Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Aprel şəhidimizin atası: “Ən şirin məqamlarda belə oğlum yadıma düşür…”

Aprel şəhidimizin atası: “Ən şirin məqamlarda belə oğlum yadıma düşür…”

 “Oğlum, xoş gəlmişsiniz. Sizin Kamranın təhsil haqqı məsələsindəki köməyinizi heç vaxt unuda bilmərik. Həmişə Kamrana deyirəm ki, zəng vurub sizi bizə qonaq çağırsın”.

Şəhid anası biləndə ki, Elşən aprel döyüşlərində oğlu Hüseynlə birlikdə yaralanıb, gözləri doldu:

“Elşən, heç Hüseynin son nəfəsdə nəsə dediyini eşitmədinmi?”

Elşən bildirdi ki, onlar ayrı-ayrı ərazilərdə eyni vaxtda yaralanıblar:

“Təranə xanım, yarım saat öncə Lələ təpədə Hüseyngil şəhid oldular və sonra mən yaralandım. Ondan sonra heç nə xatırlamıram. Bir də gözlərimi açanda gördüm ki, hospitaldayam”.

 Şəhid anası deyir ki, artıq bayramlarda heç nə bişirmir: “Hüseyn həmişə bayramlarda zəng vurub evə nə lazım olduğunu soruşurdu. Nə lazım olurdusa, hər şeyi alıb göndərirdi. Gəlinim yoxdu deyə, evdə olanda mənə kömək edirdi. Ondan sonra hər şey yarımçıqdı”.

 Şəhidimizin atası Zeynal kişi də oğlundan sonra yaşamağa çalışdığını bildirdi:

“Nə etsəm, yadımdan çıxmır. Ən şirin məqamlarda belə Hüseyn yadıma düşür, fikirli oluram. 2016-cı il aprel döyüşləri zamanı xəbər tutdum ki, Hüseyn döyüşdədir. Kürəkənim də zabitdir və o da döyüşürdü. Oğlum Rəsul da Tovuzda hərbi xidmətdə idi. Nəsə olacağını sanki hiss etmişdim. Aprelin 3-də özümü yaxşı hiss etmirdim, narahat idim. Aprelin 4-də xəbər gəldi ki, Hüseyn şəhid olub. Hazırda oğlum Rəsul da hərbi xidmətdə əsgərdir. Allah şəhid ailələrimizə səbr versin”.

Xatırladaq ki, aprel döyüşləri zamanı Biləsuvar rayonundan üç hərbçimiz MAXE Murad Məmmədov, MAXE Hüseyn Dəmirli və əsgər Fərahim Novruzov şəhid olub. Hər üç hərbçimiz ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunublar.

Sonda şəhidimizin ailəsinə başsağlığı verib, getmək üçün izn istədik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …