Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycanda qış turizmi – kimlər maraq göstərir?

Azərbaycanda qış turizmi – kimlər maraq göstərir?

“Rəqabətliliyin artmasının nəticəsi olaraq ümumən ölkəyə gələn turistlərin sayı artır; sahibkarlar da, dövlət də qazanır” – ekspert

Qış fəslinin gəlməsi, turizm ölkələrində həm də qış turizminin başlaması deməkdir. Azərbaycanda da qış turizmi ilə bağlı son zamanlar xeyli işlər görülür. Bəs görülən işlərin nəticəsində Azərbaycana turist axını hansı səviyyədədir?

Azərbaycan Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub. Agentlik tərəfindən verilən məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Daha çox səyahətçi Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.

Turizm üzrə ekspert Elxan Vəliyev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda qış turizmi ilə bağlı hər bir şey qaydasındadır:

“İstər xarici qonaqların gəlməsi, istərsə də yerli əhalinin bölgələrə axın etməsi baxımından böyük hərəkətlilik var. Hazırda biz qış mövsümünün açılmasını gözləyirik. Lakin digər vaxtlarda da artıq müəyyən hərəkətlilik yaranır. Bunun da əsas səbəbi hər rayonda özünə xas festivalların keçirilməsidir. Lənkəranda, Qaxda, Göyçayda və digər bölgələrimizdə festival keçirilir ki, bu da ümumi işin mənfəətinə təsir göstərən amillərdəndir. İkinci tərəfdən də hər rayonda yetişdirilən meyvələrə görə xüsusi bağlar var ki, bu da turistlərin marağına səbəb olur. Bu il qışın sərt keçəcəyi bildirilir və artıq indidən bölgələrə, dağlara qar yağıb. Gözlənilir ki, qış turizmində hərəkətlilik olacaq. Ümumiyyətlə, son 1-2 ildə bu sahədə irəliləyişlər müşahidə olunur. Təkcə dövlət deyil, özəl turizm şirkətləri də bu istiqamətdə fəaliyyətlərini gücləndiriblər. Yəni artıq bu sahədə olan hər kəs gəlir əldə etmək üçün lazımi tədbirləri görürlər. Yerli turizm şirkətləri mövsümdən öncə də lazımi tədbirləri, reklam işlərini qurub,  turist cəlb etməyə çalışırlar. Bu, yüksək səviyyədə olmasa da, ən azından işlər aparılır. Bütün baş verənlər isə sonucda Azərbaycana səfər edən turistlərin sayını, daxil olan valyutanın miqdarını artırır. Dekabr ayının 16-da artıq ”Şahdağ” turizm kompleksinin mövsümi açılışı olacaq. Eləcə də Qəbələdə də açılış gözlənilir. Hesab edirəm ki, bu, uğurlu alınacaq. Artıq bu ərazilərə qar da yağıb, lazımi şərait mövcuddur”.

Elxan Vəliyev ile ilgili görsel sonucu

Ekspert bildirib ki, artıq ərəblərlə bərabər, digər ölkələrdən də Azərbaycana gələnlərin sayında artım var: “Həm Rusiyadan, həm də Avropadan Azərbaycana səfər edən turistlərin sayının artmasının səbəbləri sırasında yeni hotellərin tikilməsi dayanır. Eyni zamanda mətbuatda dəfələrlə bildirilirdi ki,  turizm zonalarında hotellərlə bərabər, hostellər,  turistlər üçün kiçik və günlüyü daha ucuz olan evlər tikilsin. Artıq demək olar ki, bu istiqamətdə də işlər  aparılır. Buna görə də xarici qonaqların qarşılanması üzrə, deyərdim ki, Azərbaycanda hər bir imkan var. Hər bir zonada turizm informasiya mərkəzinin fəaliyyət göstərməsi də yaxşı haldır. Qarşılıqlı surətdə işlər aparılır. Bir yerdə  ki, gəlir parametr rolunu oynayırsa, hər kəsə maraqlı olur ki, işi maksimum inkişaf etdirib, daha çox gəlir əldə etsinlər. Buna görə də turizm şirkətləri heç də bu sahənin inkişafında dövlətdən az maraqlı deyil. Son zamanlar xeyli sayda turizm şirkətləri açılıb. Bu isə rəqabətliliyin artmasına gətirib çıxarır. Rəqabətliliyin artması isə ortaya daha yaxşı işin çıxmasına səbəbdir və bunun nəticəsi olaraq da ümumən ölkəyə gələn turistlərin sayı artır, sahibkarlar da, dövlət də qazanır. Bu zəncirvari inkişafı bu gün görməkdəyik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …