Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Allahverdi Bağırovun qəbri dağıdılıbmı?

Allahverdi Bağırovun qəbri dağıdılıbmı?

Rey Kərimoğlu: “Bu, növbəti erməni məkridir”; Aqil Abbas: “Xalqın əsəbləri ilə oynayırlar”

Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun baş daşının ermənilər tərəfindən dağıdılması ilə bağlı xəbər  sosial şəbəkələri çalxaladı. Ermənişünas İsmayıl Tanrıverdinin facebook səhifəsində yazdığına görə, bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və orada param-parça ediblər.

Qaziler.az saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Ailədən bildiriblər ki, ümumiyyətlə, Allahverdi Bağırovun başdaşı olmayıb. Sadəcə, digər şəhidlər kimi onun da baş daşı dəmir lövhədən ibarət olub.

Məsələ barədə “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, bu, növbəti erməni məkridir: “Bir neçə ay əvvəl belə məlumat yayılmışdı ki, guya Allahverdi Bağırovun erməni dostu ona baş daşı qoydurub. Xankəndində dağıdılan baş daşı da həmin baş daşıdır. Mən də o vaxt yazdım ki, ermənilər çox hiyləgər, məkrli, ləyaqətsiz millətdirlər. İnanmıram ki, Allahverdiyə baş daşı qoyalar. Yox, əgər ediblərsə, bunun arxasında onların məkri var. Çox keçməz, görərsiniz. Budur, gördük! Onlar doğrudan da Allahverdiyə baş daşı qoyublarsa, sonra onu götürüb Xankəndində dağıdıblarsa, bizə qarşı onların şərəfsizliyidir. Bizim şəhidlərimiz Allahverdinin də, Allahyarın da, Ramizin də, çoxunun qəbri Ağdamdadır. Onsuz da ermənilər onların qəbrini o vaxt dağıdıb, yoxdur artıq. Təzədən ona baş daşı qoyub dağıtmaq bir daha bizi sındırmaq, bizi alçaltmaq məqsədi güdür. Təəssüflər olsun ki, bizimkilər də bunu yayırlar”.

Rey Kərimoğlu ile ilgili görsel sonucu

R.Kərimoğlu hazırda müxtəlif kanallar vasitəsilə dəqiqləşdirmə apardırlarını deyir: “Bəzi dostlarla da danışmışam. İlham İsmayıl belə bir ehtimal irəli sürdü ki, bu, Paşinyana qarşı da oyun ola bilər. Çünki Köçəryan bu yaxınlarda həbs ediləndə deyib ki, azərbaycanlılara mənim həbsimdən artıq sürpriz ola bilməzdi. Sərkisyanın vəziyyəti də yaxşı deyil. Paşinyanı zərbə altında qoymaq üçün azərbaycanlı döyüşçünün qəbrinin təhqir olunması məsələsini ortalığa ata bilərlər. Bu da, sadəcə, variantlardan biridir. Variantlardan biri erməni təxribatıdır. Amma mən təxribat variantına inanmıram. Təxribat deyəndə nə edəcəkdik ki? Guya müharibə edəcəkdik? Müharibə edən olsaydıq, torpaqlarımız neçə ildir işğaldadır, indiyə qədər edərdik də… İndi bir qəhrəmanın məzarı təhqir oluncamı müharibə edəcəyik?! Ona görə də təxribat versiyası inandırıcı deyil. İnandığım budur ki, erməni yalanı, erməni uydurmasıdır. Hamını da bu uydurmaya inanmamağa çağırıram. Azərbaycanın 215 Milli Qəhrəmanı var. Onların hərəsinin öz yeri var. Allahverdi da elə-belə insan olmayıb. Şəxsiyyətli insan olub. Qarabağda, Azərbaycanda böyük nüfuzu olub. Bizim üçün o, çox dəyərlidir. Dəyərlərimizi aşağılamaq cəhdi var. Videoda Xankəndində dağıdılan baş daşının kimə məxsus olduğu bilinmir. Uzaqdan ad-filan görünmür. Bəlkə də adi baş daşıdır, kimsənin deyil”.

Deputat Aqil Abbas ile ilgili görsel sonucu

Deputat Aqil Abbas bildirdi ki, baş daşındakı şəklə baxıb: “Allahverdini mən uşaqlıqdan tanıyıram. Baş daşındakı Allahverdinin 25-26 yaşındakı şəkli idi. Adını da rusca yazıblar. Necəsini, niyəsini deyə bilmərəm, amma bildiyimiz kimi, Allahverdinin baş daşı dəmir lövhədən ibarət olub. Amma mən başqa məsələyə toxunmaq istəyirəm. İnsanların əsəbləri ilə oynayırlar. Bir erməni Bakıya gəlib oxuyur, dalınca Allahverdinin baş daşı dağıdılır. Ağdamda üç şəhidlik qəbiristanlığı vardı. Biri Qarahacıda, biri şəhərin içində, axırıncısı da Uzundərədə idi. Biri dolurdu, təzəsi lazım olurdu. Uzundərədə dolub qurtaranda Ağdam alındı, dördüncüyə ehtiyac qalmadı. Onların məzarı və baş daşları ona görə dağıla bilməz ki, o məzarlar və baş daşları onları tanıyan və sevənlərin ürəyindədir. Allahverdinin qəbri mənim ürəyimdədir. Digər şəhidlərin, anamın və qardaşım qəbri də eləcə. Onların qəbri mənim, sənin ürəyindədir. Onu oradan kim qopara, o baş daşını kim dağıda bilər? Mümkün deyil! Onların baş daşları və qəbirləri onları tanıyanlar, onları sevənlər öləndən sonra dağılacaq – bizlər özümüz baş daşına çevriləndən sonra. Onların baş daşının dağılmaması, ruhlarının ölməməsi üçün Qarabağı azad etmək lazımdır. Baltamızı, dəhrəmizi götürüb, çıxaq gedək Ağdama, Şuşaya. Vəssalam! Yoxsa xalqın əsəbləri ilə oynayırlar. Xalqda əsəb də qalmayıb”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …