Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / “Azercell”in keçmiş prezidentinin diplomu saxta çıxdı, ölkə qarışdı

“Azercell”in keçmiş prezidentinin diplomu saxta çıxdı, ölkə qarışdı

 “Azercell”in keçmiş prezidenti, bu yaxınlarda Moldovanın baş naziri seçilən Kiril Qaburiçin təhsil haqda sənədlərinin saxta olduğu üzə çıxıb. Nəticədə ölkədə böyük siyasi qalmaqal başlayıb.

Virtualaz.org saytı Moldova KİV-lərinə istinadən xəbər verir ki, cəmi ay yarım əvvəl baş nazir vəzifəsinin icrasına başlayan Qaburiçin bioqrafiyasını eşələyən jurnalistlər onun təhsil aldığı illərdə şübhəli “boşluq” aşkar ediblər.

Bu “boşluğun” izinə düşən jurnalistlər araşdırma aparıblar və məlum olub ki, Qaburiçin əslində tam orta təhsili yox imiş. Belə ki, 38 yaşlı baş nazir ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirib, yəni natamam orta təhsil alıb.

Bundan sonra jurnalistlərdə sual yaranıb: necə ola bilər ki, tam orta təhsili olmadığı halda Qaburiç ali məktəbə daxil olub? Nəticədə baş nazirin ali təhsil haqda diplomunun da saxta olduğu haqda şübhələr yaranıb.

Bu məsələnin mətbuata çıxmasından sonra Moldova siyasi elitasında əsl çaxnaşma yaranıb. Baş nazirin işini polis araşdırmağa başlayıb. Məlumata görə, artıq Qaburiçin təhsil aldığı göstərilən təhsil müəssisələrindən sənədlər araşdırma üçün götürülüb.

Bioqrafiyasına əsasən Qaburiç kənd məktəbindən sonra Kişinyovdakı mikroelektronika və hesablama texnikası kollecini bitirib, bu məktəbdən 1995-ci ildə məzun olub. Və 1997-ci ildə Moldova İqtisadi Biliklər Akademiyasını bitirib.

Qaburiçin “iqtisadçı” ixtisası üzrə ali təhsil diplomunu almasını təhsil naziri Mayya Sandu da izah edə bilməyib. Naziri bu qalmaqalla bağlı izahat vermək üçün parlamentə çağırsalar da o, müxalifətdən olan deputatların suallarına tutarlı cavablar verməyib.

Bildirilir ki, parlamentin iclasından pərt halda çıxan nazir öz şefinə – Qaburiçə məsləhət görüb ki, mümkün qədər tez müddətdə bu situasiyaya aydınlıq gətirsin.

Lakin Qaburiçdən hələ səs-soraq çıxmır. Mətbuat isə ehtimal edir ki, Qaburiçin təhsil aldığı məktəblərdən sənədlərin götürülməsi əslində araşdırma məqsədi güdmür və ola bilsin fırıldağın izlərini itirmək üçündür. Hələlik hakim koalisiya onu “xərcləməyə” hazırlaşmır.

Qaburiç Moldova siyasətində qəfildən peyda olub. Onun namizədliyini Liberal-Demokrat Partiyasının lideri, keçmiş baş nazir Vladimir Filat irəli sürüb. Qaburiç Filatın biznes ortağıdır. Hesab edilirdi ki, korrupsiyalaşmış Moldova siyasi elitasında Qaburiç “təmiz imicə malik adam” kimi suallar doğurmayacaq. Ancaq belə çıxır ki, onu yaxşı tanımayıblar.

Moldovadan “Antimafiya” vətəndaş cəmiyyəti hərəkatının lideri Serjiu Mokanu bu suala cavab verməyə çalışır: necə ola bilər ki, Moldovada təhsil haqda sənədləri şübhə doğuran biri baş nazir olsun?

“Mənim fikrimcə, artıq şübhə yeri qalmayıb. Aydındır ki, bizim baş nazirin tam orta təhsili yoxdur və onun sübut edə biləcəyi ancaq 9-cu sinfi bitirməsidir. Görünür, Moldovanın hakim “mafiyası” bunu əvvəlcədən bilib və Qaburiçin attestatının olmamasını əllərində ona qarşı “kozır” kimi saxlayıblar. O, şantaj olunandır, əlaltıdır və bu səbəbdən də baş nazir oldu”- deyə S.Mokanu “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.

S.Mokanu hesab edir ki, attestatı saxtalaşdırdığı üçün Qaburiç cinayət məsuliyyətinə cəlb edilməlidir. Baş nazirin istefasına gəldikdə isə “Antimafiya” hərəkatının lideri hesab edir ki, ictimaiyyətin təzyiqləri olmasa, hakim koalisiya onu istefaya göndərməz.

Kiril Qaburiç 2012-2014-cü illərdə “Azercell”in prezidenti olub. Bundan əvvəl “Moldcell”ə rəhbərlik edib. O, Moldovanın keçmiş prezidenti, kommunistlərin lideri Vladimir Voroninə yaxın biznesmen hesab edilir. Voronin Azərbaycanın nəqliyyat nazirinin müavini, Dövlət Dəmir Yollarının keçmiş rəhbəri Musa Pənahovla qudadır.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın