaşlanmaq “daha lazım deyisən” anlamına gəlir. Nə qəddarr dediyimiz kapitalizm quruluşunda belə sənət adamları bizdə olduğu qədər acı çəkmir, ağır yaşamır sonunu.

Bütün sahələrdə istedadı olan insanların əzabı göz çıxarır artıq. Niyə? Çünki istedadsız, vətən, millət, dövlət dərdi çəkməyən, hikkəsi, iddiası bacarıqlarından yekə, sənət, sənətkar, peşəkar dərdinə qalmayan xeyli adam külli ixtiyar sahibidir.

Fuad Poladovun bizə ehtiyacı yox idi. Fəxri adını da müstəqillik dönəmində almamışdı. O nə qazanmışsıda sovet Azərbaycanı mövcud olanda qazanmışdı. Sənətkar olaraq bizim ona ehtiyacımız vardı, onun bizə yox.
Biz vətəndaş, insan, tamaşaçı olaraq onu həmişə uca tutduq. Hətta aid olduğu nazirliklə problemlər yaşayanda. Bəzi riyakarlıqlarla üz-üzə qalanda da kimsə bu addan, Fuad Poladov adından və sənətindən imtina eləmədi. Fuad Poladov o xarakterlərdən idi ki, insanlar belələrinə həmişə ehtiyac duyur – sağlığında da, dünyadan köçəndə də…

Fuad Poladovu həmişə sevmişəm. Adam var, dirisi qədər, ölüsü də gözəldir axı. O belə sənətkarlardan idi. Üstəlik, böyük insan, nümunə, örnək, xarakteri, xarizması olan adamdır. Hərdən lap düşünmüşəm ki, haqsız olsa da haqlıdır bu adam. Amma gəl ki, sadalanan keyfiyyətlərin sahibi heç vaxt haqsız nəsə danışıb deməz. O, küsməsində də, kənara çəkilməsində də, kimsəni səhhətindəki problemlərlə narahat etməmək yolunu tutanda da haqlı idi.

Xərçəng onu çox dəyişmişdi fizioloji olaraq. O üzdən yaxın dostlarına – rejissor Ramiz Həsənoğluna, aktyor Rasim Balayevə demişdi ki, danışa bilmir, onu axtarmasınlar. Beləcə, səsi kəsilmişdi. Bir də aparıcısı olduğum verilişdə daha çox nədən qorxduğunu soruşmuşdum. Cavabında demişdi ki, vaxtım yetişən kimi aparsın məni Allah, yorğan-döşəkdən qorxuram, atam on il yataqda olub, görmüşəm əzabını. Sonra israrlı zəngimə, görüşmək istəyimə, bir cavabı gəldi “məni belə görmə, neynirsən, axtarma, qızım, çox pisəm”. Heç axtarmadım onu, incitməyə utandım…

Yəqin bir gün bütün sevib bu dünyadan yola saldıqlarım kimi sizi də görəcəm sevimli aktyor, böyük İNSAN. O günə qədər salamat qalın, sizə yaxşı yol. Özü də görün kimlər olacaq orda? Hökumə Qurbanova, Adil İsgəndərov, Həsənağa Turabov, Əlabbas Qədirov, Vaqif Səmədoğlu, daha kimlər, kimlər… Hə, bir də Vəfa Fətullayeva, sevimli, gözəl qadın, dəyərli aktrisa. Lap paxıllığı tutur adamın sizə. Sizin getdiyiniz yer bizim qaldığımızdan daha gözəl və zəngin olur hər gün bir az. Bu gündən daha o qədər ağrılarınız da olmayacaq. Dərdlərin bitdiyi evdir məzar. Adamın lap sizin kimi yaşayıb, sizin kimi köçməyi gəlir dünyadan, mərd-mərdanə, kişi kimi…

Ad çəkmədən, ünvan götstərmədən deyəcəklərim var bir də…

Əcəba, istedadları cəzali olan daha neçə ölkə var dünyada?..

Alqişdan məhrum elədiniz? Çoxunzun diri və pulu canıyla, ona qapatdığı zallarda elədiyiniz çıxışlardan daha gur alqışlandı cənazəsi…

Sındırdığınızı düşündünüz? Ümumiyyətlə yoxsunuz mənim üçün söylədi kişi kimi üzünüzə…

Dəyərdən samaq keçdi ürəyinizdən? Xərçəng mərəzinəcən ölkənin ən bahalı aktyor oldu…

Həmişə o seçdi. Çalışdığı teatrı da, çıxacağı səhnəni də, işləyəcəyi rejissoru da, oynayacağı əsərin ssenarisini də.

Sizin onu seçib-seçməmək kimi lyuksunuz olmadı.

Səhnələri qadağan etmək istədiniz? Səhnə və efirlər ondan vaz keçmədi heç zaman, həmişə gəlməsi üçün yalvardılar…

Adamları alçaltmaqdan, diri-diri gömməkdən vaz keçin artıq! Cənazənizin başına bir çadırlıq adam yığışdı bəlkə.
Fuad Poladovun yetmiş yaşı olur bir neçə gundən sonra. Yetmiş ilin hər gününü dopdolu yaşamış adam idi o. Böyük sevgi yaşadı. Gözəl ailə sahibi oldu. Tərbiyəli, xarakterli övladlar yetişdirdi.Vəfatından sonra da qoyduğu qaydalardan çıxmadı kimsə. Nə ailəsi, nə balaları, nə dostları. Ataları öz evindən son mənzilə yola salındı. “Qurd qapısı” məzarlığında dəfn edildi. Nə olursa bizə olur. Adamlar azalır, əziyyət çəkirik…

…”Sizi yetişdirən mühit imperiyanın son qırıntılarında özünü qoruya bilən adamlardan ibarət idi. indi tamam azalıb elələri. Yəni çərçivəniz daralıb. Çırpınmayın! Tərpənməyin! Çünki hər tərpənişdə o çərçivə daha artıq əzir, daha çox ağrıdır, qanadır”. Bir dost söyləmişdi iki-üç ay əvvəl. Fuad Poladovun gedişi o çərçivəni mənim kimilərə bir adamlıq da daraltdı. Bir adamlıq daha daraldıq, qısıldıq, balacalaşdıq, bir adamlıq daha…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …