Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Bakıda və regionlarda 500-dən çox məktəbin hələ də direktorsuz qalması ona görədir ki…”

“Bakıda və regionlarda 500-dən çox məktəbin hələ də direktorsuz qalması ona görədir ki…”

Bakıda 40-a yaxın məktəbin hələ də direktorsuz olması ilə bağlı xəbər cəmiyyətdə bütövlükdə təhsil sisteminin hələ də nizama salınmasının mümkün olmaması barədə rəy yaradıb. Haqlı olaraq bir çoxları belə düşünür ki, olmazmı direktorları məktəb kollektivi seçsin və bu həngaməyə son qoyulsun? Rayonlarda da oxşar vəziyyətdir. İcra başçısı təqdimat göndərir, nazirlik geri qaytarır, nazirlik təyin etmək istədiyini icra başçısı qəbul etmir. Nəticədə bu cür anormallıqdan təhsilalan da əziyyət çəkir, təhsilverən də… Moderator.az məsələ ilə bağlı tanınmış təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib:

“İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan təhsilində 2014-cü ildən təşkilati məsələlərlə bağlı ciddi şəkildə müsbətə doğru irəliləyişlər baş verib. Konkret olaraq təhsildə rüşvətə son qoyulması kimi məsələ meydana çıxarıldı. Sözsüz ki, söhbət orta ümumtəhsil məktəblərindən gedir. Təəssüf ki, ali məktəblərdə bununla bağlı hər hansı bir addım, irəliləyiş yoxdur. Söhbət ondan gedir ki, orta məktəblərdə müəllimlərin, məktəb direktorlarının əsassız tələbləri müəyyən qədər azalıb. Təbii ki, bu halın tam başa çatması mümkün deyil. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqənin özünü müsbət adlandırmaq olar. Ancaq seçim üçün 3 aylıq təlim kifayət deyil. Mən sizə statistik məlumatlar deyim. Bakı üzrə 310 məktəbdən 90-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 740-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu aşağı rəqəmdir. Təəssüflər olsun ki, hətta 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki məhz köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir. Ona görə ki, onlar da direktorla bərabər əməkhaqqından əlavə digər gəlirlər əldə edirdilər.Təhsil Nazirliyi çalışır ki, təhsil sisteminə yeni direktorlar daxil olsunlar və onlar müsabiqə və müsahib yolu ilə vəzifə tutsunlar. Müsabiqə yaxşıdır, obyektivdir, şəffaf keçirilir, amma seçilənlərin obyektiv və şəffaf olmaması nəticəsində onlar təhsilə, direktorluğa qazanc məqsədi ilə gəlirlər. Təhsil naziri də, birmənalı olaraq, seçim zamanı deyir ki, sizin fəaliyyətinizdə hər hansı bir neqativlik görsəm işdən azad ediləcəksiniz. Siz 1-2 il işlədiklərini deyirsiniz, ancaq məndə faktlar var ki, yeni təyin edilən bir neçə direktor 6 ay işlədikdən sonra onlarla bağlanan müqaviləyə xitam verilib. Çünki onlar da özlərindən əvvəlkilər kimi pul yığmağa başlayıblar. Yuxarı sinif şagirdlərindən pul alıb onların dərsdən yayınmasına şərait yaradırlar və qiymət yazırlar. Biz heç də deyə bilmərik ki, yeni qayda ilə seçilmiş direktorların hamısı Təhsil Nazirliyinin istədiyi kriteriyalara cavab verir. Xeyr. Yenə də mənfi hallar davam edir. Bu ona görədir ki, yalnız Türkiyədə, Azərbaycanda, keçmiş postsovet ölkələrində məktəb direktorları təyinat yolu ilə bu vəzifəni tuturlar. Avropa ölkələrində isə məktəb direktorları təyinat yolu ilə direktor olmurlar. Məktəblərdə menecerlik, direktorluq institutu olur. Yəni kiminsə direktor olması üçün o yalnız 5-10 illik təcrübəyə malik olmamalıdır, onda idarəçilik bacarığı olmalıdır. Bir çox direktorlar vəzifə adı üçün bu vəzifəyə gedirlər, onlar təhsili idarə edə bilmirlər. İdarəçilik bilik və bacarıqları aşağı səviyyədədir, onlar Əmək Məcəlləsinin tələblərini bilmirlər. Əmək Məcəlləsinin tələblərindən minimum anlayışlarının olmaması onların idarəçiliklə bağlı ciddi nöqsanlara yol verməsinə səbəb olur.Son illərdə həm paytaxt Bakıda, həmdə regionlarda 500-dən çox məktəbin hələ də direktorsuz qalması ona görədir ki, Təhsil Nazirliyi müasir tələblərə cavab verən, fəaliyyətini məktəbin, təhsilin inkişafına yönəldə biləcək kadrların tapılmasında əziyyət çəkir. Hələ də müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığı şübhə altına alır. Ümid edirəm ki, Təhsil Nazirliyinin elan etdiyi müsabiqə və müsahibəni uğurla keçənlər qısa müddətdə işə qəbul ediləcəklər. Ümumiyətlə son illərdə təhsilin idarəolunması ilə bağlı ciddi şəkildə kadr çatışmazlığı müşahidə olunur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …